“Azərbaycan diplomatiyası Paşinyanın üzərində ilk böyük qələbəni çalmış oldu”- Aydın Quliyev
29 Noyabr 2021 21:52 Siyasət"Ermənistan çox çalışır ki, regionumuzda müharibədən sonra qalmaqda olan problemlərin həllinə Qərb strukturlarını və ATƏT-in Minsk qrupu həmsədrliyini cəlb etsin. Soçi görüşündə aydın şəkildə müharibədən sonrakı problemlərin həlli üçün ən optimal variant olan üçtərəfli format, yəni Azərbaycan, Rusiya, Ermənistan formatının imkanları daha qabarıq göstərilir. Ümumiyyətlə Soçi görüşü uğurludur. Müharibədən sonrakı bir il ərzində Azərbaycan-Ermənistan prezidentlərinin sayca ikinci görüşü olsa da, bu görüş ən məzmunlu görüş oldu."
Bunu Olaylar.az-a 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı Prezident İlham Əliyevin çıxışını və imzalanmış Bəyanatı şərh edərkən "Bakıxəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib.
Ermənistan rəhbərliyinin Soçi görüşünün baş tutmaması üçün öncədən göstərdiyi bütün çabalara baxmayaraq, Soçi görüşü nəinki baş tutdu, hətta burada Ermənistanın pozuculuq siyasətinə rəğmən regiondakı vəziyyətə və Azərbaycanın maraqlarına uyğun olan bir sıra mühim maddələr qəbul olundu. Ermənistan rəhbərliyi hələ 9 noyabr və 15 noyabrda razılaşdırılmış görüşləri pozmaqla bütün diqqətini dekabrın 15-dəki Brüssel görüşünün baş tutmasına yönəltmişdi. Amma noyabr ayının 26-da, Soçidə baş tutan üçtərəfli görüş və burada qəbul olunmuş bəyənnamə Ermənistanın Brüssel platformasına bəslədiyi bütün ümidlərə öncədən vurulan zərbə oldu. Açıq deyək ki, Ermənistan ilk öncə müharibədən sonra yaranmış yeni reallıqlara uyğun olaraq ikitərəfli formatda. yəni Azərbaycanla Ermənistan arasında aparılmış danışıqlar nəticəsində ilkin olaraq məhz Brüsseldə müəyyən nəticələrin əldə olmasına çalışırdı. Amma Soçi görüşünün baş tutmasına nail olmaqla Azərbaycan diplomatiyası Paşinyanın üzərində ilk böyük qələbəni çalmış oldu. Təbii ki, söhbət müharbədən sonrakı dövrdən gedir. Burada qəbul olunmuş bəyənnamədə əks olunan maddələr sözsüz ki, regionda yaranmış reallığa və Azərbaycanın mənafelərinə tamamilə uyğundur. Əvvəla burada sərhədlərin delimitasiyası ilə bağlı konkret müddət müəyyən olunur ki, ilin sonuna qədər sərhədlərin delimitasiyası və Rusiyanın iştirakı ilə demorkasiyaya başlanması üçün mexanizmlərin yaradılması naminə ikitərəfli komissiya yaradılmalıdır. Hansı ki, Ermənistan deklorativ formada sərhədlərin delimitasyasına və demorkasiyasına hazır olduğunu zaman-zaman bəyan etsə də, faktiki olaraq buna maneçilik törədib və sərhədlərin demorkasiyasının baş tutmasına imkan verməyib. Ona görə ki, Ermənistan başa düşür ki, sərhədlər demorkasiya və delimitasiya olunsa bu artıq bölgədə gərginliyin xeyli dərəcədə aşağı düşməsinə əsas verəcək ki, bu da Ermənistanın hazırki, ssenarilərinə uyğun gəlmir. Çünki, Ermənistan çalışır ki, bölgədə daim gərginliyin olması kimi bir görüntü yaratsın ki, özünün müttəfiqi olan müəyyən qurumların, o cümlədən də, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatını yenidən bölgənin siyasi müzakirələrinə qaytara bilsin. Ona görə də, Soçidə sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş və konkret müddətə sığışdırılmış həmin maddə, sözsüz ki, Ermənistanın planlarına böyük zərbə oldu. Bilirik ki, Ermənistan indiyə qədər Zəngəzur dəhlizi ifadəsini yaxına buraxmaq istəmir. Hələ Soçi görüşündən öncə Paşinyanın verdiyi müsahibədə Zəngəzur dəhlizi ifadəsinə qarşı aqressiv bir mövqe tutması onu göstərdi ki, Ermənistan bu dəhlizin nəyin bahasına olursa olsun baş tutmasına maneəçilik törətmək istəyir. Əvvəla Zəngəzur sözünü yaxına buraxmaq istəmir. Çünki, Ermənistan başa düşür ki, Zəngəzur sözünün müəyyən rəsmi sənədlərdə hallanması, Ermənistanın açıq-aşkar qəsbkar dövlət olmasına bir işarədir. Bütün dünya bilir ki, Zəngəzur adlı vilayət vaxtilə Sovet höküməti tərəfindən Azərbaycandan qoparılmış və ikiyə bölünərək onun Qərbi Zəngəzur hissəsi Ermənistana verilmişdi. Ona görə də, Ermənistan rəhbərliyi rəsmi sülh sənədlərində Zəngəzur sözünün işlədilməsinin əleyhinədir və buna aqressiv yanaşır. Dəhliz sözünü də yaxına buraxmaq istəmir. Açıq şəkildə deyir ki, 9 noyabr razılaşmasında guya dəhliz ifadəsi yoxdur. Amma Soçi razılaşmasında aydın şəkildə kommunikasiyaların açılması ilə bağlı maddədə ilk növbədə dəmir yolu və nəqliyyat dəhlizlərinin açılması kimi bir ifadə yer aldı. Bu isə o deməkdir ki, artıq Soçi razılaşması, təkcə Laçın dəhlizinin yox, həm də Zəngəzur dəhlizinin açılmasını qaçılmaz bir zərurət kimi təsdiq edir və rəsmiləşdirir. Hansı ki bu da Paşinyanın planlarına böyük zərbə sayıla bilər. Humanitar razılaşmalarla bağlı böyük əhəmiyyətli maddələr də var. Ermənistan bunu öz tərəfinə çəkməyə çalışacaq. Guya burada əsas söhbət hərbi əsirlərdən gedir. Ancaq hansı ki, Azərbaycan hərbi əsirlərinin olmadığı ilə bağlı dəfələrlə mövqe bildirib. Azərbaycanda heç bir hərbi əsirdən söhbət gedə bilməz. Soçi bəyənnaməsinə salınmış həmin maddə minalanmış sahələrin xəritəsinin Ermənistandan sona qədər və dəqiq şəkildə təhvil alınmasına böyük perspektiv açır. Ermənistan heç buna da razı deyil. Çünki, minalanmış ərazilər Ermənistana daha çox strateji hədəf naminə lazımdır ki, Azərbaycanın məcburi köçkünləri bu ərazilərə qayıtmasınlar və qayıdış prossesi geciksin. Ona görə də, Soçi bəyənnaməsində məhz minalı xəritələrin məsələsini də nəzərdə tutan həmin maddənin salınması da xüsusi əhəmiyyət kəsb edir. Ümumilikdə Soçi bəyənnaməsi və görüşü Azərbaycan üçün uğurludur.Ermənistan rəhbərinin ciddi cəhdinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ifadəsi, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatı kimi ifadələr onun yekun sənədində göstərilmədi. Hətta Azərbaycanla Ermənistan arasında məsələlərin həlli üçün, üçtərəfli formatın artıq bu bəyənnamədə təsdiqlənməsi və Soçi görüşündə özünə yer alması da, Ermənistanın strateji planlarına bir zərbə sayıla bilər. Ermənistan çox çalışır ki, regionumuzda müharibədən sonrakı qalmaqda olan problemlərin həllinə Qərb strukturlarını və ATƏT-in Minsk qrupu həmsədirliyini cəlb etsin. Soçi görüşündə aydın şəkildə müharibədən sonrakı problemlərin həlli üçün ən optimal variant olan üçtərəfli format, yəni Azərbaycan, Rusiya, Ermənistan formatının imkanları daha qabarıq göstərilir. Ümumiyyətlə Soçi görüşü uğurludur. Müharibədən sonrakı bir il ərzində Azərbaycan-Ermənistan prezidentlərinin sayca ikinci görüşü olsa da, bu görüş ən məzmunlu görüş oldu. Ermənistanın pozuculuq səylərinin qarşısında çox ciddi bir sədd çəkə bilər. Eyni zamanda Ermənistanın Qərb strukturlarını bölgəyə cəlb etməsi planlarının qarşısını kəsməkdə də əhəmiyyətli rol oynaya bilər.
Mehriban Xəlilli