Xankəndidə Azərbaycan bayrağı dalğalanacaqmı?

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirkləri Qarabağ torpaqlarında fəaliyyəti və fəaliyyətsizliyi Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmaqdadır. Dəfərlərlə edilən müraciətlərə əhəmiyyət verməyən rus qoşunlarının, onun komandanlığının çalışmaları Qarabağda qalmış erməni terror şəbəkəsinin tör-töküntülərini həvəsləndirir. Nəticədə terrorçular Ağdamda, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə və s. ərazilərdə Azərbaycan hərbiçilərinə, mülki şəxslərinə qarşı terror-təxribat əməlləri həyata keçirirlər.

Bundan başqa 2020-ci ilin noyabrından bəri Laçın dəhlizi vasitəsilə Azərbaycanla razılaşdırmadan Xankəndi və ətraf ərazilərə gələn Ermənistan vətəndaşı olan ermənilər, o cümlədən xarici ölkə vətəndaşları da rəsmi Bakının sərt etirazları ilə qarşılaşırdı. Lakin Ermənistan, Qarabağdakı separatçılar etirazlara əhəmiyyət verməyərək əməllərini davam etdirirdilər. 

Bütün bunları nəzərə alan Azərbaycan Nazirlər Kabineti "Laçın dəhlizi"ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və xarici dövlət orqanlarına məktub ünvanlayıb. Rəsmi Bakı BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlayıb. 

Əlbəttə 30 il ərzində edilən müraciətlərin, aparılan danışıqların, verilən bəyanatların deyil ordumuzun torpaqları işğaldan azad etməsi bir faktdır. Lakin əgər bu müraciət və siyasi-diplomatik proseslər olmasaydı uyğun şərait yetişməzdi, ordumuz da son nöqtəni qoya bilməzdi. O baxımından Azərbaycanın "Laçın dəhlizi", Xankəndi və ətraf ərazilərlə bağlı son dövrlərdə aktiv addımlar atması da hansısa hərbi müdaxilə məqamlarına hesablanmış ola bilər.

Nəzərə alsaq ki, Rusiya Ukraynadakı hərbi təcavüzlə hegemon dövlət statusunu, dünyadakı olan-qalan imicini, gücünü itirməkdə və təklənməkdədir, o zaman rəsmi Bakının yaranmış fürsəti dəyərləndirmək istəyi təbiidir. Xankəndi və ətraf ərazilərlə bağlı Azərbaycanın son dövrlərdəki aktivliyi, ermənilərə edilən müraciətlər, himnimizin, azanın səsgücləndricilər vasitəsilə verilməsi suveren ərazilər üzərində hakimiyyəti tam olaraq bərqərar etməyə hazırlıq da sayıla bilər. Əgər Azərbaycan fürsətdən yararlana bilsə son zərbəni vurmuş olacaq və ərazisindəki seperatçı ünsürləri təmizləyəcək, Xankəndidə bayrağımızı dalğalandıracaq.

Mübariz Göyüşlü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31