Anadolu Universitetində “Heydər Əliyev Mərkəzi” yaradılıb
8 May 2013 18:01 SiyasətOlaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Anadolu Universitetinin kitabxanasında yaradılan Heydər Əliyev Məlumat və Araşdırma Mərkəzinin açılışı olub. Anadolu Universiteti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Türk dünyasının mədəniyyət paytaxtı olan Əskişəhərdə açılan mərkəz Heydər Əliyevin həyatı, fikirləri, fəaliyyəti, əsərlərindən ibarət kitab, fotoalbom, elektron materiallardan ibarətdir. Mərkəzin açılışında Əskişəhərin merinin müavini Aydın Tetkioğlu, Anadolu Universitetinin rektoru professor Davud Aydın, Azərbaycanın millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə ateşesi Nəcibə Nəsibova iştirak ediblər.
Millət vəkili Əhliman Əmiraslanov mərkəzin açılmasının məqsədinin iki ölkə arasındakı münasibətləri daha möhkəmləndirmək olduğunu bildirib: "Azərbaycandakı uğurlar Türkiyədə nümayiş etdirilsin, Türkiyənin Anadolu Universitetinin uğurları Azərbaycanda əks olunsun". Əmiraslanov həmçinin belə bir mərkəzin yaradılmasının universitetlər arasındakı əməkdaşlıq baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.