Rusiya "müttəfiqlik" bəyannaməsinin bəndlərini ilk gündən pozmağa başladı-Politoloq
9 Mart 2022 12:43 Siyasət"Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu qeyd etdikdən sonra Rusiya "sülhməramlı" qüvvələrinin məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələrinin mütəmadi təxribatları artıb. Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasəna qarşı çıxaraq vəziyyəti böhrana yuvarlamağa çalışır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Rusiya arasında ötən ay imzalanan "müttəfiqlik" adlanan Moskva bəyannaməsinin bəndlərini ilk gündən Moskva pozmağa başladı: "Birinci, Bəyannamənin imzalanamsından bir neçə saat sonra tarixi Türkmənçay müqaviləsi ilə bağlı qeydində Rusiya XİN Azərbaycan ərazilərini Şərqi Ermənistan adlandırdı. İkinci, Qarabağda general Volkovun komandanlığı altında Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini Azərbaycan mövqelərinə atəş açmağa təhrik edir. Ümumi situasiyanı gərginləşdirməyə çalışır. Üçüncüsü, Rusiya Müdafiə Nazirliyi Ukraynada qondarma respublikalara Azərbaycan ərazisindən qondarma Dağlıq Qarababağ Respublikası ifadəsi işlətməklə humanitar yardım edildiyini vurğuladı. Bu, onu göstərir ki, Rusiya tərəfi konkret olaraq Azərbaycana qarşı təzyiqlər edir. Həmçinin özünün imza atdığı Moskva Bəyannaməsinin bəndlərini pozur. Rusiyanın Qarabağda siyasəti və buradakı fəaliyyəti Azərbaycanın suverenliyini və təhlükəsizliyini təhdid etməkdədir. Rusiya hərbiçiləri situasiyanı o qədər gərginləşdirib ki, Azərbaycan Müdafiə Nazirliyi təxribatlara sərt cavab verilməsini tapşırdı. Qarabağda Azərbaycan ordusu silahlı erməni birləşmələrinin möhkəmlənməsinə imkan verməməlidir".
Onun sözlərinə görə, baş verənlər göstərir ki, Rusiya Ukrayna labiritində məğlub olacaqsa, Qarabağdan çıxması mümkün olacaq. Və Azərbaycan anti-terror əməliyyatı apara bilər. Amma, Ukraynada qalib gələcəksə, Azərbaycanın müstəqilliyini təhdid edəcək. Qarabağda yenidən prosesləri alovlandıracaq: "Preventiv siyasi addımlar atmaq, təhlükəsizliyi təmin etmək, riskləri önləmək üçün Türkiyə ilə addımlar atmaq mütləqdir. Artıq Prezident İlham Əliyevin Türkiyəyə səfəri bat tutur. Bu səfər regionda baş verənlərlə bağlıdır. İsrail prezidenti də Türkiyədə olacaq. Türkiyə-Azərbaycan və İsrail tandeminin formalaşması mümkündür. Azərbaycanın təhlükəsizliyinin təmini daha da qabarıq şəkildə üzə çıxıb. Artan risklər və Rusiyanın təhdidləri fonunda Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını labüd edir. Bunun üçün hərbi doktrinada dəyişiklikər mütləqdir".