Milli Şura ideyası dəstəklənmir - SİYASİ ŞƏRH
Qurumun milli maraqlara zidd addımları özünü göstərir
7 May 2013 14:57 SiyasətBu günlərdə cəmiyyətdə ən çox müzakirə edilən mövzulardan biri də müəyyən qüvvələr tərəfindən ortaya atılmış Milli Şura ideyasıdır. Hələlik yalnız adı cəmiyyətə açıqlanan bu qurumun tərkibində hansı qüvvələrin yer alacağı dəqiq məlum olmasa da, bir məsələ gün kimi aydındır ki, Milli Şura ideyasının arxasında şimal qonşumuz olan Rusiya Federasiyası dayanıb. Kremlin burada başlıca məqsədi isə Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinə Milli Şura vasitəsilə müəyyən mənada təsir göstərmək və həmin təsirlərin qarşılığında Bakıdan imtiyazlar qoparmaqdır. Elə bu səbəbdəndir ki, ölkənin əsas siyasi partiya və təşkilatları Milli Şura ideyasını haqlı olaraq qəbul etmir, onu Azərbaycanın milli maraqlarına zidd addım kimi dəyərləndirirlər. Düzdür, Milli Şura ideyasında adı hallandırılanlar, xüsusilə onun rəhbəri kimi tanınan kinorejissor Rüstəm İbrahimbəyov bunu qəbul etməsə və Rusiya barmağını özündən uzaqlaşdırmaq görüntüsü yaratsa da, proseslər tamamilə fərqli görünür. Əvvəla, Rüstəm İbrahimbəyovun Rusiyameyilli olduğu hər kəsə məlumdur. İkincisi isə, kinorejissorun siyasət meydanına baş vurmasından sonra müntəzəm olaraq Moskvada peyda olması deyilənləri təsdiqləyir. Bəs görəsən siyasilər Milli Şura ideyasını necə qarşılayır və bu ideyanı Azərbaycanın milli maraqlarına nə dərəcədə təhlükə hesab edirlər?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, Milli Şura ideyasının Moskvaya bağlılığını sübuta yetirmək üçün hansısa axtarışlar və təhlillər aparmağa heç bir ehtiyac yoxdur. VİP sədri Rusiya ilə əlaqələrin heç də əleyhinə olmadığını bildirib. Partiya sədri onu da qeyd edib ki, bu ölkə ilə əməkdaşlıq edərkən ölkəmizin milli maraqları nəzərə alınmalıdır: "Biz Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq. Bu istiqamətdə siyasi partiyaların da fəaliyyəti olmalıdır. Bizim hakimiyyətlə çəkişməmiz daxili məsələlər ətrafında ola bilər. Ancaq vaxt şəxsi qisas hissinə qapılıb dövlət suverenliyini, eksperiment meydanına çevirə bilmərik".
Əli Əliyevin sözlərinə görə, Milli Şuranın Kremlə bağlı olduğunu Rüstəm İbrahimbəyovun son bəyanatlarından da müşahidə etmək mümkündür: "Rüstəm İbrahimbəyovun son bəyanatlarında müxalifəti tələsməyə çağırması, onun kimlərinsə qarşısında hesabat verdiyinə dəlalət edir". Vətəndaş və İnkişaf Partiyasının sədri hesab edir ki, müxalif qüvvələr yalnız bir araya gəlib prezident seçkilərində birgə iştirak barədə düşünsələr daha uğurlu olardı: "Hakimiyyətin dəyişməsi yolu müxalifətin əməkdaşlığından və narazı elektoratın toparlanmasından keçir. Əfsuslar olsun ki, bu seçkilərdə də müxalifətin birliyinə nail ola bilmədik. Çox ehtimal ki, müxalifət bu seçkilərdə üstünlüklərini formalaşdıra bilmədi. Hansı qüvvələrin başqa dövlətlərin layihəsində yer alacaqları, ya almayacaqları, hansı proseslərdə özlərini gördüklərini deyə bilmərəm. Amma Azərbaycanda hakimiyyətə qarşı mübarizə aparmağın yolları Azərbaycan dövlətçiliyinə qarşı olmaqdan keçməməlidir".
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə deyib ki, Milli Şura ideyası boş, mənasız bir şeydir: "Əslində Şura adlanan bir qurum yoxdu. Amma olmayan bir qurumun sədrləri var". Partiya sədri Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının hələlik adı bəlli olan Milli Şurada həmsədrliyinə də münasibət bildirib: "Şura yoxdu, amma danışıqları aparan hər üç adamın həmsədrliyi müəyyənləşib. Dədə-babadan görünüb ki, sədri camaat yığışıb seçər. Bunlar özlərini həmsədr təyin ediblər, camaata da deyəcəklər ki, bəs üçümüz də sədrik. Məşədi İbad demişkən "qızın üç adaxlısı var. Belə bir deyim var: Allah birisinə qəzəblənəndə ağlını əlindən alır. Allahın bizim həmsədrlərə yazığı gəlsin. Guya ki, böyük birlik yaradırdılar, üçlük çıxdı".
Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu isə bildirib ki, Milli Şura və EL Hərəkatında təmsil olunanlar köhnə simalardır: "Sadəcə, adlar başqa-başqadır. Onların cəmiyyətə verəcəyi yeni mesajları və alternativ proqramları ortada yoxdur. Həmin qüvvələrin sosial bazası və tərəfdarları ənənəvi müxalifətin daxilindədir."Digər tərəfdən hələlik ortada Milli Şura adlanan hansısa bir qurum yoxdur. Yalnız bu istiqamətdə bəzi siyasi dairələr arasında müəyyən məsləhətləşmələr aparılır". AMİP rəsmisi deyir ki, hər hansı bir ad altında yaradılmasından asılı olmayaraq ölkədə fəaliyyət göstərən istənilən siyasi qüvvə ilk növbədə Azərbaycanın milli maraqlarını nəzərə almalıdır: "Hansısa xarici dairələrin sifarişini yerinə yetirən, onlara xidmət edən qüvvələrin fəaliyyəti məqbul hesab edilə bilməz".
Süleyman İsmayılbəyli