Düşmən həm döyüş, həm də informasiya meydanında uduzur

İlham Əliyevin müharibə dövrü üçün müəyyən etdiyi siyasət buna şərait yaradıb

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə başladıqları  hərbi təxribat planı davam etməkdədir. Belə ki,  hazırda erməni hərbi birləşmələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhə xətti boyunca, həm də, cəbhə xəttindən uzaqda yerləşən rayonlarında yaşayan mülki şəxsləri və obyektləri ağır artilleriya atəşinə məruz qoymaqdadır. Faktdır ki, Ermənistanın Azırbaycana yönəlik son təcavüzü nəticəsində beynəlxalq hüquq norma və prinsipləri, beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub, beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan mülki şəxslər və obyektlər atəşə tutulub. Nəticədə dinc sakinlər, xüsusilə, uşaqlar, qadınlar, ahılları əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər arasında çoxlu sayda tələfat və yaralanma hallarının baş verib. Mülki evlər, tarixi və mədəni abidələr, inzibati binalar, təhsil müəssisələri, uşaq bağçaları, xəstəxanalar və sosial obyektlər dağıdılıb. Məhz bunu əsas götürən Azərbaycan Ordusu əks-hücuma keçərək işğal altında olan torpaqlarını azad etmək yolunu seçib. Artıq Azərbaycan hərbi, siyasi, diplomatik və ən nəhayıt informasiya üstünlüyünü ələ alıb. Milli Məclisin deputatı Rauf  Əliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş  Komandan  İlham  Əliyev cənablarının rəhbərliyi ilə şanlı Azərbaycan  Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir: "Şanlı Ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Fizuli şəhəri, Zəngilan şəhəri, Hadrud qəsəbəsi və 95 kənd düşmən işğalından azad edilmişdir. Hər gün qəhrəman Ordumuzun cəbhədə əldə etdiyi yeni-yeni qələbələr haqqında məlumatlar əldə edirik. Müharibə eyni zamanda informasiya cəbhəsində gedir. Cənab Prezident, Ali  Baş  Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən  siyasət düşmənə həm döyüş meydanında, həm də informasiya  müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Cənab Prezident  Ermənistanın 27 sentyabrdan Azərbaycana qarşı  geniş miqyaslı hərbi əməliyyatlara başladığı vaxtan bu günə kimi  dünyanın 17 ən məşhur televiziya kanallarına müsahibə vermişdir. 19 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Rusiyanın tanınmış TASS informasiya agentliyinə vermişdir. Müsahibə vaxtı müxbirin Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı sualları cavablandıran   cənab Prezident bildirmişdir ki, Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə həmişə hazırdır. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına  dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra  Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmişə öhdəlikləri yerinə yetirməyə çalışır və buna hazırdır. Ancaq Ermənistan tərəfi humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud surətdə pozur. Danışıqlardan heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı- yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirilib.  Birinci hücumdan  sonra , iki hücum olub, həlak olanlar və yaralananlar  hədsiz çoxdur. Ermənistan  növbəti  dəfə atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi". Onun sözlərinə görə, müxbirin  status-kvo barəsində sualını cavablandırarkən cənab Prezident bildirmişdir ki, staus-kvonu Azərbaycan Ordusu pozub və  bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının dəfələrlə  səsləndidikləri bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının səsləndirdikləri  bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur: "Muzdlular barədə sualı cavabladırarkən cənab Prezident bildirmişdir ki, Azərbaycanda muzdlular yoxdur, sadəcə  ordusu var. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi, lakin indiyə kimi sözlərdən başqa heç bir  fakt təqdim edilməyib. Azərbaycan bu yanaşmanı əsla qəbul etmir. Ehtiyatda olanlar sayılmazsa, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından düşmən üzərində üstünlüyünü nümayiş etdirir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq Azərbaycan ordusu tərəfindən məhv edilib". Millət vəkili qeyd edib ki, rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olur. Şanlı Azərbaycan Ordusu  işğal altında olan torpaqlarımızı geri qaytarır: "Demək olar ki, hər gün cənab Prezident,  Ali  Baş  Komandan  işğaldan azad olan yaşayış məntəqələrimiz haqqında xalqımıza xoş xəbərlər çatdırır. İnanırıq ki, qəhrəman Azərbaycan Ordusu  cənab Prezident, Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq və Azərbaycan bayrağı Xankəndində, Şuşada və azad edilmiş digər yaşayış məntəqələrində dalğalanacaq".

Milli Məclisin deputatı Afət Həsənova deyib ki, bu gün Azərbaycanın həm döyüş, həm də diplomatiya meydanında qələbələr qazanması, 30 ildir erməni işğalı altında olan torpaqlarımızın ard-arda erməni işğalından azad edilməsi bir-iki günün yox, illərdir aparılan düzgün və uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir.  A.Həsənova bildirib ki, Prezident İlham Əliyev illərdir ki, Azərbaycan həqiqətlərinin, dövlətimizin qəti mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan iş aparır, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını işğaldan azad etmək hüququnu özündə saxladığını onların diqqətinə çatdırırdı: "Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz  Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir". Deputat qeyd edib ki, Azərbaycan xalqı daim Prezident İlham Əliyevin apardığı düzgün siyasəti dəstəkləyib, Ali Baş Komandanın ətrafında sıx birləşib: "Azərbaycan Xalqı hər zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Xalqımız bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşdi, eyni zamanda ordumuza böyük dəstək nümayiş etdirdi. Azərbaycan xalqı tarixi günlərini yaşayır, hər gün sevincli xəbərlər eşidir, Qələbə Gününün çox yaxında olduğuna inanr. Cənab Prezident hər gün xalqımıza xoş qələbə xəbərləri çatdırır. Oktyabrın 27-də də möhtərəm Prezidentimiz xalqı çox sevindirdi, Zəngilan şəhərinin və 24 kəndin işğaldan azad edilməsi ilə bağlı müjdəni xalqımıza çatdırdı. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31