POLŞANIN AZƏRBAYCANDAKI SƏFİRİ ƏDƏBİYYAT İNSTİTUTUNUN QONAĞI OLUB
23 Oktyabr 2020 20:00 SiyasətPolşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski və birinci konsul Bartoş Muşyaloviç Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub. Görüşdə Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixi, görülmüş işlər və gələcək perespektivlər müzakirə edilib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli qonaqları salamlayaraq, ilk öncə Azərbaycanın ali baş komandanı İlham Əliyevin başçılığı altında ordumuzun əzəli torpağımız Qarabağı işğalçılardan azad etməsi, düşmənin isə bütün beynəlxalq konvensiyalara zidd olaraq mülki yaşayış yerlərini atəşə tutması barədə məlumat verib. Azərbaycan-Polşa ədəbi əlaqələrinin inkişaf tarixinə toxunan akademik İsa Həbibbəyli bu istiqamətdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük işlər görüldüyünü səfirin diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanla Polşa akademiyaları və eləcə də, Ədəbiyyat İnstitutları qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalayıb. Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsində Polşa ədəbiyyatı tədqiq edilir. Akademik İsa Həbibbəyli bu istiqamətdə şöbənin müdiri, fil.e.d., prof. Gülər Abdullabəyovanın, sos.f.d. Samir Səttarovun fəaliyyətini xüsusi vurğulayıb. Samir Səttarovun "Адам Мичкевич и Азербайджан" kitabını son illərdə ədəbi əlaqələrimizin uğurlu nişanəsi kimi vurğulayıb. Ədəbiyyat İnstitutunun Polşanın Byalistok Universiteti ilə birgə Horizon 2020 proqramının qalibi olması gələcək əlaqələr üçün böyük perespektivlər açması diqqətə çatdırılıb.
Səfir Rafal Poborski dəvətə görə akademik İsa Həbibbəyliyə təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın mülki əhalisinin atəşə tutulması beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan-Polşa ədəbi əlaqələrinə toxunan səfir bu əlaqələrin zəngin tarixinin olmasının sevindirici olduğunu diqqətə çatdırıb. Rafal Poborski Azərbaycanla Polşanın birgə Horizon 2020 proqramının qalibi olmasının olduqca mühüm hadisə olduğunu və səfirliyin lazımı dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən İnstitutun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri, professor Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrinin tarixinə dair maraqlı faktları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, İnstitutda Stanislav Rimkeviçin görkəmli Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatının Azərbaycan dilinə tərcümə olunduğunu və tezliklə çap ediləcəyini bildirib.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi