“Köhnə müxalifət öz-özünə sıradan çıxacaq, Milli Şuraya isə ehtiyac yoxdur” - RƏY

Elxan Şahinoğlu: “Milli Şura ideyasının hansı nəticə ortaya qoyması məsələsini aydınlaşdırmaq üçün İctimai Palata nümunəsinə diqqət etmək lazımdır”

"Milli Şuranın yaradılması məsələsi xeyli uzadıldı, məlumatlara əsasən qurum may ayı ərzində təsis olunmalı, tərkibi isə 51 nəfərdən ibarət olmalıdır. Milli Şura ideyasının hansı nəticə ortaya qoyması məsələsini aydınlaşdırmaq üçün İctimai Palata nümunəsinə diqqət etmək lazımdır. Çünki, Milli Şuranın da əsas iştirakçıları deyilənə görə AXCP, Müsavat və ictimai fəallar olacaq. Çox maraqlıdır ki, ictimai fəallara nə maneə olurdu ki, onlar İP-ə qatılmırdılar?!" Politoloq Elxan Şahinoğlu köhnə müxalifətin kinodramaturq Rüstəm İbrahimbəyovun Milli Şura ideyasına o qədər də maraqlı olmaması məsələsinə münasibət bildirərkən belə deyib. Milli Şura ilə bağlı ortada şübhəli sualların olduğunu deyən politoloq hesab edir ki, İsa Qəmbərin "Yeni Müsavat" qəzetinə verdiyi son müsahibəsində Milli Şura məsələsində Rusiyanın əli olması işartısı açıq şəkildə hiss olundu: "Müsavat Partiyası da quruma daxil olub olmayacağı barədə çətinlik çəkir. Çünki, Milli Şura istiqamətinin hansı tərəfdən gəldiyi barədə şübhəli məqamlar var. Qurum yaradılsa belə onun vahid komanda tərəfindən idarə olunacağı inandırıcı deyil. E.Şahinoğlu son zamanlarda ictimaiyyətdə Milli Şuranın köhnə müxalifəti sıradan çıxarması məsələsinə də aydınlıq gətirərək bildirdi ki, ənənəvi müxalifətin klassiklər tərəfindən sıradan çıxarılması üçün Milli Şuranın yaradılmasına ehtiyac yoxdur, irəli sürülmüş bu iddia o qədər də düzgün deyil: "Çünki, yaradılacaq quruma köhnə müxalifət də dəvət olunub. Bu il keçiriləcək seçkilərdə nəticə qazanmasa köhnə müxalifətin özü avtomatik olaraq siyasi meydandan uzaqlaşacaq"

Xəzər Teyyublu: "Müxalifətin nəticə əldə etməsi üçün demokratik qüvvələrin bir qurum altında cəm olunması ehtiyacı hiss olunur"

KXCP sədrinin müavini Xəzər Teyyublu isə "köhnə müxalifət" birləşməsinin heç bir məntiqə uyğun gəlmədiyini bildirərək qeyd etdi ki, Azərbaycanda müxalifətin köhnəsi, yenisi yoxdur, ölkədə siyasi dəyişikliklər etməyə can atan, KXCP-də daxil olmaqla Azərbaycanda demokratik seçkilərin keçirilməsinə səy göstərən, insanların hüquq və azadlıqlarının bərpa olunmasına çalışan, Dağlıq Qarabağın Ermənistanın işğalından azad olunması üçün mübarizə aparan müxalif siyasi partiyalar var. X.Teyyublu hesab edir ki, müxalifətin nəticə əldə etməsi üçün demokratik qüvvələrin bir qurum altında cəm olunması ehtiyacı hiss olunur. Bunun üçün konkret ortaq prinsiplər müəyyənləşdirilməli, həmin prinsiplər razılaşdırıldıqdan sonra vahid fəaliyyət istiqamətləri olmalıdır: "Bu cür məsələlərə nail olunsa nəticə əldə etmək mümkündür. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün çalışan bütün siyasi birliklərin yaradılması təqdirəlayiqdir. Bir müddət əvvəl KXCP Milli Şuranın hansı formatda yaradılması üçün üç maddədən ibarət təklif verib. Azərbaycanda kiçikliyindən, böyüklüyündən asılı olmayaraq xalqdan səs alan namizədlərin orada təmsil olunması vacibdir".

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00