“Minlərlə məhbusun doğmalarına dönüşü…”
Zahid Oruc: “ 90 yaşlı Heydər Əliyevin ruhunu şad edəcək siyasi və mənəvi böyüklük nümunəsidir”
7 May 2013 13:49 Siyasət"Təkcə dəmir barmaqlıqlar arxasında hər saatı bir il kimi yaşayaraq dövlətdən humanizm gözləyənlər deyil, həm də bütövlükdə milli həyatımıza əhəmiyyətli təsir göstərən bu addım başlıca olaraq bir məqsədi hədəf edir. bağışlaya bilmək, özünü mərhəmət hisslərinin ixtiyarına vermək və barışmağı bacarmaq". "OLAYLAR"-ın məlumatına görə, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Amnistiya haqqında" qanun layihəsini müzakirəsinə münasibət bildirərkən səsləndirib. Bildirib ki, azadlığa yenidən dönüş imkanı qazananlar bu mənəvi və hüquqi aktı bir daha cinayətə yuvarlanmamaq üçün şans kimi dəyərləndirməlidirlər: "Parlamentə təqdim olunmuş sənəddə dövlətin hansı əhali qrupuna humanizm tətbiq edəcəyinin çərçivəsi göstərilib. Qarabağ və II Dünya müharibəsi qurbanlarının yaxın qohumları, deportasiya və erməni soyqırımı cinayətlərinin nəticəsində həyatını itirənlərin yaxınları və sair insanlar bu aktdan faydalana biləcəklər. Şübhəsiz ki, minlərlə məhbusun doğmalarına dönüşü 90 yaşlı Heydər Əliyevin ruhunu şad edəcək siyasi və mənəvi böyüklük nümunəsidir". Zahid Orucun sözlərinə görə, amnistiya hər kəsin kin və küdurətdən azad olma hadisəsi, mərhəmət və alicənablıq nümunəsidir.