Rusiya Ukraynada üzləşdiyi məğlubiyyəti Qarabağda ört-basdır etməyə çalışır

Rusiya hazırda "nə əldən qoyur, nə də yardan doyur" prinsipi ilə yaşayır. Artıq iki həftədir ki, başladığı Ukrayna təcavüzü və bu ölkəni işğal etmək arzusunu reallaşdıra bilmədiyindən yaralı şir kimi sağ-sola hücum çəkir. Hərçənd Rusiyanı şirə bənzətmək də doğru yanaşma deyil. Çünki bu ölkə hər zaman ayı xislətindən irəli gələrək qonşularına, yaxın-uzaq ölkələrə qarşı addımlar atıb.

Qeyd etdiyimiz kimi Ukraynada gözlənilməyən zərbə alan Rusiya sağa-sola hücum çəkir, öz varlığını, indiyə qədər mif kimi görünən, reallıqda isə heç də elə olmayan gücünü qafqazlarda sərgiləməyə başlayır. Təbii ki, bu coğrafiyadakı forpostu Ermənistan vasitəsilə. Hələ bir neçə gün əvvəl, Ukraynada işğala başladığı saatlarda Kreml rəhbərinin Ermənistanın baş naziri Nikol Paşinyana zəng etməsinə diqqət çəkən ekspertlər qeyd etmişdilər ki, bu sıradan bur zəng deyil və tezliklə Ermənistan yenidən dövlət sərhədində vəziyyəti gərginləşdirəcək. Gözlənildiyi kimi də oldu və artıq bir neçə gündür ki, düşmən dövlət sərhədində ciddi təxribatlara əl atır, demək olar ki, bütün sərhəd boyunca şəhər və rayonlarımızı atəşə tutur. Özü də Rusiya "sülhməramlılarının" gözü qarşısında. Ermənistanın təxribatlarının məhz Rusiya "sülhməramlıları"nın gözü qarşısında baş verməsi Azərbaycan cəmiyyətində haqlı etiraz, eyni zamanda irad formalaşdırıb ki, "sülhməramlılar" sərhəddə vəziyyətə nəzarət edə bilmir və Ermənistandan təxribatlara son qoymağı tələb edə bilmirlərsə, o halda onların regionda olması nəyə lazımdır. Daha dəqiq desək Rusiya "sülhməramlıları"nın Qarabağda olmasından olmaması daha yaxşıdır. Çünki "sülhməramlılar" Qarabağda olduqları müddət ərzində regionda sülh, sabitlik yaratmaq əvəzinə, daha çox erməni maraqlarına xidmət edən addımlar atıblar. Elə əksər siyasilər və ekspertlər də bu qənaətdədirlər.

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova hesab edir ki, Rusiya Ukraynada üzləşdiyi məğlubiyyəti Qarabağda ört-basdır etməyə çalışır: "Rusiya Ukraynaya işğalçı yürüş etdi və orada da məğlub olur. Rusiya niyə Ukraynadakı məğlubiyyətini Qarabağla ört-basdır etmək istəyir? Rus qoşunlarının Ukraynada acınacaqlı vəziyyətə düşməsindən sonra Qarabağ cəbhəsində də vəziyyət pisləşdi. Buradan da belə sual ortaya çıxır ki, hər dəfə Rusiyanın hansısa səhv addımının cavabını Azərbaycan ödəyəcək?". Partiya rəsmisi deyib ki,  Putin Ukraynaya işğalçı yürüş etməklə çox böyük səhvə yol verdi: "Amma bunun Azərbaycanla əlaqəsi yoxdur. Hər bir ölkə etdiyi hər səhvə də, düzgün addıma da cavabdeh olmalıdır. Əgər ölkə atdığı addımlara başqa ölkələr hesabına cavab vermək istəyirsə, onda o ölkənin gələcəyi də yoxdur. Bildiyimiz kimi cəbhədə vəziyyət yenidən gərginləşib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərimizi atəşə tutub. Hər dəfə deyirik yenə də deyək. Bəs ermənilər sülhməramlıların yerləşdiyi ərazidən Azərbaycan üçün təhlükə olacaqdırsa, onda sülhməramlıların torpaqlarımızda nə işi var?".

Könül İsmayılova bildirib ki, şəhidlərimiz qanı bahasına torpaqlarımızı azad etdi. İndi o torpaqlardan ordumuz atəşə tutulur: "Bu hala niyə sülhməramlıların komandiri səssiz qalır? Əgər sülhməramlılar komandirdən əmr almasalar oradakı ermənilərə də atəş açmağa icazə verməzlər. Belə oıan halda bizə sülhməramlılar lazım deyil. Artıq onların Qarabağdan çıxarılmasının vaxtıdır. Qarabağdakı Rusiya sülhməramlılarının bir qisminin Laçın dəhlizi ilə Azərbaycan ərazisini tərk etdiyinə dair görüntülər yayılıb. İddia olunur ki, Rusiya sülhməramlılarının bir hissəsi Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarılır. Buradan da görünür ki, sülhməramlı ancaq onların adıdır. Əslində onlar işğalçı ölkənin işağalçı qoşunlarıdır".

MMP rəsmisi ümid edir ki, 30 il müddətində işağlda olan torpaqlarımızı düşməndən azad edən ordumuz Xankəndinə, Xocalıya da bayrağımızı sancacaq: "Bu gün də çox uzaqda deyil. Xankəndimiz, Xocalımız da azad edilməlidir. O torpaqlar da öz doğma sakinlərini gözləyirlər. Onsuz da Azərbaycan ordusu Ermənistan ordusunu 44 günlük Vətən müharibəsində məhv etdi. Onların indi nə ordusu, nə də silahı var. Qalib ölkənin ordusu və vətəndaşı olaraq bütöv Azərbaycan olacağımıza inanırıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31