Prezident İlham Əliyev: "Azərbaycan bəzi neft hasil edən ölkələrin üzləşdiyi çətinliklərdən yan keçə bildi"
7 May 2013 18:26 SiyasətAzərTAc-ın xəbər verdiyi kimi, mayın 7-də Bakıda Madrid Klubunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdikləri Birinci Cənubi Qafqaz Forumu işə başlamışdır.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak etmişlər.
Forumu Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
Tədbir iştirakçılarını salamlayan Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə belə mötəbər tədbiri Azərbaycanda təşkil etdiyinə görə Madrid Klubuna təşəkkürünü bildirdi. XX əsrin əvvəllərində müstəqilliyini qazanan, Şərqdə ilk dəfə qadınlara seçib-seçilmək hüququ verən Azərbaycanın 70 il Sovet İttifaqının tərkibində olduqdan sonra ötən əsrin axırlarında yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ötən müddətdə keçdiyi tarixi yoldan danışdı. Prezident İlham Əliyev Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdiyini, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmadığını bildirdi və bu baxımdan beynəlxalq təşkilatların effektivliyi məsələsinə toxundu.
Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın münasibətlərini regional əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirən dövlətimizin başçısı Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyinin, işğalçılıq siyasətindən əl çəkməməsinin bölgədə əlaqələrin daha da genişləndirilməsinə başlıca əngəl olduğunu vurğuladı.
Prezident İlham Əliyev müstəqillik dövründə Azərbaycanın böyük uğurlar qazandığını, son 10 ildə ümumi daxili məhsulun 3 dəfə artdığını, yoxsulluğun 50 faizdən 6 faizə, işsizliyin isə 5 faizə endiyini dedi, əhalinin maddi rifah halının yaxşılaşdığını, özəl bölmənin iqtisadiyyatda həlledici mövqe qazandığını bildirdi. Dövlətimizin başçısı beynəlxalq reytinq agentliklərinin dünyada maliyyə böhranının hökm sürdüyü bir zamanda Azərbaycanın iqtisadi reytinqini artırdıqlarını, Davos Forumunun ölkəmizin rəqabətliliyini yüksək qiymətləndirdiyini dedi.
Respublikamızın iqtisadiyyatında keçid dövrünün başa çatdığını deyən Prezident İlham Əliyev hazırda Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafı, şaxələndirmənin və müasir texnologiyaların tətbiqinin xüsusi diqqətdə saxlandığını bildirdi. Dövlətimizin başçısı "Azərspace-1" peykini kosmosa buraxan Azərbaycanın kosmos sənayesinin yaradılması istiqamətində növbəti tədbirləri həyata keçirdiyini dedi. Neftdən gələn gəlirləri insan kapitalına yönəldən respublikamızın hasilatçı, istehlakçı və tranzit ölkələr arasında nümunəvi regional əməkdaşlıq formatı qurduğunu deyən Prezident İlham Əliyev dövlətimizin fəal xarici siyasət yürütdüyünü vurğuladı. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməsini respublikamızın müstəqillik illərində apardığı məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsi və ölkəmizin qlobal arenada oynadığı rolun konkret nümunəsi kimi dəyərləndirdi. Azərbaycanda daim multikulturalizmin hökm sürdüyünü və bu baxımdan ölkəmizin təcrübəsinin nümunə olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq səviyyədə qarşılıqlı anlaşma və dözümlülüyə nail olunmasının vacibliyini bildirdi.
İordaniya Kraliçası Nur Bakıda olmağından son dərəcə məmnunluğunu ifadə etdi. İçərişəhərin nadir memarlıq nümunələrinə və Bakının müasir simasına valeh olduğunu deyən xanım Nur Azərbaycan paytaxtını Şərqin Parisi adlandırdı. O, Azərbaycanı həm də müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm məkan kimi dəyərləndirdi.
Nizami Gəncəvinin əsərləri ilə yaxından tanış olduğunu bildirən qonaq dahi şairin "Xəmsə"sinin müasir dövrdə də aktuallığını itirmədiyini söylədi. Xüsusilə Nizaminin poemalarında qadının cəmiyyətdə rolu, ədalətli hökmdar, müharibələrə nifrət, insanpərvərliyin tərənnümü kimi mövzuların bu gün də öz dəyərini saxladığını vurğuladı.
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Sovet İttifaqının tərkibində olmuş respublikaların müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yolunda qarşılaşdıqları çətinliklərdən danışdı. Bildirdi ki, həmin ölkələrin keçmişin stereotiplərindən azad olmaları üçün dövlət başçıları səylərini artırmalıdırlar. "Hər bir ölkənin, hər bir xalqın azad olmağa mənəvi haqqı var", - deyən Freyberqa ölkələrin ərazi bütövlüyünün müasir dünyada əsas məsələlərdən olduğunu vurğuladı. Bəzi ölkələrin işğal siyasəti ilə üzləşdiyini deyən qonaq demişdir ki, BMT bu məsələdə daha həssas olmalı və yalnız sanksiyalarla kifayətlənməməlidir. Xanım Freyberqa bu mühüm və qlobal məsələlərin Bakıda müzakirəsi üçün yaradılan şəraitə və səmimi qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Niderlandın keçmiş Baş naziri, Madrid Klubunun prezidenti Vim Kok bildirdi ki, sabiq liderlərin üzv olduğu klubun əsas məqsədi demokratik ideyaları təbliğ etməkdir. Ölkəmizin Cənubi Qafqazda özünəməxsus yer tutduğunu deyən Vim Kok qeyd etdi ki, burada müxtəlif mədəniyyətlərə mənsub insanlar bir yerdə yaşayır və bu kontekstdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti alqışlanmalıdır. Madrid Klubu ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə əminliyini bildirən Vim Kok gələcəkdə hansı ideyaların həyata keçirilməsi ilə bağlı məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyinə diqqəti yönəltdi. Belə bir forumun keçirilməsini aktual təşəbbüs kimi qiymətləndirən qonaq bir daha Azərbaycan tərəfinə bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirdi.