Adil Əliyev: “Kəlbəcərin azad olunması erməni diasporuna vurulan psixoloji zərbədir”
25 Noyabr 2021 12:42 Siyasət2017-ci ildə Ermənistan onların Vardenis adlandırdıqları tarixi Azərbaycan torpağı olan Basarkeçərdən Kəlbəcərə çəkilən yeni magistral yolun inşasını tamamlayıb istifadəyə verdi. Kəlbəcər yolu İrəvana Laçın yolundan daha yaxın olduğu üçün məsafəni qısaldırdı. Eyni zamanda, Ermənistandan o vaxt işğal altında olan Qarabağa turistlərin gətirilməsi üçün daha əlverişli idi. Həm də Ermənistan ordusunun təchizatı baxımından strateji rol oynayırdı. Məhz bu səbəblərdən xaricdəki erməni diasporu bu yola xüsusi əhəmiyyət vermiş və onun tikintisinə yardım məqsədilə Hayastan fondu tərəfindən ABŞ-da, Los-Ancelesdə 2013-cü il 28 noyabr - Şükranlıq günündə xeyriyyə telemarafonu təşkil edilmişdi. Millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib ki, erməni tərəfi bu yoldan cəmi üç il istifadə edə bildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu yola nəzarət edən yüksəklikləri tutaraq onun istifadəsini Ermənistan qüvvələri üçün demək olar ki, mümkünsüz etdi. 2020-ci il oktyabrın 8-də Ermənistanın Fövqəladə Hallar Nazirliyi Basarkeçər-Kəlbəcər yolunun bağlandığını rəsmi surətdə etiraf etdi. Nəticədə Ermənistan ordusunun təchizatında ciddi problemlər yarandı və bu amil də bizim qələbəmizə öz töhfəsini verdi. Bu isə o deməkdir ki, Ermənistan Kəlbəcəri Üçtərəfli Bəyannaməyə uyğun olaraq təhvil versə də, əslində Azərbaycan ordusu Kəlbəcərin taleyini hərbi-strateji baxımdan Vətən müharibəsinin ilk on günündə həll etmişdi: "Cari il avqust ayının 16-da Kəlbəcər rayonuna səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin yolun üstündə avtomobili saxlayaraq, qeyd etdi ki, bu yol çox gözəl yoldur və bu yolun özünü də hərbi qənimət hesab etmək olar. Erməni diasporunun vəsaiti hesabına inşa edilmiş bu yolun hərbi qənimət kimi qiymətləndirlməsi onlar üçün həm də sarsıdıcı psixoloji zərbə idi. Çünki işğal zamanı erməni tərəfi həmişə bu yol haqqında fəxrlə danışır, onu sanki işğal edilmiş torpaqların Ermənistana birləşdirilməsinin və Ermənistan Respublikası ilə erməni diasporu arasındakı birliyin rəmzi kimi təqdim etməyə çalışırdılar. Amma ermənilərin məğlubedilməzliyi barədə yaradılmış mif Azərbaycan ordusu tərəfindən darmadağın edildiyi kimi bu yolun ətrafında qurulmuş süni hekayənin taleyi də puç oldu. Ermənistanın və erməni diasporunun puç olmuş hekayəsinin əvəzində Azərbaycan yeni bir reallıq yaratdı. Bu yeni reallığın ən əlamətdar təzahürlərindən biri cənab Prezidentin təməlini qoyduğu, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğana-Kəlbəcər avtomobil yolu və onun üzərində Murovdağda inşa ediləcək 11.6 kilometrlik tuneldir. Hətta Sovet dövrünün ən çiçəklənən vaxtında belə, bu cür çətin coğrafi relyefdə tunel çəkmək mümkün olmamışdı. Bu gün isə Azərbaycan özü bu yolu və tuneli inşa edir. Bu, bir daha sübut edir ki, güclü Azərbaycan miskin Ermənistanın əksinə olaraq daş sökməyə, ev yandırmağa deyil, qurmağa, yaratmağa, Kəlbəcəri və bütün işğaldan azad edilmiş ərazilərimizi çiçəklənmiş diyara çevirmək üçün qayıtmışdır".
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, Kəlbəcər rayonunun işğaldan azad edilməsinin bir ili tamam olur. Bu böyük tarixi hadisədir. Təkcə müstəqil Azərbaycanın tarixində deyil, bütövlükdə dövlətçilik tariximizdə və dünya müharibələri tarixində bu qələbə olduqca mühüm əhəmiyyətə malikdir. Deputat Kəlbəcərin böyük əhəmiyyətə malik strateji bölgə olduğunu vurğulayıb: "Dəfələrlə də danışıqlar zamanı ermənilər işğaldan azad olunmuş bütün əraziləri qaytarmağa razı idilər, tək Kəlbəcərlə Laçından başqa. Çünki Kələbəcər təbii istehkam və qala idi. Kəlbəcər bərəkətli və faydalı qazıntıları ilə məşhur bölgəmizdir. "İstisu"yuna, faydalı qazıntılarına görə ermənilər Kəlbəcəri iqtisadi baxımdan çox sərfəli hesab edirdilər. Buna görə də bütövlükdə Qarabağı verməyə razı olardılar, amma Kəlbəcəri qaytarmağa yox. Cənab Prezidentin Ali Baş Komandanlığı, diplomatik uzaqgörənliyi nəticəsində biz Laçın, Kəlbəcər və Ağdamı bir güllə belə atmadan, bir şəhid vermədən azad edə bildik. O torpaqlarda artıq Azərbaycan ruhu, nəfəsi dolaşmaqdadır.Kəlbəcərin işğaldan azad olunmasında ermənilərə müəyyən müddət verdik, böyük humanistlik göstərdik, amma onlar əvəzində öz vandallıqlarını göstərdilər. Özlərinin tikmədiyi, yaratmadığı kəlbəcərlilərin zəhməti hesabına qurub yaratdıqıları və özlərinin yiyələnərək yaşadıqları evləri yandırıb, kəlbəcərlilərin əkdiyi, becərdiyi ağacları doğruyaraq getdilər. Dünyaya bir daha Kəlbəcərin əsl sahibinin kimliyi, erməni vəhşiliyinin hüdudsuz olduğu aydın oldu". Komitə sədri deyib ki, qısa müddət ərzində cənab prezidentin qayğısı və diqqəti sayəsində işğaldan azad olunan bütün ərazilərimizdəki kimi Kəlbəcərdə də infrastrtuktur layihələrinə start verilib: "Cənab Prezident İlham Əliyev və birinci vitse-prizedent Mehriban xanım Əliyeva bir neçə dəfə Kəlbəcər ərazisində olublar. Artıq Kəlbəcərə yol çəkilir, işıq sistemi bərpa olunur. Qısa müddət ərzində orada yaşayış da bərpa oluncaq. Kəlbəcər bu yay ərzində öz iqtisadiyyatını və münasibətlərini bərpa etmiş oldu. Kəlbəcərə gedən arıçılar, fermerlər artıq rayonun nemətlərini bütün Azərbaycana çatdırdılar. Hesab edirəm ki, qısa müddət ərzində "İstisu"yu da bərpa edərək onu dünya əhəmiyyətli turizm mərkəzinə çevirəcəyik. Kəlbəcərin turistik imkanlarından istifadə ilə onu dünyaya yenidən təqdim edə biləcəyik. Bütün kəlbəcərliləri təbrik edirəm, inşallah Kələbəcrdə görüşərik".
Kəlbəcər rayonunun iqtisadi prespektivindən danışan millət vəkili Vüqar Bayramov qeyd edib ki, bu rayon Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur. İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib: "Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları var. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir. Ərazisinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır. Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollarla ziyan dəyib. Bütövlükdə isə, Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq".
Alim