“Şuşaya azadlıq” kampaniyası davam edir
Azay Quliyev: “Ermənistan Azərbaycanın iqtisadi və hərbi qüdrəti qarşısında davam gətirə bilməyəcək”
8 May 2013 19:02 SiyasətQHT Əməkdaşlıq Alyansı may ayının 8-də, "28 May" Ticarət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Şuranın ötən ildən başlamış "Şuşaya Azadlıq" kampaniyası çərçivəsində gənc rəssamların işğala həsr edilən əsərlərinin sərgisini və ildönümlə bağlı açıq müzakirə - aksiya keçirib.
Tədbiri giriş səzü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov və Yadigar Məmmədli bidiriblər ki, "Şuşaya Azadlıq" kampaniyası çərçivəsində internet üzərindən Azərbaycan və ingilis dillərində irimiqyaslı kampaniya aparılmaqdadır. Ərazisi 289 kv.km, əhalisi 24.900 nəfər olan Şuşanın işğalı zamanı 193 nəfər şəhid, 102 nəfər isə əlil olub. Ermənistan silahlı qüvvələri tərəfindən işğal müddətində Şuşanın 279 dini, tarixi və mədəni abidəsi, 22 ümumtəhsil məktəb, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 20 kitabxana, 14 klub, 8 mədəniyyət evi, 7 məktəbəqədər uşaq müəssisəsi, 3 muzeyi, Şərq musiqi alətləri fabriki və 2 kinoteatrı talan edilibdir. Artıq Şuşanın görkəmli yerləri və şəxsiyyətləri haqqında virtual posterlər hazırlanaraq Facebook üzərindən yayılır. Bununla bərabər, Şuşanın zəngin musiqi mədəniyyətinin erməni işğalçıları tərəfindən dağıdılması, onun zəngin mədəniyyətinə böyük ziyan vurulması barədə minlərlə müraciətlərin UNESCO-ya göndərilməsi də davam edir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev açılış nitqi ilə çıxış edərək Şuşanın işğalının 20-ci ildönümünə həsr edilmiş "Şuşaya Azadlıq" kampaniyasının işğalın 21-ci ildönümündə də davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən il başladığı "Şuşaya Azadlıq" kampaniyası uğurla davam etməkdədir.
Şura sədri bildirib ki, Şuşanın işğal altında olması Azərbaycan xalqının heysiyyatına toxunur. Bu musiqi mədəniyyəti ocağının Ermənistanın işğalçı qüvvələrinin tapdağı altında qalması bizi çox narahat edir və borcumuzdur ki, onun azad olunması üçün beynəlxalq kampaniya aparaq. Kampaniya çərçivəsində hər bir beynəlxalq təşkilatın qapısını döyək, həqiqətləri onlara çatdıraq və Azərbaycanın dilbər guşəsi olan Şuşanın azad edilməsinə nail olaq. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Ermənistanın informasiya blokadası dağıdılıb, Şuşanın Azərbaycanın tarixi şəhəri olduğu təsbit edilib və ölkəmizin ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Azay Quliyev aparılan kampaniya ilə bağlı gözləntilərə də toxunub. O deyib: "Ermənistan son çabalarını göstərməkdədir və Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrəti qarşısında uzun müddət tab gətirə bilməyəcək. Elə buna görə də "Şuşaya Azadlıq" kampaniyasını daha ciddi şəkildə davam etdirməli və onun beynəlxalq aləmə səs salmasına nail olmalıyıq.