Avroparlamentarilərin erməni sevgisi

Bu günlərdə Avropa Parlamentinin bir neçə üzvünün beynəlxalq hüquq və normaları pozaraq Azərbaycanın icazəsi olmadan Ermənistan ərazisindən işğal altında olan rayonlara səfər etməsi cəmiyyətdə haqlı narazılığa səbəb olub. Təkcə sıravi vətəndaşlar deyil, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri və ictimai təşkilatlar Avropa parlamentarilərinin bu addımını qətiyyətlə pisləyiblər. Hətta sözügedən məsələ Milli Məclisin sonuncu iclasında da müzakirə edilib və deputatlar Avropa Parlamentinin üzvlərinin bu addımını pisləyiblər. Birmənalı olaraq qeyd edilib ki, bu avroparlamentarilərin beynəlxalq hüququ pozmasıdır. Milli Məclisin iqtisadi siyasət daimi komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnsitutunun rəhbəri Əli Məsimli bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır: "Bu, bütün BMT-dən, ATƏT-dən tutmuş, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarında belə öz təsdiqini tapır. Ona görə də avropalı parlamentarilərin Dağlıq Qarabağa səfəri beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımdır. Çox təəssüf hissi ilə  bildirirəm ki, bir neçə gün əvvəl Avroparlamentin bir neçə üzvü Azərbaycan Respublikasının suveren hüquqlarına hörmətsizlik nümayiş etdirərək, onun icazəsi olmadan, işğalçı ölkə-Ermənistan Respublikası üzərindən Azərbaycanın işğal olunmuş Yuxarı Qarabağ bölgəsinə səfər etmiş, qondarma, heç bir beynəlxalq qurum və dövlət tərəfindən tanınmamış "Dağlıq Qarabağ" da görüşlər keçirmiş, separatçılara özlərini tanıtmaları istiqamətində hər cür yardım edəcəkləri vədini vermişlər. Bununla bir növ öz üzərilərinə separatçıları dəstəkləmək öhdəlikləri götürmüşlər. Baş verən bu hadisəyə Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan iqtisadi-siyasi münasibətlər, eləcə də "Şərq Tərəfdaşlığı" prizmasından yanaşdıqda görürük ki, bu heç bir ölçüyə sığmır. Bu hiddət doğurucu, qarşılıqlı münasibətlərə ciddi zərbə vuran hal kimi dəyərləndirilməlidir". Millət vəkili hesab edir ki, Azərbaycan Avropanın bir nömrəli probleminə çevrilən enerji təhlükəsizliyi məsələsində necə səy göstərirsə, Avropa strukturları da Azərbaycanın bir nömrəli problemi olan ərazı bütövlüyü kimi həssas bir məsələdə beynəlxalq səviyyədə qəbul olan sənədlərə hörmətlə yanaşmalıdır: "Avropa Parlamentinin sülh, demokratiya və hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmiş həmin üzvlərinin atmış olduğu bu addımı Azərbaycan Respublikasının süveren hüquqlarına hörmətsizlik, qarşılıqlı əməkdaşlığa ciddi zərbə vuran bir hadisə kimi dəyərləndirir, onu pisləyirəm. Hesab edirəm ki,  Avropa Parlamentinin prezidenti cənab Martin Şults və Avropa Parlamentinin üzvləri bu məsələyə münasibət bildirməlidirlər. Həmçinin belə hərəkətlərin qarşısının alıması üçün müvafiq tədbirlər görülməlidir".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə hesab edir ki, Avropa parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın icazəsi olmadan  Ermənistan üzərindən və birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı həm də adekvat cavablandırılmalıdır: "Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə münasibətlərə yenidən baxılmalıdır. Eyni zamanda Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıdakı səfirliklərinə etiraz notası verməlidir". Millət vəkilinin sözlərinə görə, bu kimi mənfi hallara qarşı Azərbaycan  dövləti tərəfindən zamanında sərt addımlar atılmadıqca, bir çox dövlətlər davamlı özbaşınalıq sərgiləyirlər: "Yeri gəlmişkən Rusiyanın son addımlarını da nəzərə almaq lazımdır. Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan federal Ləzgi Milli-Muxtariyyətinin  Avropa turnesində ölkəmiz əleyhinə apardığı kompaniya zamanı Avropa təsisatlarında Azərbaycana qarşı separatçı mövqe nümayiş olundu. Putinin numayəndəsi, Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının üzvü və Dağıstanın prezidenti səlahiyyətlərin icra edən Abdullatipovun açıq-aydın Azərbaycana qarşı bölücü çağırışları səsləndi. İndi azərbaycanlı gənclərin Moskvaya çağırılıb təlimatlandırılması xəbərləri gəlir. Düşünürəm ki, bu cür mənfi hallara qarşı zamanında adekvat münasibət sərgilənsəydi, yəqin ki, indi fərqli mənzərənin şahidi olardıq. Bunlar həm də  vaxtında sərt mövqe qoyulmamasının nəticəsidir". Millət vəkilinin sözlərinə görə,  Azərbaycan hökuməti belə məsələlərdə dərhal adekvat addım atmalı, bu ölkələrlə olan iqtisadi münasibətlərdə, ölkəmizin suveren hüquq və ərazi bütövlüyünə olan münasibət  kriteriya kimi götürülməlidir. Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da deyir ki, Avropa Parlamenti üzvlərinin bu addımı və Azərbaycanın icazəsi olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfər etməsi ölkəmizə qarşı hörmətsizlikdir: "Bu eyni zamanda beynəlxalq hüquq və normalarına, ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı bir sayğısızlıqdır. Hesab edirəm ki, işğal altında olan Azərbaycan ərazilərinə səfər etmiş Avropa parlamentarilərinə qarşı müəyyən ölçü götürülməlidir"

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00