İbrahimbəyov ənənəvi müxalifəti sıradan çıxarır - SİYASİ ANALİZ
Milli Şuranın tərkibi narazılıq doğurur, Müsavat proseslərdən kənarda qala bilər
6 May 2013 15:12 SiyasətYazıçı-dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılan Milli Şura artıq elan edilmək üzrədir. İlkin məlumatlara görə, qurum Demokratik Qüvvələrin Milli Şurası adlanacaq və 51 nəfərdən ibarət olacaq. Bu günlərdə Moskvadan qayıtmış El hərəkatının rəhbəri Eldar Namazov bildirib ki, üzvlərin hamısı bərabərhüquqlu olacaq. Milli Şura haqqında fikirlər müxtəlifdir. Müsavatyönlü mətbuat "İbrahimbəyovun müxalifəti tələsdirdiyini", müstəqil mətbuat "Müxalifətdən olan ictimai rəy liderlərinin heç də hamısının MŞ-a daxil edilmədiyini" və nəhayət "İbrahimbəyovun ənənəvi müxalifəti sıradan çıxardığını" yazır. Rüstəm İbrahimbəyov isə öz müsahibəsində müxalifət liderlərinin Milli Şuranın yaradılması üçün heç nə etmədiyini yazıb. O, bildirib ki, yeni ideyalar verilmir. Moskvadan yenicə qayıtmış Eldar Namazovun açıqlamalarında da birlik üçün şübhəli məqamlar var. MŞ üzvlərinin bərabərhüquqlu olması ideyasını İbrahimbəyovla yanaşı Namazov da vurğulayıb. Ənənəvi müxalifət liderləri və ideoloqları narahatdır. Nədən ömrünün 20 ilini müxalifətdə əritmiş, partiyası, yerli təşkilatları olan siyasətçilər, müstəqil şəxslər bir tutulmalıdır? Ənənəvi müxalifət bunu tələ hesab edir. Onlar hesab edirlər ki, əksər rayonda yerli strukturları olan qocaman müxalifət partiyalarının lider və funksionerlərinin müstəqil ziaylılara, politoloqlara bərabər tutulması heç də yaxşı hal deyil. Bunu 1991-ci ildə 360 deputatı olan Ali Sovetin Komblok və Demblokdan 25 deputat olmaqla yaradılmış quruma (o qurum da Milli Şura adlanırdı) bənzədirlər. O zaman xalq hərəkatını təmsil edən siyasi qüvvələr Mütəllibov rejiminə bu cür qalib gəlmişdilər. İndi eyni metodla İbrahimbəyov ənənəvi müxalifətin əsas simalarını mübarizədən kənarda qoymaq istəyir. Artıq ilk parçalanma var. Çatan xəbərlərə görə, Rəsul Quliyev, İqbal Ağazadə, Mirmahmud Mirəlioğlu Milli Şuardan kənarda qoyulacaq. İstər İbrahimbəyovun, istərsə də, Eldar Namazovun açıqlamalarında bir tərəf əsas götürülür. Onlar AXCP sədri Əli Kərimliyə simpatiyalarını gizlətmirlər. Kuluarlarda Müsavat başqanı İsa Qəmbərin əleyhinə açıq-aşkar təbliğat aparılır. Açıqça bildirirlər ki, Müsavat başqanı, Pənah Hüseyn və Arif Hacılının məqsədi qarşıdakı parlament seçkilərində mandat qazanmaqdır. Onlar bunun üçün bu seçkilərdə müxalifətin birləşməsinə mane olacaqlar. İbrahimbəyov və Eldar Namazov AXCP sədri Əli Kərimlinin birlik məsələsində daha doğru siyasət apardığını bildiriblər. AXCP sədrinə açıq simpatiyanın bildirilməsi Müsavatı qıcıqlandıracaq. AXCP sədrinin son zamanlar özünə güvənc hissi ilə danışması onu deməyə əsas verir ki, İbrahimbəyov düşərgəsinin prezidentliyə vahid namizədi elə Əli Kərimli olacaq. Müsavat Milli Şuraya deyilən şərtlərlə üzv olarsa, İsa Qəmbər vahid namizəd ola bilməyəcək. Bu isə Arif Hacılı-Pənah Hüseyn-Rauf Arifoğlu qrupunun məğlubiyyəti deməkdir. Onlar buna razılıq verməyəcəklər. Onların Milli Şuraya zidd siyasəti Müsavatın qurumdan kənarda qalması ilə sonuclana bilər. Müsavatın Milli Şuradan kənarda qalması İctimai Palatanın parçalanması, Müsavat ətrafında yeni blokun yaranması ilə nəticələnə bilər.
Milli Şuranın bu tərkibdə yaranmasına müqavimət göstərməsi Müsavatın doğru taktikasıdır. Milli Şura 51 nəfər bərabərhüquqlu üzvün iştirakı ilə yaranarsa, ənənəvi müxalifət sıradan çıxacaq. Bu eyni zamanda Rusiyameylli qüvvələrin Qərbpərəst müxalifəti sıradan çıxarmaq taktikası kimi də dəyərləndirilə bilər.
Ərhun Abbas