Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır
8 May 2013 12:43 SiyasətTürkiyənin Giresun Universitetində Şuşanın Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. "OLAYLAR"-ın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Şuşanın qədim tarixi var. Şuşa əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi olub. Mədəniyyətə əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib. "Hər bir azərbaycanlı Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır. Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur". Şuşanın 21 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır: "Amma bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan torpaqlarımızı bizə vermələrini gözləməməliyik". O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.