Ermənistan-Rusiya münasibətlərinin Qarabağda möhkəmləndirilməsi layihəsi...

 

Mübariz Göyüşlü: "Bu təxribatın arxasında dayanan rusiyalı qüvvələr çox böyük yanlışa yol verirlər, qondarma QHT oyunları ilə heç nəyə nail ola bilməzlər"

Ermənilərin Qarabağda özlərini "müstəqil" hiss etmələri üçün Rusiyada və dünyanın başqa ölkələrindəki erməni təşkilatları dəridən-qabıqdan çıxırlar. İndi bəzi erməni təşkilatları öz qondarma qurumlarının Qarabağda filialını açmağa cəhd edirlər. Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb ki, bu həftə Qarabağda "Ararat" erməni-rus regional mərkəzinin filialı açılacaq, onun rəhbəri Rusiyada yaşayan Manvel Arakelyandır. Məlumatda bildirilib ki, "QHT"nin "missiyası" Ermənistan-Rusiya münasibətlərini "dərinləşdirməkdir".

"Ararat" erməni-rus regional mərkəzinin filialının Qarabağda açılışı iddiasının irəli sürülməsini, bu işin planlaşdırılmasını gerçək bir təxribat adlandıran "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, belə bir qondarma qurumun filialının Qarabağda açılmasına yol vermək olmaz. Xüsusən də əraziyə nəzarət edən Rusiya sülhməramlıları bu təxribatın baş tutmasına əngəl olmalı olduğunu deyən M.Göyüşlü hesab edir ki, Donbas və Luqanskı ilə bağlı baş verənlər separatçıları və onların havadarlarını da "ilhamlandırıb", amma heç bir vəhclə onların separatçılıq hərəkətlərinə yol vermək olmaz: "Belə bir hadisə baş verərsə bu Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş bir addım hesab ediləcək. Çünki "Arsax", "Qarabağ Respublikası" deyilən bir nəsnə yoxdur. Qondarma qurum ləğv olundu, onun yerində separatçı tör-töküntüləri qalıb, onlar da müxtəlif təxribatlarla məşğul olurlar. Ya Rusiyada, yaxud da Qarabağda yaşayan ermənilərin Qarabağda hər hansı bir fəaliyyətlər həyata keçirməsi yalnız Azərbaycan dövlətinin razılığı əsasında ola bilər. Bütün məsələlər rəsmi Bakı ilə razılaşdırılmalıdır. Yəni onlar rəsmi Bakıya müraciət edərək hansısa bir təşkilatın filialını Xankəndidə yaratmaq istədiklərini və Azərbaycan hökumətinin buna razı olub-olmadığını soruşmalıdırlar. Amma rəsmi Bakının razılığı olmadan ermənilərin Qarabağda hansısa bir təşkilatın filialının açılışına hazırlaşması yolverilməzdir. Ümumiyyətlə, bu bizim konstitusiyamızın müvafiq bəndlərinin, suverenliyimizin, torpaq bütünlüyümüzün pozulmasına yönəlik cəhddir. Eyni zamanda Rusiya sülhməramlıları da bu təxribatın baş tutmasına yol verərsə, bu Azərbaycan Rusiya müttəfiqlik münasibətlərinə, sülhməramlıların statusuna zidd bir addım olardı. Bu kobud şəkildə müttəfiqlik münasibətlərinin pozulması demək olardı. Fikrimcə, bu filial oyununun arxasında Rusiyanın müəyyən dairləri var ki, onların da niyyəti Azərbaycan və Rusiya əlaqələrinə zərbə vurmaqdır".

M.Göyüşlünün sözlərinə görə, Qarabağda QHT-lərin fəaliyyətinin qanunsuz olaraq "aktivləşdirilməsi" özü onu göstərir ki, ermənilər və onların havadarları "QHT fəaliyyəti" adı altında ciddi şəkildə separatizmlə məşğul olurlar. Ermənistanın Rusiyanın forpostu olduğunu qeyd edən M.Göyüşlünün bildirdiyinə görə, ermənilər də Rusiyanın oyuncaq kuklasıdır. "Ermənilər Rusiyanın oyuncaq kuklasıdır və istədiyi vaxt oynadır. Bu təxribatın arxasında dayanan rusiyalı qüvvələr çox böyük yanlışa yol verirlər, qondarma QHT oyunları ilə heç nəyə nail ola bilməzlər. O qədər oyuncaq işlər görülür ki, amma heç birinin bir təsiri olmur. Rusiya Qarabağda baş verəcək hansısa təxribatın qarşısını almalıdır. Bütövlükdə, Manvel Arakelyanın bu təxribatının qarşısı alınmalıdır. Rusiya erməni münasibətlərini dərinləşdirmək istəyirlərsə, bunun üçün Azərbaycan ərazisində deyil, gedib İrəvanda və Ermənistanın başqa şəhərlərində istədikləri qədər təşkilat yaratsınlar. Amma Azərbaycan ərazisində erməni-rus münasibətlərini "dərinləşdirmək" üçün hansısa qondarma təşkilatın filialının yaradılması qəbul edilməzdir, onlar ünvanı səhv salıblar" - deyə M.Göyüşlü qeyd etdi.

baki-xeber.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31