"Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə etməlidir"
20 Noyabr 2021 19:23 Siyasət"Tezliklə Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək".
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Agdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı danışarkən deyib.
O bildirib ki, üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu, olduqca böyük uğur, tarixi hadisədir: "Bu gün yaşadığımız günlər, anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Fürsətdən istifadə edərək bütün ağdamlıları və xalqımızı bu tarixi gün münasibətilə təbrik edirəm.
Xatırlatmaq istərdim ki, Ağdam uğrunda 42 gün davam edən döyüşlər 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Əhali öz doğma yurdundan qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. İşğal nəticəsində ermənilər tərəfindən Ağdamda olan evlər dağıdılmış, hətta daşlar belə sökülüb aparılmışdır. Mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.
İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələrin də vəhşicəsinə uçurulduğunun şahidiyik. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin çox kobud şəkildə pozulmasıdır. Azərbaycan erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə etməlidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu məsələdə təkcə dövlətin rəsmi qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə çox böyük ehtiyac var".
Politoloq qeyd edib ki, o zaman Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi: "ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından ermənilərin Ağdamı işğal etməsi qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir. 1993-cü il 29 iyul tarixində həmçinin BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Lakin həm Ermənistan tərəfinin beynəlxalq qanunlara tabe olmaqdan yayınması, həm də Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin işğalçıya təzyiq göstərməməsi nəticəsində qəbul olunmuş qətnamələr kağız üzərində qalmışdı. Beynəlxalq birliyin susqunluğu isə rəsmi İrəvanın öz cinayətlərini davam etməsinə şərait yaratmış, Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdi. Bu vəhşiyin nəticəsidir ki, xarici və yerli jurnalistlər, eləcə də Ağdama səfər edən ayrı-ayrı ölkələrin təmsilçiləri Ağdamı "Qafqazın Xirosiması" adlandırıblar.
İndi Ağdam azaddır və işğaldan azad olunmuş digər rayonlarımız kimi, Ağdamda da bərpa-quruculuq və yenidənqurma işləri həyata keçirilir. Xatırlayırsınızsa, 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edərkən Prezident "bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır" demişdi. Üstündən çox keçmədən isə 2021-ci mayın 28-də Ağdama növbəti səfər zamanı artıq Ağdam şəhərinin baş planı ictimaiyyətə təqdim olundu. Eləcə də səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak etdi".
Yusif Bağırzadə deyib ki, tezliklə Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq və Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək: "Heç şübhəsiz ki, bu gün haqqında danışarkən torpaqlarımızın işğaldan azad edilməsində canlarını fəda etmiş şəhidlərimizi və qəhrəman əsgər və zabitlərimizi də yad etməliyik. Məhz onların fədakarlığı və qətiyyətinin nəticəsidir ki, bu gün 30 ilə yaxın dövr ərzində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib. Dövlətimiz də onların bu fədakarlıqlarını unutmur. 2020-ci il noyabrın 26-da "Ağdamın azad olunmasına görə" medalının təsis edilməsinin ardınca Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm".