“Putin Zelenskiyə minnətçi düşə bilər”-Politoloq
9 Mart 2022 10:33 Siyasət"Rusiya və Ukrayna dövlət başçılarına istinadən verilən son məlumatlar çox yaxın zamanlarda atəşkəsin əldə olunması barədə ümidləri artırır. Vladimir Zelenskinin Amerikanın " ABS news" telekanalına müsahibəsində "Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik" - deməsini ilk işarə kimi qəbul etmək olar. Onun NATO-ya qarşı marağının soyumasını dilə gətirməsi isə münaqişədə yeni şəraitin meydana gəlməsindən xəbər verir. Görünən budur ki, Ukrayna tərəfi Rusiyaya mövqeyinin yumşalması barədə müsbət mesajlar verir". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiya ilə danışıqlar masasına oturmağın vacibliyini Zelenskinin ətrafındakılar da büruzə verməyə başlayıb. Belə ki, Ukrayna Prezident ofisinin müşaviri Podalyuk da NATO-nun ölkəsini qəbul edə bilmədiyini elan etdiyi indiki halda Ukraynanın təhlükəsizliyinə ciddi hüquqi zəmanət verildiyi təqdirdə neytral status haqqında danışıqlara hazır olduqlarını bəyan edib: "Deməli, Rusiyanın tələb etdiyi məsələlər barədə Ukrayna tutduğu mövqedə müəyyən dəyişikliklər etməklə danışıqlara getmək və müharibəni dayandırmaq istəyir. Amma Rusiya tərəfinin Ukraynanın mövqeyinin dəyişməsi ilə əlaqədar mövqeyi hələ məlum deyil. Hiss olunur ki, Rusiya Ukrayna üzərində hərbi vasitələrlə ilk zəif qələbəsini əldə edib və onun rəhbərliyini danışıqlara oturmağa razı salıb. İndi əgər Rusiya həqiqətən də münaqişənin sülh yolu ilə həllini istəyirsə öz tələblərində müəyyən düzəlişlər etməli və kompromisə getməlidir. Elə mövqe ortaya qoymalıdırki, Zelenski onun təkliflərini ilk baxışda qəbul etməsə belə danışıqlara getməyi razı olsun. Bu şəraitdə danışıqlara getmək bir tərəfdən elə Zelenski üçün də əlverişlidir. Çünki danışıqlar döyüşlərin dayanması, insanların ölkədən çıxmasının qarşısının alınması və ən əsası Rusiyaya tətbiq edilən sanksiyaların öz təsirini göstərməsi üçün vaxt qazanılması deməkdir. Bu gün Zelenski NATO-dan isytədiyi köməyi ala bilməyib atəşkəs üçün hazır olduğunu bildirirsə. Sabah Putin sanksiyaların qarşısını almaq üçün Zelenskiyə minnətçi düşə bilər".