İran səfiri ölkəsinin Ermənistanla əlaqələrindən danışdı
Möhsün Pakayin: "Bizim Azərbaycanla olan münasibətlərimiz digər ölkələrdən daha üstün səviyyədədir"
3 May 2013 16:42 Siyasətİranla Ermənistanın yaxın əlaqələri regionda təhlükəsizliyin təmin olunması üçün istifadə olunur. Bunu Gəncəyə səfəri zaman İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin deyib. Gəncə şəhər icra hakimiyyətində görüşlər keçirən diplomat İranın Azərbaycanla iqtisadi əlaqələrini daha da genişləndirməkdə maraqlı olduğunu bildirib.
O, xüsusi ilə regionları əhatə edən iqtisadi layihələrin əhəmiyyətli olduğunu qeyd deyib. Görüşlərdə Gəncə şəhəri ilə Ərdəbil və Təbriz şəhərlərinin qardaşlaması mövzuları da müzakirə olunub. Jurnalistlərin suallarını cavablandıran iranlı səfir İranın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq təşkilatlarda dəstəklədiyini və bunun davam etdiriləcəyini bildirib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyün bərpa olması şərti ilə həll olunmasını istəyirik. Buna yardım etmək niyyətindəyik. İki ölkə arasındakı münasibət bu sahədə çalışmağa imkan yaradır. Bizim Ermənistanla olan əlaqəmiz heç bir vəchlə Azərbaycanın əleyhinə deyil. Bizim Azərbaycanla olan münasibətlərimiz digər ölkələrdən daha üstün səviyyədədir",- deyə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin qeyd edib.