Prokurorluq işçiləri Heydər Əliyevin 90 illiyini qeyd edib
8 May 2013 19:26 SiyasətMayın 8-də Baş Prokurorluq tərəfindən xalqımızın ümumilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan Respublikası Prokurorluğunun yenidən fıormalaşmasında Heydər Əliyevin rolu" mövzusunda konfrans keçirilib. Baş Prokurorluqdan "OLAYLAR"-a verilən məlumata görə, konfransın işində Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyəti, bir sıra tabe prokurorlar və prokurorluğun gənc əməkdaşları iştirak edib. Konfransı giriş nitqi ilə açan Baş prokuror Zakir Qaralov "Ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər heyəti ilə 26 aprel 2000-ci ildə keçirdiyi müşavirə Azərbaycan Prokurorluğunun tarixində dönüş nöqtəsi olmuşdur" mövzusunda geniş məruzə ilə çıxış edib. Baş prokuror qeyd edib ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının dəstəyi nəticəsində döğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarıb. Zakir Qaralov deyib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən ümummilli liderin xatirəsi həmişə əziz tutulur və yüksək ehtiram göstərilir. Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.