"Nə qədər güclü olarıqsa, münaqişəni bir o qədər tez aradan qaldıra bilərik"
İlham Əliyev: “Gürcüstan-Azərbaycan münasibətləri regional əməkdaşlığın ən yaxşı nümunəsidir”
7 May 2013 11:17 SiyasətBakıda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə Cənubi Qafqaz Forumu başlayıb. ANS PRESS-in məlumatına görə, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. İki gün davam edəcək foruma 40-dan çox ölkədən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim iştirak edir.Dövlət başçısı Cənubi Qafqaz Forumunda çıxış edib. APA-nın məlumatına görə, prezident bildirib ki, Azərbaycan təbii olaraq Qarabağ münaqişəsinin həllini beynəlxalq hüquq normaları çərçivəsində təmin etmək istəyir: "Beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizin işğaldan azad olunmasını istəyirik. Bu gün Ermənistan və Azərbaycan arasında davam edən münaqişə regionda sülhə, sabitliyə ciddi təhlükədir".Prezident xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onu əhatə edən 7 rayon işğal altındadır: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Həmin qətnamələr erməni silahlılarının həmin ərazilərdən çıxmasını tələb edir. Təəssüf ki, həmin qətnamələr 20 ildən çoxdur yerinə yetirilmir".İlham Əliyev bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz siyasətinə sadiq qalacaq və dövlətin daha da güclənməsi davam edəcək: "Biz iqtisadi və siyasi islahatlarımızı davam etdirəcəyik. Çünki nə qədər güclü olarıqsa, münaqişəni bir o qədər tez aradan qaldıra bilərik".Dövlət başçısı Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında münasibətləri regional əməkdaşlığın ən yaxşı nümunəsi kimi xarakterizə edib: "Təəssüf ki, Cənubi Qafqazda üçüncü dövlət olan Ermənistanla münasibətlər gərgin vəziyyətdədir. Bu münasibətlərin normal səviyyəyə gəlməsi üçün Ermənistan regionda işğalçılıq siyasətinə son qoymalıdır".