Azərbaycan diplomatiyasının uğuru...
28 Noyabr 2021 10:55 Siyasət"Azərbaycan Ermənistan və Rusiya liderləri arasında 9 noyabr tarixində gözlənilirdi ki, görüş keçiriləcək. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və öz strateji tərəfdaşına laqeyd münasibəti buna gətirib çıxardı ki, görüş baş tutmadı. Eyni zamanda, Nikol Paşinyan Avropa İttifaqı şurasının prezidenti Şarli Mişelə çoxsaylı çağırışlar etdi, Avropa vasitəçiliyi ilə Moskva danışıqlarını sabotaj etdi və bu Rusiya üçün ciddi bir siqnal kimi qiymətləndirildi. Digər tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın təşkil etdiyi demokratiya sammitinə dəvət aldı və bu sammitə dəvət alması ilə lovğalanır, bununla Moskvanın diqqətindən yayınmağa çalışır. Lakin qeyd etmək lazımdır ki, bu sammit soyuq müharibədən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu demokratların birbaşa olaraq vasitəçiliyi ilə həyata keçirilir".
Bu sözləri Olaylar.az-a 26 noyabr tarixində Rusiyanın Soçi şəhərində təşkil olunmuş görüş zamanı Prezident İlham Əliyevin çıxışını və imzalanmış Bəyanatı şərh edərkən politoloq İlyas Hüseynov deyib.
"Bu koalisiyada yer alan yeganə dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya iqtisadi birliyinin üzvü Ermənistandır. Buna görə də Rusiya tərəfindən Ermənistana qarşı ciddi siyasi-iqtisadi təzyiqlərin və təpkilərin edilməsi gözləniləndir. Bu xüsusda İrəvanla Moskva arasında bu inamsızlıq mühiti getdikcə dərinləşməkdədir. Azərbaycanın isə regionda yürütdüyü uğurlu siyasət, düşünülmüş addımlar həm Rusiya, eləcə də Türkiyə ilə etibarlı tərəfdaşlıq sayəsində regionda yeni təhlükəsizlik konfiqurasiyasi və arxitekturası qurulur. Bu siyasi sabitliyin və yeni nizamın da müəllifi prezident İlham Əliyevdir. Eyni zamanda müzəffər Ali Baş Komandan, qalib ordunun, qalib xalqın nümayəndəsi və rəhbəri kimi danışıqlar müstəvisində ölkəmizin milli maraqlarını inamla qoruyur və yeni diplomatik qələbələrin qazanılmasında öz əvəzsiz xidmətlərini nümayiş etdirir. Azərbaycanın diplomatik danışıqlarda üstünlüyü aydın şəkildə nəzərə çarpırdı və milli maraqlarımız kontekstində sərhədlərin bölüşdürülməsi və nişanlanması, eləcə də, bölgədəki nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi prioritetlərin müəyyənləşdirilməsi, sülhün dayanıqlılığının artırılması istiqamətində atılan bütün addımlar regiondakı xalqların rifahının yüksəldilməsinə və təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə xidmət edir.
Digər tərəfdən qeyd etmək lazımdır ki, 26 noyabr tarixində imzalanmış hüquqi sənəddə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlamaq barədə qərar qəbul olunub. Eyni zamanda Rusiya Federasiyası prezidenti Vladimir Putinin mətbuat konfransında dəfələrlə "dəhliz" ifadəsini işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəklənməsi və ona bir cığır açılması ilə bağlı mövqeyi də nümayiş etdirir. Hər hansı şərt qoymadan Azərbaycan prezidentinin mövqeyi sənəddə artıq öz əksini tapır və yekun sənəddə qeyd etmək lazımdır ki, erməni tərəfinin həmişə iddia etdiyi saxlanılan girovlar barədə olan məsələ, eyni zamanda status ilə bağlı irəli sürülən iddialar yer almadı. Artıq sayca üçüncü olan Üçtərəfli birgə bəyanatın heç birində status haqqında bir ifadə belə yoxdur. Bu Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilir. Eyni zamanda, rəsmi Kreml ilə maraqların uyğunlaşdırılması, eləcə də uzlaşdırılması kontekstində məsələlər həyata keçir və burada regionun əsas söz sahibi olan Azərbaycanla Rusiya arasında münasibətlərin keyfiyyətcə yeni transformasiyasını müşahidə edirik və Azərbaycan regionun iqtisadi, siyasi, hərbi gücüdür və bu xüsusda münasibətlər tənzimlənir. Azərbaycan ilə Rusiya arasında olan humanitar münasibətlər, ölkəmizdə rus dilinə olan hörmət, 15 mindən çox azərbaycanlı tələbələrin Rusiyada təhsil alması bu kontekstdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir".
Röyalə Xəyal