İşğalın 10-cu günü- Əli Məhərrəmli yazır...

İşğalın 10-cu günü...

Kiyev rusların irimiqyaslı hücumunu dəf etməyə hazırlaşır. Dünən Ukrayna ordusu Nikolayevdə Kulbakino hava limanını geri alıb, Xarkov vilayətində isə əks hücuma keçib. Vilayət rəhbəri Oleq Sinequbov deyib ki, rus hərbçiləri demək olar ki, bütün hücum ehtiyatlarını itirib və döyüş meydanında ciddi müqavimət göstərmirlər.
Rusiya Dövlət Dumasında müzakirələr zamanı təcrübəsiz çağırışçıların döyüş əməliyyatlarından geri qaytarılacağı açıqlanıb. İclasda deputatlardan biri etiraf edir ki, ilk döyüş günlərindəcə çağırışçılardan ibarət 100 nəfərlik hərbi birləşmənin 96 əsgəri məhv edilib. Rusiya texnika və canlı qüvvə sarıdan heç kimin gözləmədiyi qədər əhəmiyyətli itkilər verir. Gülməli də səslənsə Ukrayna müdafiə naziri dünən bildirib ki, ruslardan əldə edilən hərbi qənimət 8 ildə Ukrayna ordusunun aldığı silah-sursatdan çoxdur. Üstəgəl Qərb ölkələri Ukraynaya minlərlə tank əleyhinə vasitələr, muzdlu döyüşçülər göndərir... 
Hadisələrin analizi göstərir ki, Rusiyanın quruda irəliləmə templəri zəifləyib, xaotik müharibə aparır. Ordu komandanlığı öz resurslarına ət və dəmir yığını kimi baxır. Ənənəvi nizami taktiki gedişlər yoxdur, çünki Ukraynada təmas xətti yoxdur. Rus ordusu bütün Ukrayna xalqının mühasirəsindədir. Suriyada, Əfqanıstanda olduğu kimi hər hansı müdafiə xətti yoxdur, gördüyün hər bir daş-divar istehkamdır. Əgər sənə dörd bir tərəfdən atəş açılırsa artıq səngər qazmağın, istehkam qurmağın bir mənası qalmır və başlayırsan hərəkət edən hər şeyə, hətta öz kölgənə belə güllə atmağa. Qorxu faktoru isə ordunun qələbə ümidlərini yox edən bir şeydir... Hər ötən gün isə Rusiyanın eyforiyalarla bəzədilmiş "dağıdıcı" və "məğlubedilməz" ordusunu geridönülməz məğlubiyyətə sürükləyir.

PS: Rusiyada facebook və twitter bloklanıb. Youtube, instagram və tik-tokun da bu gün bloklanacağı gözlənilir. Belə alternativsiz informasiya blokadası Rusiyada sosial partlayışı sürətləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31