İranda saxlanılan azərbaycanlılarla bağlı araşdırmalar aparılır

Azərbaycan vətəndaşlarının İranda həbsi ilə bağlı araşdırmalar davam edir. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, hazırda saxlanılmanın səbəblərinə aydınlıq gətirilir: "Bu xoşagəlməz haldır.  Bu cür halların tez-tez baş verməsi ictimaiyyətin narahatçılığına səbəb olur. Bu, eyni zamanda dövlət orqanı kimi bizim də narahatçılığımıza səbəb olur. Digər ölkələrdə saxlanan və ya məsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilməsi Azərbaycan dövlətinin borcu, ölkənin diplomatik təmsilçilərinin bilavasitə vəzifəsidir. Biz də bunu edirik. Eyni zamanda diplomatik nümayəndələr Azərbaycan vətəndaşlarının İranda saxlanılması faktı ilə bağlı lazımi tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması məsələsi araşdırılıb. İran tərəfi hələ də vətəndaşlarımızın hansı səbəbdən saxlandığını tam açıqlamayıb. Amma hər halda bütün məsələlər aydınlaşacaq. Əgər İranda saxlanılan vətəndaşların günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələn bütün tədbirləri görəcək". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00