Dağlıq Qarabağ münaqişəsi regiona ciddi təhlükədir
İlham Əliyev: “Azərbaycan münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etməyin tərəfdarıdır”
7 May 2013 19:05 SiyasətBakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu işə başlayıb. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva də iştirak edib. Tədbirdə prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı çıxışında Cənubi Qafqazdakı vəziyyətə, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlara toxunub. Prezident deyib ki, bu gün Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda sülhə, sabitliyə ciddi təhlükədir. Prezident bildirib ki, Azərbaycan təbii olaraq bu münaqişənin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etmək, beynəlxalq hüquqa uyğun olaraq ərazilərinin işğaldan azad olunmasını istəyir. Dövlət başçısı xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələr erməni silahlılarının həmin ərazilərdən çıxmasını tələb edir. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur, yerinə yetirilmir".
Azərbaycanda həyata keçirilən islahatlardan bəhs edən prezident İlham Əliyev qeyd edib ki, görülən tədbirlər müsbət nəticəsini verir: "Biz siyasi islahatlar həyata keçiririk, cəmiyyətimizin demokratikləşməsi bizim üçün prioritet məsələdir".
Dövlət başçısının dediyinə görə, siyasi və iqtisadi islahatlar paralel həyata keçirilməlidir ki, bir-birini dəstəkləsin, qarşıya qoyulan məqsədlərə nail olunsun: "Biz müstəqillik dövründə, xüsusilə son 10 il ərzində böyük irəliləyişə nail olmuşuq. Ümumi Daxili Məhsulun artımı 300 faiz təşkil edib ki, bu da dünyada rekord rəqəmdir. Eyni zamanda yoxsulluğu azaldaraq, 50 faizdən 6 faizə endirmişik. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nəticələr beynəlxalq təsisatların diqqətindən yayınmır. Əsas beynəlxalq maliyyə təsisatlarının bununla bağlı rəyi müsbətdir. Davos Forumunun göstəricilərinə görə, Azərbaycanın rəqabətlilik baxımından reytinqi artıb. Biz ölkədə əsas iqtisadi islahatları həyata keçirə bildik. İqtisadi inkişaf baxımından keçid dövrü artıq başa çatıb. 83 faiz iqtisadi yatırımımız hazırda özəl sektor tərəfindən təmin edilir. Bizim özəl sektor kifayət qədər güclüdür. İqtisadi baxımından Azərbaycanın gələcək inkişafı da cəlbedicidir. Hazırda əsas diqqətimiz qeyri-enerji sektoruna yönəlir. 2013-cü ilin ilk üç ayında qeyri-enerji sektorunda böyük nailiyyətlər əldə edilib, 11 faizdən çox artım qeydə alınıb. Bu, bir daha göstərir ki, bizim iqtisadiyyatımız daha cəlbedicidir. İqtisadiyyatımızı şaxələndirmək istəyirik, bu istiqamətdə səy göstəririk. Çünki şaxələndirmə baş vermədikcə, daha böyük uğurlara nail ola bilmərik". Dövlət başçısı bildirib ki, Azərbaycan müasir texnologiyalara daha çox sərmayə yatırır: "Bu il çox mühüm hadisəni yaşadıq. İlk dəfə olaraq Azərbaycanın süni peyki olan "Azerispace-1"-i fəzaya buraxdıq. Bu deməkdir ki, Azərbaycanda kosmos sənayesi var. Bundan sonra "Azerispace-2" və "Azerispace-3" peykləri buraxılacaq. Biz beynəlxalq tərəfdaşlarımızla birgə Azərbaycanda çox güclü kosmos sənayesi yaratmaq fikrindəyik".
Prezident İ. Əliyev enerji sahəsinin Azərbaycan iqtisadiyyatı üçün əsas hissə olduğunu deyib: "Çünki uzun əsrlər boyu Azərbaycan neft ölkəsi olaraq tanınıb. Biz indi qaz hasil edən ölkə kimi də tanınırıq. Enerji sektoruna yatırılan sərmayələr bizə çox müsbət investisiya iqlimi yaratmaq imkanı verdi. Birbaşa xarici sərmayələrə görə biz regionda ilk yerdəyik. Bu da xarici şirkətlərin ölkəmizə gəlməsini şərtləndirir. Ağır fəsadları, bəzi ölkələrin üzləşdiyi problemləri təkrarlamamaq məqsədilə Dövlət Neft Fondu kimi mexanizm yaratdıq. Dövlət Neft Fondu dünyada ən şəffaf fondlardan biri kimi tanınıb. Biz bununla çətin vəziyyətə düşməkdən özümüzü sığortaladıq. Biz kasıbların daha da kasıblaşması, varlıların daha da varlanması kimi haldan yan keçdik".
Dövlət başçısı deyib ki, insan kapitalına, xüsusilə təhsil sahəsinə sərmayələr qoyulur: "Təhsil ümumiyyətlə uğuru şərtləndirən meyardır. Müxtəlif ölkələrin tarixi və təcrübəsi göstərir ki, nəinki iqtisadi inkişaf, o cümlədən intellektual potensial da vacib məsələdir. Biz 10 il öncə bəyan etdik ki "qara qızıl"ı insan kapitalına çevirmək fikrindəyik. İqtisadiyyatın şaxələndirilməsi, sosial layihələrin həyata keçirilməsi, infrastruktur layihələr və Azərbaycanda görünən dəyişikliklilər onu göstərir ki, keçid sahəsində - yəni totalitar cəmiyyətdən demokratik cəmiyyətə, dövlət iqtisadiyyatından özəl iqtisadiyyata keçiddə yaxşı təcrübəmiz var".
Prezident İ. Əliyev bu gün Azərbaycanın tam olaraq öz resurslarına, güclü maliyyə imkanlarına malik ölkə olduğunu qeyd edib: "Bu da o deməkdir ki, iqtisadi böhran bizə təsir göstərmədi. Təbii ki, bütün bunlar ölkənin gələcək inkişafında öz rolunu oynayacaq. Biz bu gün öz dostlarımızla, tərəfdaşlarımızla enerji təhlükəsizliyi sahəsində fəal çalışırıq. Avropa ölkələri ilə, qonşularımızla bunu ona görə edirik ki, öz enerji potensialımızdan yaxşı yararlanaq". Dövlət başçısı Azərbaycanın enerji resurslarının bundan sonra daha 100 il ölkəyə kifayət edəcəyini də vurğulayıb..
Tədbirdə çıxış edən Gürcüstan prezidenti Mixael Saakaşvili forumun əhəmiyyətindən danışıb. O bildirib ki, regionun gələcək taleyi burada, Bakıda, Azərbaycanda həll olunur: "Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın, Ukraynanın, Moldovanın, ümumiyyətlə postsovet ölkələrinin müstəqilliyidir. Avropanın təhlükəsizliyinin, dünyada azadlığın taleyi, hər şey bu regionda, Azərbaycanda həll olunur. Azərbaycanın stabilliyi və inkişafı bütün siyasi proseslərin sakit, dinc məcrada inkişafı göstərir ki, bizim son illər əldə etdiyimiz nailiyyətlər təkcə tarixdə qalmayacaq, həm də davam edəcək".
Saakaşvili bildirib ki, regionda Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan neqativ qüvvələr var: "Biz bunu Gürcüstanda öz üzərimizdə hiss etdik. Bu qüvvələr Azərbaycanın əldə etdiyi tərəqqi prosesini dayanması və davam etməməsi üçün hər cür səy göstərəcəklər. Çünki bu proses özlərini imperiya ambisiyaları olmadan təsəvvür edə bilməyən qüvvələrin yuxusunu ərşə çəkib. Çünki, bugünkü müstəqil xarici siyasət yürüdən, uğur qazanan Azərbaycan - bu məkan üçün tam yeni reallıqdır. Azərbaycan nümunə göstərib və buna görə biz onu qorumalıyıq".
Gürcüstan prezidenti çıxışında Cənubi Qafqazdakı münaqişələrin yubanmasından narahat olduğunu da bildirib: "Yüz minlərlə Gürcüstan və Azərbaycan vətəndaşı öz evlərinə qayıda bilmirlər. Çünki bu evlər artıq onların deyil, evlər müəyyən siyasi səbəblərə görə onlara məxsus deyil. Nəticədə insanlar geri qayıdıb doğmalarının məzarları olan o torpaqlara ayaq basa bilmirlər. Bütün bunlar böyük qüvvələrin oyunudur" O, Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi mühüm əhəmiyyət kəsb etdiyinə diqqət çəkib: "Azərbaycan stabilliyin, iqtisadi gücün və Xəzər regionunda müstəqil siyasətin uğurlu nümunəsidir. Ümidvaram ki, Cənubi Qafqaz uzunmüddətli perspektivdə vahid regiona çevriləcək, perspektivdə bura Ermənistan da daxil ola bilər. Çünki Ermənistana qonşu dövlətlərlə əlaqələr lazımdır, bu dövlət təcrid olunmuş ölkə ola bilməz. Əminəm ki, Ermənistanı ümumi stabillik zonasına inteqrasiya edə bilərik. Lakin bu siyasi liberallaşmanın bir hissəsi kimi baş verməlidir. Bu, təkcə bizim üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tifils-Qars layihəsinə qoşulmaq hesabına deyil, həm də siyasi həll vasitəsi hesabına olmalıdır". Saakaşvili Azərbaycanın xarici siyasət kursunun dəyişmədiyini bildirib: "Dünya bu ölkədə stabilliyin pozulmasına imkan verməməlidir. Müstəqil siyasət kursunun nəyə gətirib çıxardığını bu ölkənin timsalında gördük. Heç kim Gürcüstanda belə proseslərin baş verəcəyini gözləmirdi, amma bu, baş verdi. Lakin Azərbaycan - möhkəm əsaslar üzərində dayanan, uğurlar qazanan dövlətdir və ümidvarıq ki belə də qalacaq. Biz də özümüzə belə tale arzulayırıq, çünki öz səhvlərimizdən dərs çıxarırıq".
Xatırladaq ki, iki gün davam edəcək foruma İordaniya kraliçası xanım Nur, BMT Baş Katibinin xüsusi müşaviri Nafis Sadek, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl və bir sıra ölkələrin sabiq prezidentləri ilə yanaşı, ümumilikdə dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim qatılıb.
Samir