Minsk qrupunu diriltmək cəhdi

ATƏT-in  Minsk qrupu adlanan səmərəsiz, lazımsız və fəaliyyətsiz qurum yeni bir oyun oynamaq niyyətindədir. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi bitib və problem həll olunub, buna rəğmən sözügedən qurum yenə də hansısa bir ssenari cızır

ATƏT-in  Minsk qrupu adlanan səmərəsiz, lazımsız və fəaliyyətsiz qurum yeni bir oyun oynamaq niyyətindədir. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi bitib və problem həll olunub, buna rəğmən sözügedən qurum yenə də hansısa bir ssenari cızır. Elə bir müddət əvvəl Fransa prezidenti Makronun rusiyalı həmkarı Putinlə telefon danışığı və tərəflərin Qarabağ məsələsini müzakirə etməsi belə deməyə əsas verir. Politoloq Məhəmməd Əsədullazadə ATƏT-in Minsk qrupunun özünü diriltməyə cəhdinə münasibət bildirərkən deyib ki, Fransa və Rusiyanın təşəbbüsü ilə Minsk qrupunun yenidən danışıqlar prosesinə qayıtması üçün planlar hazırlanır. Onun sözlərinə görə, bura əsasən,  Qarabağda ermənilərə status vermək, xüsusilə Hadruta və Xocavəndin nəzarətimizdə olan kəndlərinə ermənilərin köçürülməsidir: "Minsk qrupu çərçivəsində danışıqların bərpası üçün S. Lavrov Bakıda təkliflər verəcək.  Rusiya da çalışır ki, Azərbaycanın nəzarətində olan Hadrut və digər kəndlərə ermənilər köçürülməklə sülhməramli qüvvələrinin nəzarətinə alsın. 10 noyabr Bəyannaməsindən sonra Ermənistanın Şirak vilayətindən silhlalı qüvvələrinin, xüsusi təyinatlı qüvvələrinin Hadrut istiqamətinə gətirib, əməliyyat keçirib Hadrutu Azərbaycanın nəzarətindən geri almaq planı idi. Bu, planın reallaşdırılması üçün  Rusiya sülhməramlı qüvvələri erməni qüvvələrinə bütün şərait yaratmışdır".

Politoloq deyib ki, Rusiya Fransa ilə birgə Minsk qrupunu yenidən dirçəldib, Azərbaycanı danışıqlar prosesinə cəlb etməklə Hadrut planını reallaşdırmaqdır: "Fransaya gəldikdə isə, rəsmi Paris Cənubi Qafqazda Türkiyənin artan rolunun qarşısını almaq və ermənilər  üzərindən regionda təsirini artırmaqdır. Rəsmi Bakı Minsk qrupunun formatına qayıtmamalı və Azərbaycanın S. Lavrovun verdiyi təklifləri geri çevirməsi mümkündür. Çünki Rusiya XİN rəhbərini Ermənistan və Azərbaycana göndərməklə yeni Minsk formatında danışıqların bərpasını təmin etmək istəyir".

Millət vəkili Anar Məmmədov isə bildirib ki, 30 il ərzində Minsk Qrupu təcavüzkarı müdafiə edən bir quruma çevrildi. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çataraq Dağlıq Qarabağ probleminə son qoydu: "Öz haqqını bərpa etmək baxımından bu zəfər nəinki çağdaş dövrün, ümumiyyətlə, bütün dünyada son onilliklərin nadir hadisələrindən oldu. Bu baxımdan respublikamız işğala son qoymaqla Qərbin siyasi mərkəzlərinin müharibələrin yolverilməzliyi barədə formalaşdırdıqları stereotipləri dağıtdı, öz hüquqlarını təmin etməyin nümunəsini ortaya qoydu. Bu hadisə həm də Azərbaycanın regionda və dünyadakı mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi".

Deputat deyib ki, Azərbaycan 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi: "ATƏT - in Minsk qrupunun həmsədrləri fəaliyyətdə olduqları uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi, ədalətin bərpa edilməsi, təcavüzkarın təcavüzkar kimi qiymətləndirilməsi sayəsində heç bir əməli iş görə bilmədilər. Əslində onlar münaqişəni dondurmağa, baş aldatmağa, erməni faşistlərinə dəstək verməyə çalışırdılar. BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Konfransı, Qoşulmama Hərəkatı və bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar əməllərini təsdiq edən sənədlər qəbul olunmasına baxmayaraq, Minsk qrupu susdu, faktlara obyektiv qiymət vermədi. Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla bu problemi həll etdi. Ölkəmiz Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi".

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, ermənipərəst mövqeyini heç bir zaman gizlətməyən, əksinə, hər zaman Ermənistanı açıq-aşkar müdafiə etməyə çalışan Fransa ATƏT-in Minsk Qrupunu yenidən gündəmə gətirməyə çalışır: "Onu da qeyd edək ki, Fransa müharibə günlərində də respublikamızı döyüş yolundan döndərmək üçün siyasi-diplomatik təzyiqlərin edilməsinə cəhd göstərirdi. ATƏT Minsk Qrupu 30 illik fəaliyyəti dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi istiqamətində heç bir müsbət irəliləyişə nail olmayıb. Əksinə, lazımsız səfərlər və bəyanatlarla münaqişənin uzanmasına bais olublar. Minsk qrupu bütün hallarda müşahidəçi rolunu oynadı, ermənipərəst mövqeyi ilə seçildi, təcavüzkara dəstək verdi, həqiqətləri ört-basdır etdi. O, öz hörmət və etibarını tamamilə itirdi, səlahiyyətsiz, haqqı yox, nahaqqı, təcavüzkarı müdafiə edən bir quruma çevrildi. Lakin gülməlidir ki, müharibə qurtarandan, torpaqlar azad ediləndən, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri öz iradəmizlə, gücümüzlə həyata keçiriləndən, münaqişə aradan qaldırılandan sonra və heç bir vasitəçiliyə lüzum olmadığı halda bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə də Fransa yenidən Azərbaycan-Ermənistan münasibətlərini qaydaya salmaq, münaqişəni həll etmək üçün səylər göstərməyə, uydurma, əsası olmayan təkliflər irəli sürməyə çalışır".

Anar Məmmədov bildirib ki, artıq bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər, bu barədə düşünməlidirlər: "Çünki status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər yalnız regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilərlər. İndi ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın yenidən sabitliyi pozmağa cəhd etməməsinə ciddi nəzarət etməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu reallıqları qəbul etməli və ərazi bütövlüyünün təmin edilməsində, milli mənafelərin qorunmasında, beynəlxalq normaların həyata keçirilməsində qalib Azərbaycanla razılaşmalıdırlar. Əks təqdirdə dövlətimizin rəhbərinin bildirdiyi kimi "dəmir yumruq öz yerindədir və Azərbaycan xalqı öz mübarizəsində haqlıdır, yenilməzdir. İstənilən vaxtı hər bir düşmənə öz gücümüzü göstərməyə qadirik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31