Bəhruz Quliyev: “Azərbaycanın adıçəkilən hərbi alyansla əməkdaşlığı dərin köklərə əsaslanır”
15 Dekabr 2021 21:46 Siyasət"NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir". Bunu Prezident İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı, həmçinin, Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb: "Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir və bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik".
Bütün bunlar Azərbaycanın regionda oynadığı rolun əhəmiyyətinin, Ermənistandan qəti üstünlüyünün göstəricisidir. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?
"Enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir"
SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən "Səs" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev buna bir neçə aspektdən yanaşdı: "Prezident İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldarlıqları ilə yadda qaldı və bu məhsuldarlıq ilk növbədə Azərbaycanın Avropa miqyasındakı əhəmiyyətini nümayiş etdirdi. NATO-Azərbaycan münasibətləri yalnız hərbi əməkdaşlıq kontekstində deyil, həmçinin enerji təhlükəsizliyi kontekstində də qurulub. Bu xüsusda Azərbaycanın adıçəkilən hərbi alyansla əməkdaşlığı dərin köklərə əsaslanır. NATO-da Bakının yeri və rolu daim yüksək qiymətləndirilib. Yəni enerji təhlükəsizliyinə qədər də Bakının yeri və rolu daim yüksək qiymətləndirilib. Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən toplantıda da iştirak edən dövlət başçımızın diqqətinə çatdırıldı ki, alyans Azərbaycanın Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirir, xüsusilə Əfqanıstanda baş vermiş hadisələr zamanı Kabil hava limanının mühafizəsi, on minlərlə əfqanın hava limanı vasitəsilə təxliyyəsi prosesində Azərbaycan sülhməramlılarının fəaliyyətləri ölçüyəgəlməz dərəcədə alqışlanır. Öz işlərinin öhdəsindən yüksək səviyyədə gələn hərbçilərimizin peşəkarlıqları isə sübut edir ki, Azərbaycan daim öz sülhpərvərlik missiyasını icra etməkdə maraqlıdır və hazırdır. Azərbaycan enerji təhlükəsizliyi sahəsində ciddi işlər görməklə yanaşı, enerji təminatçısı kimi də öz töhfəsini verir. Əbəs deyil ki, Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır. Proseslər də onu göstərir ki, bu ölkələrin sayı artacaq. Habelə, Yens Stoltenberq də xatırladıb ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Bu bəyanat da belə qənaətə gəlməyə zəmin yaradır ki, NATO-nun 24 ölkəsi Azərbaycanın neft-qaz sektoruna bağlıdır. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Bakının hərbi alyansla əlaqələri möhkəmlənmək yüksəlişindədir".
Politoloq hesab edir ki, bu gün Ukrayna, Gürcüstan kimi Qərb siyasi inteqrasiyalı postsovet ölkələri NATO-ya üzvlük barədə müraciətlər ünvanlayırlar: "Lakin həmin müraciətlər hələ də sual altında qalır. Yəni daha dəqiq desək, bu ölkələrin NATO ilə sıx əməkdaşlıqlarına baxmayaraq, hərbi alyansda müəyyən tərəddüdlər də qalmaqdadır. Ancaq Azərbaycanla münasibətdə hər şey əksinədir - etimad və münbit yaxınlaşma, eləcə də Bakının roluna verilən yüksək qiymətlər Azərbaycan-NATO əməkdaşlığını sürətləndirməkdədir. Söz yox ki, biz yaxın gələcəkdə proseslər çərçivəsində növbəti yeniliklərin də şahidlərinə çevriləcəyik. İstər enerji təhlükəsizliyi, istər enerji təminatı, istərsə də regional təhlükəsizlik məsələlərində Bakının mövqeyi hər zaman əhəmiyyətli dərəcədə diqqətə alınır. Bundan sonra da alınacaq".
Politoloq onu da əlavə etdi ki, bütün bunların əsas özəyində, təməlində Prezident İlham Əliyevin qətiyyəti, ali səviyyəli diplomatik addımları dayanır.
Mənbə: sia.az