Nazim İbrahimov: “Cənubi Qafqaz Forumu Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olub”

"Bakıda keçirilən Cənubi Qafqaz Forumu Azərbaycanın dünyaya tanıdılması üçün çox əhəmiyyətli olub". APA-nın məlumatına görə, bunu keçirilən mətbuat konfransında forumun təşkilatçılarından olan Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, forumda sivilizasiyalararası, mədəniyyətlərarası dialoq, dözümlülük, tolerantlıq məsələləri, qadın hüquqları ətrafında müzakirələr gedib: "Azərbaycan bu gün dünyaya tolerantlıq nümayiş etdirir və bu səbəbdən də forumun təşkili üçün Bakı təsadüfi seçilməyib". N. İbrahimov qeyd edib ki, gələcəkdə keçiriləcək tədbirlər Bakının mədəniyyət və dialoq mərkəzinə çevrilməsinə xidmət edəcək. Forumun digər təşkilatçılarından olan Madrid Klubunun prezidenti, Niderlandın sabiq baş naziri Vim Kok 2 gün davam edən forum çərçivəsində dini, mədəni fərqliliklərlə bağlı müzakirələr aparıldığını söyləyib. O qeyd edib ki, birgə çalışmaqla müxtəlif məsələlərin həllinə nail olmaq olar. V. Kok əvvəlcə Gəncədə keçirilən konfrans barədə məlumat verərək deyib ki, həmin tədbir qadınların sosial-iqtisadi həyatda rolunun artırılmasına xidmət edib. Onun sözlərinə görə, Bakıya ilk dəfə gələn forum iştirakçıları böyük təəssüratlar əldə ediblər, təkrar gələnlər isə böyük inkişafın şahidi olublar. Forumun sonunda Madrid klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. N. İbrahimov bildirib ki, protokolda gələcəkdə bu kimi tədbirlərin keçirilməsinə dəstək ifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00