YOLU ÖNDƏR YOLU OLAN PREZİDENTİMİZ

Bu zəfər, qəhrəmanlıq,

Yer üzünə yayıldı

Dünyada yatmışların

Bir çoxu da ayıldı.

Uzaq, yaxın çoxları

Oyundan payın aldı.

Bir çoxu da bayıldı...

Hər kəsin Prezidenti 

İlham Heydər oğludu!

Yolu Öndər yoludu!

Ulu Öndər oğludu!

Bu, günlərimizin görkəmli xalq şairi Fikrət Qocanın müdrik Azərbaycan xalqının rəhbəri haqqında dediyi bu misralardan dərhal sonra XII əsrin məhsulu olan "Qabusnamə"yə müraciət edib ermənilər haqqında tarix boyu deyilmiş milyonlarla fikirdən birini yada salmaq istəyirəm: "Ermənilər vəhşi, oğru, gözü götürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, söyüşkən, vəfasız, riyakar olurlar". Məhz biz bu günlər belə fikirləri çox tez-tez təkrar etməli oluruq. 

Hər bir azərbaycanlının qəlbində özünün abidəsini ucaltmış İlham Əliyevin Yaponiyanın "Nikkei" qəzetinə verdiyi müsahibədə də onların iç üzünü tamamilə açır: 

-Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan edəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.

Müxbirin Vaşinqton səfərindən nə gözləyirsiniz?- sualına Prezidentimiz haqlı olaraq dedi ki, status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.

Elə, atəşkəs haqqında verilmiş sual da çox arqumentli cavablandırıldı:

-Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. 

Müsahibədə Minsk qrupunun 30 il ərzində heç bir nəticə əldə etmədiyi, elə buna görə də Türkiyənin fəal şəkildə bu məsələlərə cəlb olunmasını möhkəm dəstəkləyən İlham Əliyev onu da qeyd etdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ermənilərin təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq.

Mən Prezidentin müsahibəsini oxuyarkən fikirləşirdim ki, Azərbaycanın ən yeni tarixində 27 sentyabr 2020-ci ilin xüsusi yeri olacaqdır. Məmləkətimiz məhz həmin gündən etibarən 28 ildən artıq müddətdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altında olan tarixi torpaqlarını azad etməyə başlayıb. Qısa zaman kəsiyində Azərbaycan Ordusu böyük qələbələrə imza atır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əsgərinin zəfər yürüşü davam etməkdədir. Yenilməz sərkərdəmizin hər cavabında onun məğrurluğu, üstünlüyü, Vətən naminə hər cür cəfaya hazır olduğu, tutduğu yoldan bir addım belə dönməyəcəyi açıq-aydın görünürdü.

Müxbirin: - Onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi? - sualına Ali Baş Komandanın sakit tərzdə, ancaq çox əminliklə bildirdi: 

-Dağlıq Qarabağda referendum heç vaxt olmayacaq.

- Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsinin geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. 

- Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. 

- Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz.

Budur, İlham Heydər oğlu Əliyevin qətiyyəti, budur, İlham Heydər oğlu Əliyevin dönməzliyi. 

Hamımızın sevimlisi, ilk gündən ölkə başçısının yanında olan, bütün ağırlıqları onunla bərabər çiyinlərinə alan Mehriban xanım Əliyeva haqqında fikirlər milyonlarla azərbaycanlı ilə Prezidentimiz İlham Əliyevin fikirlərinin tam üst-üstə düşməsi təbii idi. Çünki Mehriban xanım tək mehriban ana, fədakar həyat yoldaşı, hər sözündə səmini olan bir qadın deyil, ölkə başçısının sınmaz, əyilməz  silahdaşıdır.

Yaponiyanın "Nikkei" qəzetində səsləndirilən fikirlər də bunu sübut edir: 

- Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Bəli, ölkə başçımız bu müsahibəsi ilə də nəyə qadir olduğunu, qətiyyətini bir daha ortaya qoydu. Elə məhz buna görə də torpaqlarımızın azadlığı üçün göstərdiyi əzm və fədakarlığı alqışlayır, baş verən hadisələri milyonlarla tirajla çıxan qəzet və jurnallarda, müxtəlif beynəlxalq telekanallarda verdiyi müsahibələri qürurla izləyirik. 

Tanrı cənab Prezidentin rəhbərliyi altında şanlı tarix yazan rəşadətli Ordumuzu qorusun. Bu çətin günlər bizi daha sıx birləşdirmiş, hamımızı bir nəfər kimi Ümummilli Ali Baş Komandanımızın ətrafına toplamışdır. 

Qələbə bizimlədir!

Zəfər bizimdir!               

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31