Zəngəzur öz mənəvi və hüquqi sahibinə qaytarılmalıdır
25 Noyabr 2021 11:38 Siyasətİkinci Qarabağ müharibəsinin nəticəsi olaraq regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlər gündəmə gəlib. Lakin, ümumi mənzərə ondan ibarətdir ki, rəsmi Yerevan Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən soyuqluq fonunda hələ ki, Zəngəzur dəhlizi məsələsinin həllinə tələsmir. Xatırladaq ki, Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik" deyib. Dövlət başçısı həmçinin YAP-ın VII qurultayında da "Zəngəzur dəhlizi" söhbətinə toxunub, kommunikasiyaların açılması təkliflərinin artıq masa üzərində olduğunu, Azərbaycan, Ermənistan və Rusiya təmsilçilərinin bunun üzərində müzakirə apardığını deyib. Bu arada isə Rusiya Federasiyasının prezidenti Vladimr Putinin Ukrayna ilə bağlı fikirlərini xatırlatmaq yerinə düşərdi. Rusiya prezidenti qeyd edir ki, Ukrayna SSRİ-yə daxil olarkən onu ərazisi kiçik, tərk edərkən isə böyük olub. Çünki bolşeviklər Rusiya ərazilərini Ukraynaya hədiyyə ediblər. Putin iddia edir ki, ümumiyyətlə hazırki Ukrayna dövləti sovet dövrünün məhsuludur. Sonralar dilə gətirilən məhz bu yanaşma ilə Putin Rusiyası 2014-cü ildə Ukraynaya qarşı ərazi iddiasını stimullaşdırdı və Krımı birbaşa, Donbas bölgəsinin Ukrayna ərazisində olan hissəsini isə dolayısı ilə ilhaq etdi. Yəni ələ keçirdi. Zəngəzur məsələsi yenidən gündəmə gəldiyindən Putinin bu yanaşması üzərində ciddi təhlilə ehtiyac yaranır. Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi icmalçı Ramil Məmmədli qeyd edib ki, bu gün, daha əvvələ 1918-1920-ci illərə keçmədən Ermənistan Respublikasının inzibati xəritəsinə diqqəti yönəltməyə ehtiyac var. Məhz 1920-ci ildə Zəngəzursuz Ermənistan sovetləşən kimi bolşeviklərin birbaşa iştirakı və Azərbaycan Sovet hökumətinə təzyiq etməklə vətənimizin bu bölgəsi ilhaq edildi. Bununla da Azərbaycan üçün coğrafi-strateji və hərbi baxımdan olduqca əhəmiyyətli olan bir bölgə - Zəngəzurun qərb hissəsi Ermənistan ərazisinə daxil edilərək, bu bölgədə yaşayan azərbaycanlıların ikinci ən böyük milli-mənəvi soyqırımının bünövrəsi qoyuldu: "Rusiya Federasiyasının prezidenti Vladimir Putinin məntiqi ilə yanaşsaq, SSRİ tərkibində olan respublikalar, sovetlərə qədər hansı ərazilərdə mövcud olublarsa, bu gün də həmin vəziyyətə qayıtmalıdırlar. Yəni bölşeviklərin qanunsuz ilhaq-işğal siyasətinə indi hüquqi-siyasi qiymət verilməli və tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Daha dəqiq desək, Zəngəzur öz mənəvi və hüquqi sahibinə - Azərbaycan Respublikasına qaytarılmalıdır. Belə olan təqdirdə post-sovet məkanında ədalət axtarışında olan prezident Vladimir Putinin Ukrayna siyasəti - hərbi müdaxiləsi anlayışla qarşılana bilər. Çünki Azərbaycan Sovet Respublikasının vətəndaşlarının rəyi bilinmədən, yəni ümumxalq referendumu keçirilmədən böyük bir ərazi - Zəngəzur mahalı Ermənistan Respublikasına hədiyyə edilib". Ekspertin qənaətinə görə, bu gün Azərbaycan Ordusunun bölmələri Zəngəzurun yalnız şərq hissəsində - Azərbaycan Respublikasının hazırkı sərhədləri çərçivəsində azad olunmasını reallaşdırıblar: "Vətən torpaqlarının sona qədər azad olunması prosesinin hərbi yolla davam etdirilməsini həyata keçirmək Azərbaycan Ordusu üçün çox da çətin deyil. Hərbi potensialı 44 günlük Vətən Müharibəsində sıradan çıxarılmış Ermənistandan Zəngəzuru güc yolu ilə geri almaq və tarixi ədaləti bərpa etmək Azərbaycan üçün problemli məsələ olaraq görünmür. Lakin Azərbaycanın hərbi-siyasi yanaşması növbəti müharibənin başlanmasını məqsədəuyğun saymır. Ancaq bu, post-sovet ölkələrindən birinə "olar", digərinə isə "olmaz" prinsipi ilə həyata keçirilə bilməz. Yəni Azərbaycan da məsələyə "SSRİ-yə daxil olarkən ərazisi kiçik, tərk edərkən isə böyük olub" prinsipi ilə Zəngəzur məsələsinə yanaşsa, Rusiya prezidenti Vladimir Putinin bu gün reallaşdırdığı məntiqini davam etdirməlidir. Əks təqdirdə bu Putin Rusiyasının riyakarlığı və məsələlərə yalnız Kremlin "pəncərə"sindən baxması kimi dəyərləndirilməlidir".
Zəka