Hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
İlham Əliyev: “Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz”
22 Oktyabr 2020 16:09 Siyasətİlham Əliyev: "Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz"
Sentyabrın 27-dən, erməni təxribatına qarşı Azərbaycan Ordusu əkshücum əməliyyatına başlayan andan etibarən dünyanın aparıcı KİV və televiziya kanallarının diqqəti Azərbaycana, onun prezidentinə yönəlib. Ötən müddət ərzində onlarla xarici KİV və televiziya kanalı dövlət başçısından müsahibə alaraq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb. Bu günlərdə Azərbaycan Prezzidenti daha bir xarici KİV-ə müsahibə verib. Yaponiyanın nüfuzlu "Nikkei" qəzetinə müsahibəsində Azərbaycan Prezidenti Qarabağ döyüşləri, ölkəmizin hərbi potensialı, eləcə də Ermənistanın terrorçu hücumları və aldığı cavab zərbələrindən danışıb. Prezident mümkün atəşkəslə bağlı sualı cavablandıraraq deyib ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər: "Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir".
Münaqişənin həlli üçün təşəbbüs irəli sürən tərəflərə gəlincə dövlət başçısı bildirib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır: "Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar".
Prezident İlham Əliyev onu da açıq şəkildə deyib ki, bundan sonra Dağlıq Qarabağda heç bir referendum olmayacaq: "Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var. Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt".
Dövlət başçısı deyib ki, indi yerdə vəziyyət dəyişib. Satus-kvo artıq mövcud deyil: "Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
"Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?" sualını cavablandıran dövlətimizin başçısı deyib: "Əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir". Prezident İlham Əliyev qeyd edib ki, danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyan edəndə, Azərbaycanın qondarma "Dağlıq Qarabağ hökuməti" ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.
Prezident bir daha bəyan edib ki, Azərbaycanın bütün rayonları boşaldılmalıdır: "Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır".
İlham Əliyev ölkə iqtisadiyyatında qeydə alınan müsbət tendensiyadan da danışıb. Bildirib ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir: "Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir".
Regionda həyata keçirilən enerji layihələrinə toxunan İlham Əliyev qeyd edib ki, TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir: "Bu, artıq edilib. TAP-ın rəsmi açılışı ola bilsin ki, ayların deyil, əlavə bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Bizim digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib. Bizim kəmərlərimiz bizim ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, biz Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər".
Sonda dövlət başçısı bütünlükdə Azərbaycan cəmiyyəti və siyasi partiyalarının mütləq əksəriyyətinin haqq işi uğrunda mübarizəyə dəstək veridyini söyləyib: "Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır".
Prezident deyib ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir: "Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır. Bizi tənqid etməyə çalışanlar şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki çatışmazlıqlarını siyasi məqsədlər üçün, siyasi təzyiq məqsədilə istifadə etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq".
Məhəmməd
Olaylar.az