Qərəzli  və təxribat xarakterli suallara təmkinli və məntiqli cavab

Şahin Seyidzadə: "İlham Əliyev qərəzli mövqeyə adekvat cavablar verməklə ölkəmizin haqlı mövqeyini dünyaya nümayiş etdirdi"

27 sentyabr tarixindən etibarən Dağlıq Qarabağ ərazisində Ermənistan ordusu tərəfindən cəhd edilən təxribatın qarşısının alınması ilə başlanılan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hərbi əməliyyatlar davam etməkdədir. Geridə qoyduğumuz dövr ərzindən sözsüz ki, qonşu ölkələr və dünya ictimaiyyətinin diqqəti münaqişə ərazisi və hal-hazırda döyüşləri davam etdirən iki ölkə üzərində olmuşdur. Həyata keçirilən hərbi əməliyyat və Azərbaycanın mövqeyi barədə artıq bir neçə ölkənin mötəbər televiziya kanalları ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevdən xüsusi müsahibə götürmüşdür. Bu istiqamətli müsahibələrdən biri də 24 oktyabr tarixində Fransanın "Figaro" qəzeti ilə baş tutmuşdur.

Millət vəkili Şahin Seyidzadə bildirb ki, müsahibəni izləyən və təhlil edən zaman açıq formada görmək olur ki, "Figaro" qəzetinin müsahibəsində səsləndirilən suallar qərəzli  və təxribat xarakteri daşıyırdı. Fransanın "Figaro" qəzetinin jurnalistinin qıcıq yaradan suallarına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən sualları tam adekvat və əsaslandırılmış formada  cavablandırılmaqla yanaşı, həm də  suallarda olan qərəzli mövqe və yanaşmaya öz münasibətini də bildirmişdir: "Müsahibənin tam versiyası bir neçə yerdə təqdim olunmuşdur. Öz tərəfimizdən isə jurnalistin qıcıq, qərəzli və təxribat xarakterli sualları və cənab Prezidentinin verdiyi cavabların qısa təhlilini təqdim etmək istərdik. Beləliklə, ölkə prezidentinə sual olunur :"Cənab Prezident, birinci sualım belədir, nəyə görə SİZ sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?" Səsləndirilən bu sualda əsas iki "təxribat" xarakterli mövqe ortaya qoyulur. Birincisi "...siz hücuma keçmisiniz..." deməklə jurnalist hərbi toqquşmanın məhz Azərbaycan tərəfindən başlanmasını xüsusi olaraq qeyd etmək istəyir. Cənab Prezidentin cavabı elə bu fikrə münasibətlə başlanmışdır: "Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir". İkincisi "...Dağlıq Qarabağa qarşı..." ifadəsində jurnalist çalışır ki, Dağlıq Qarabağı münaqişənin  ayrıca tərəfi kimi görsətsin. Buna dair Prezident heç bir şərh bildərməyək, hər bir fikirdə nəzərə çatdırmışdır ki, münaqişənin tərəfləri Azərbaycan və Ermənistandır.

Növbəti sual ondan ibarətdir ki,  "Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər". Burada səsləndirilən "...Onlar Gəncəni ona görə bombardman ediblər ki,..." ifadəsi Ermənistanın bombardmanına bir bəraət gətirək, bütün oxuculara Ermənistanın rəsmi mövqesi ilə üst-üstə düşməyən - məhz Ermənistan tərəfindən bombardmanın həyata keçirilməsinə dair fikri çatdırır. Burada jurnalistə sadəcə "təşəkkür" edə bilərik-Ermənistann rəsmi demədiyi mövqeni Fransa qəzeti deyir.  Cənab Prezident isə öz tərəfindən bu sualı detallı cavablandıraraq, bir daha qeyd etmişdir: "..Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar".

Növbəti "təxribat" xarakterli sual: "Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?". Birinci "Türkiyənin müdaxiləsini..." fikrinin xüsusi qeyd olunmasının məqsədi  qərəzlilik xarakteri daşıyır. Bu "təxribatçı" fikrə Cənab Prezindetin qısa və konkret cavabı: "Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib... ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi",  ikincisi isə "...Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə..." fikridir. Bu fikir birmənalı olaraq ermənilərin xəyalpərəstliyi və dezinformasiya yayılmasının nümunəsidir. Cənab Prezidentin cavabı isə belə odu: "...İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir... Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur..."

 

Aparıcı sual edir: "Cənab Prezident, dediniz ki, Sizin çox müasir avadanlığınız var, bu, doğrudur. Sizin bütün növ dronlarınız var, bəziləri Türkiyədən gəlir, həmçinin effektiv kamikadze dronları İsraildən, ərəb ölkələrindən gəlir. Beləliklə, İsrailin hərbi avadanlığının yardımı sizin üçünçox önəmlidimir və onlar sizə hərbi irəliləyişi əldə etməyə imkan verirlərmi?"... Bu sualla aparıcı qərəzli olaraq, Azərbaycanın hərbi irəliləyişini məhz digər dövlətlərin hesabına etməsini nümayiş etdirmək istəyir. Cənab Prezident silahlarla bağlı sualı ətraflı cavablandıraraq, xüsusi ilə qeyd etmişdir ki, "...ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir".

Təxribat xarakterli suallar davam edir: "İran hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayət etmişdir. Bu mübahisəni İranla həll etmisinizmi, İran rəhbərləri lə danışmısınızmı?" . Cavab belə olur:"... bu gün biz Azərbaycan-İran sərhədini erməni işğalçılarından tamamilə təmizlədiyimizi elan etdik. Buna görə orada artıq heç bir toqquşmalar baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq...". Sual: "Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni POQROMLARI var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar".  Lakin "antierməni poqramlarına" dair fikrə canab Prezidnet ətraflı cavab verdi: "...Münaqişə Ermənistandakı millətçilər tərəfindən maliyyələşdirilən Dağlıq Qarabağdakı separatçılar Azərbaycandan ayrılmaq üçün plana start verəndən sonra başladı. Sovet İttifaqı vaxtında onlar bunu qanuni baxımdan edə bilmirdilər. Ona görə də onlar Dağlıq Qarabağ ərazisində və Ermənistan ərazisində poqromlara başladılar. Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar oldu. Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı tamamilə etnik təmizləməyə məruz qaldı. Sonra Ermənistanda yaşayan 250 min azərbaycanlı, - onların çoxu qətlə yetirildi, - hamısı etnik təmizləməyə məruz qaldı, qovuldu. Həmin toqquşmalar hər yerdə - İrəvanda, Ermənistanın başqa şəhərlərində, Dağlıq Qarabağda baş verird". Həmçinin "...ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar"sualına tarixdən nümunələr, analogiya arqumentləri gətirərək, cənab Prezident tutarlı cavab verdi: "...Sivil dünyada bu, belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər. Lakin baxın, onlar məsələn, Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar. Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır. Münaqişənin bu aktiv, qaynar fazası dayanandan sonra hər iki tərəfin bu yaraları sağaltmaq məqsədilə hər şeyi etmək üçün böyük töhfə verməsinə ehtiyac var..."

Növbəti sualla Fransa qəzeti öz suallarından bəlkə də ən qərəzli və təxribat xarakterli sualını ünvanlayıb: "Beləliklə, Siz düşünmürsünüz ki, Türkiyənin  Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək olanı var?" Cənab Prezident suall detallı cavab verərək, xüsusi ilə qeyd etdi ki, " Xeyr, bu, yenə də erməni fobiyaları və erməni təxribatlarıdır... Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır." Sonda aparıcının səsləndirdiyi suallar isə din faktorunu qabartmaqla, iki ölkə arasında olan münaqişə və regionda dinlərin toqquşmasını göstərmək məqsədi ortaya qoyurdu. "Qafqaz regionunda digər xristian ölkəsi olan Gürcüstanla münasibətləriniz necədir? Layihələri icra edərkən Siz dini nəzərə almırsınız?"sualına cənab prezident tutarlı və məntiqli cavab verdi" "...Gürcüstanın xristian, Azərbaycanın müsəlman ölkəsi olması faktının heç bir fərqi yoxdur. Biz bu regiona bu nöqteyi-nəzərdən baxmırıq. Azərbaycan dünyəvi ölkədir. Biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bizim tərəfimizdən bərpa olunmuş və hökumətimiz tərəfindən qorunan erməni kilsəsi var. Bizim işğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb".

Beləliklə, 24 oktyabr tarixində Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin ölkəmizin Ermənistanla davam edən hərbi münaqişəsi ilə bağlı Fransanın "Figaro" qəzeti ilə müsahibəsində fransız müxbirin və birmənalı olaraq qəzetin qərəzli mövqeyi, təxribatçı sualları və məntiqsiz  yanaşmalarını təhlil etdik. Sözsüz ki, daima öz müsahibələri, canlı debatları və çıxışları ilə səlis natiqlik bacarıqları və diplomatik səriştəsi ilə cənab Prezident İlham Əliyev fransız qəzetinin "təxribatı"nın qarşısını tam adekvat formada alaraq, ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir.

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31