Ali Baş Komandan İlham Əliyevə Ordu Generalı Ali hərbi rütbəsi verilməlidir
22 Oktyabr 2020 15:22 SiyasətGörünən odur ki, işğalçı Ermənistanın terrorçu hakimiyyəti Dağlıq Qarabağ probleminin heç bir halda danışıqlar, sülh yolu ilə həllində maraqlı deyil. Əgər belə olmasaydı Rusiyadan imdad diləyib humanitar atəşkəsə nail olduqdan cəmi bir neçə saat sonra mülki insanlara qarşı terror aktı həyata keçirib Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncəyə raket atmazdı. Yaxud bu terror aktının miqyasını bir qədər də genişləndirib Mingəçevir Su Elektrik Stansiyasını vurmağa cəhd göstərməz, Tərtər, Ağcabədi, Ağdam, eləcə də digər yaşayış məskənlərindəki silahsız, mülki vətəndaşlarımızı hədəfə almazdı. Bütün bunlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağ probleminin yalnız bir yolu var ki, həmin yolla da hazırda Azərbaycan dövləti, Azərbaycan Ordusu uğurla gedir. Hərbi əməliyyatlardan keçən müddət ərzində müzəffər Azərbaycan Ordusunun işğal altında olan bir sıra yaşayış məskənlərimiz, şəhər və rayonlarımız, strateji əhəmiyyət kəsb edən yüksəkliklərimizi düşməndən azad etməsi də belə deməyə əsas verir. Hazırda müşahidə edilən mənzərə ondan ibarətdir ki, Ermənistan ordusu tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Döyüş meydanında artan itkilər də Ermənistanın terrorçu hakimiyyətini kompromisə meyilləndirmir. Əksinə işğalçı ölkənin rəhbərliyi bir daha bəyan edir ki, Qaranağsız Ermənistan təsəvvür edilməzdir. Elə Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu açıqlaması da bunu bir daha təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün facebook səhifəsində erməni cəmiyyətinə müraciətində qeyd edib ki, hər bir ölkə vətəndaşı silaha sarılıb müharibəyə qoşulmalıdır və Qarabağsız Ermənistan yoxdur.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlaması, sülhə hazır olmaması və Qəbələ, Siyəzənə raketler atılması Qarabağ məsələsində hərhansı danışıqlarda Azərbaycanın güzəştə getməsini istisna edir. Politoloqun qənaətincə, Azərbaycan bir məsələdə danışıqlara qatıla bilər ki, heç bir muxtariyyət verilmədən dinc ermenilər gəlib adi vətəndaşlar kimi yaşa bilər: "NATO və digər Avropa ölkələri Azərbaycanın apardığı əks-hücum əməliyyatlarında neytraldır və beynəlxalq hüquqa istinad edirlər. Məhz Ermənistan prezidenti Armen Sarkisyanın NATO Baş katibi ilə görüşündən əliboş qayıtması, Alyansın bu məsələdə obyektiv mövqeyinə söykənir. Həmçinin uzun illərdi ki, məhz Ermənistanın təcavüzkar siyasətindən dolayı NATO Cənubi Qafqazda möhkəmlənə bilmirdi. Belə olan təqdirdə A. Sarkisyanın bu səfəri nəticəsiz olmalı idi".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, NATO rəsmisinin bu gün Qarabağ məsələsi ilə verdiyi açıqlamada göstərir ki, Azərbaycan artıq muxtariyyətin verilməsində maraqlı deyil: "Qeyd edim ki, bundan sonra Yenilənmiş Madrid prinsipləri, Baza prinsipləri və muxtariyyət məsələləri arxivdə qaldı. Bu həll variantları yalnız danışıqlar mərhələsində qüvvədə idi. Müharibədən sonra hansı danışıqlar ola bilər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Azərbaycan artıq müharibə ilə rayonları alır və Ermənistanın tam məğlubiyyətindən sonra 5+2 və yaxud digər həll variantlarına qayıtmaq mümkün deyil. Prezident İlham Əliyevdə ermənilərə muxtariyyət verməmək məsələsində prinsipial mövqeyə malikdir2.
Politoloq deyib ki, müharibədə konkret qələbələrimiz var. Əsgər və zabitlərimiz bu qələbənin əldə olunmasında misilsiz xidmətlər göstərir: "Ona görə də əsgər və zabitlərimiz təltif edilməlidir. Milli Qəhrəman adı və digər fəxri adlara layiq görülməlidirlər. Müharibənin gedişində bunu etmək ordumuzda ruh yüksəkliyinə səbəb olacaq. Bu adlara haqq edən herbiçilərimiz var. Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra, buna şübhə yoxdur. Ali Baş komandan İlham Əliyevə Ordu Generalı Ali hərbi rütbəsi verilməlidir. Bunun verilməsi qaydalarını hüquqşünaslar daha yaxşı bilər. Azərbaycanda bu Ali hərbi rütbə var. Azərbaycanın ərazi bütövlüyü təmin edən şəxsə verilir".
Süleyman
Olaylar.az