“Hazırkı "beşinci kolon" öz sahiblərinin etimadını doğrultmur
10 Mart 2022 10:42 SiyasətÖlkədə həyata keçirilən siyasi islahatlar öz nəticəsini verib
İki il bundan öncə, 2020-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. O zaman dövlət başçısı parlamentdə dərin məzmunlu və əhatəli çıxış etdi. Qeyd etdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, Milli Məclisin işini təkmilləşdirməkdir. Belə bir vacib məqam da diqqətə çatdırılmışdı ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət kifayət qədər yüksək olmuş və Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Millət vəkili Kəmalədddin Qafarov qeyd edib ki, altıncı çağırış Milli Məclis bir çox partiya deputatlarının təmsil olunduğu məclisdir.
.jpg)
Bu da onun nəticəsidir ki, ölkədə həyata keçirilən siyasi islahatlar öz nəticəsini verib və seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər: "Ölkə Prezidentinin öz çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycanın siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqam vurğulanıb. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilmişdir. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Bu gün müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar. Bu, çox mühüm məsələdir və bir daha onu göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Prezident Administrasiyasının nümayəndələri mütəmadi olaraq bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirirlər. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. Ulu Öndər Heydər Əliyevin "Vətənpərvərlik insanın canından, qanından gəlməlidir. "Hər kəs bu Vətənin övladıdır və hər kəs bu vətənə borcludur" fikri bu gün gəncliyin əsas amalına çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında bu məsələ ilə bağlı söylədiyi fikirlər də bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənəprvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir. Dövlət başçısı qeyd edib ki, milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması ilə bağlı qanunvericilik bazası daha geniş olmalıdır. Azərbaycanın əhalisinin əksəriyyəti gənclərdir. Ölkəmizdə demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində qanunvericilikdə yeni addımlar atılmalıdır".
Onun sözlərinə görə, son illər xalqın ölkədə özünü müxalifət adlandıran və tamamilə biabırçı şəkildə fəaliyyətini davam etdirən qruplaşmadan əli tam üzülüb, onlara heç bir inam qalmayıb. Ona görə də ölkə xaricindəki məkrli qüvvələr yeni "beşinci kolon"un yaradılmasına çalışırlar: "Hazırkı "beşinci kolon" öz sahiblərinin etimadını doğrultmur. Bu kolon Azərbaycanda nə çevriliş, nə də "inqilab" edə bilib, xalqın dəstəyini qazanmayıb, ancaq onlara müntəzəm olaraq verilən pulları mənimsəyib, beləliklə, öz havadarlarını pis vəziyyətə qoyublar. Dövlət başçısının vurğuladığı kimi, bu gün dünyada elə bir siyasi qüvvə yoxdur ki, Azərbaycana nəyisə diktə etsin, yaxud hansısa qərarı qəbul etdirsin. Nə qədər ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursu ilə idarə olunur, bütün sahələrdə inkişafını davam etdirəcək, belə xam xəyallara düşənlər isə hökmən uduzacaqlar. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da sanksiyalarla hədələmək mümkün deyildir".
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixli ilk iclasındakı çıxışında bir çox vacib məqamlara toxunmuşdu:
.jpg)
"Qeyd etmək lazımdır ki, islahatlar siyasətinin təkmilləşdirilməsi və Milli Məclisin işinin daha keyfiyyətli təşkil edilməsi üçün növbədənkənar seçkilərin keçirilməsi vacib amillərdən biri idi. Artıq Azərbaycan parlamenti bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlamentdir. Hazırda Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalif partiyaların nümayəndələri də təmsil olunur. Avropa İttifaqının VI çağırış Milli Məclis seçkilərinin nəticəsinə dair verdiyi beynəlxalq qiymət seçkilərin tanınması üçün obyektiv bəyanatdır. Onu da qeyd edək ki, ölkədə aparılan islahatlar mühüm xarakter daşıyır. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, o cümlədən digər dövlət orqanlarında yaranan arzuolunmaz mənzərənin aradan qaldırılması üçün mütəmadi kadr islahatları aparılır. Bu islahatlar prosesi Milli Məclisdən də yan keçə bilməzdi. Parlamentdə aparılan islahatların əsas mahiyyətlərindən biri də Milli Məclisin mənəvi cəhətdən qüsursuz olmasını təmin etmək idi. Hazırda iqtisadi islahatların dərinləşməsi, siyasi sistemin gücləndirilməsi və milli dəyərlərimizin qorunması istiqamətində yeni qanunvericilik təşəbbüsləri irəli sürülür. Siyasi sistemi möhkəmləndirmək üçün siyasi islahatlar partiyalararası geniş dialoqlar aparılaraq həyata keçirilir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Xalqla daha sıx təmasda olaraq parlament iqtisadi sahədə görülən işlərlə bağlı öz rolunu artırmağa çalışır.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclər olduğunu nəzərə alaraq onların milli və vətənpərvərlik ruhunda tərbiyə alması, asudə vaxtlarının səmərəli təşkili və onların fəal işlərə cəlb edilməsi istiqamətində qanunvericilikdə yeni addımlar atılır. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir və radikalizmə qarşı mübarizə daha geniş aparılır. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak edirlər". Onun sözlərinmə görə, Azərbaycan daxili siyasətlə yanaşı xarici siyasətdə də uğurlu nəticələr əldə etməkdədir. Ölkəmizin Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb: "Azərbaycan müsəlman aləmində və türkdilli dövlətlərlə əməkdaşlığı istiqamətində, o cümlədən qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlərdə böyük nüfuza sahibdir. Bütün bunlarla yanaşı qarşıda çox mühüm vəzifələr durur. Bu hədəf və məqsədlərə çatmaq üçün cəmiyyətin hər bir üzvünün səylə çalışmasına ciddi ehtiyac var".
Alim