Suriya vətəndaş müharibəsini gizli ABŞ kəşfiyyatı (“CENTCOM”) başlayıb

ABŞ-ın uzaq hədəfini Hindistan və Çin təşkil edirsə, yaxın hədəfində bəlli İran dayanır

Suriyada vətəndaş müharibəsi başlayandan ABŞ kəşfiyyatı proseslərin içərisində fəaliyyət göstərən ən aktiv xarici qüvvədir. Ağ Ev gizli kəşfiyyatın faəliyyətini "Əsəd rejimin devrilməsindən sonra Suriyada demokratik dəyərlərin ayaq açmasına zəmin yaratmaq" kimi qələmə verir. Vətəndaş müharibəsinin Əsəd diktatorluğunun əleyhinə dalana dirəndiyi bir vaxtda amerikan kəşfiyyatı faktiki olaraq müxalifətlə müttəfiqlik edir. Müxalifət ABŞ-ın kəşfiyyat dəstəyini lazımi şəkildə almaq üçün Ağ Ev qarşısında təklif irəli sürdü ki, Suriyada uçuşların qadağan edildiyi tampon bölgə yaradılsın. Lakin bu planın Lviyadakı kimi uğursuz olacağını başa düşən ABŞ-ın "CENTCOM" Kəşfiyyat İdarəsnin ordu generalı Ceyms Mattis müxaliflərin təklifini qəbul etmədi. "CENTCOM"un müxaliflərin təklifini geri çevirməsinin əsl səbəbi həmin dövr üçün ABŞ hakimiyyət dairələrinin Suriya proseslərinə açıq şəkildə qoşulmasının üzərini izolyasiya etmək idi. Lakin bu faktiki olaraq ABŞ-ın Suriya maraqlarından geri çəkilməsi kimi başa düşülməməlidir. Avropa mətbuatının bunu Ağ Evin Suriya planından geri addım atması kimi xarakterizə etməsnin əksinə olaraq həmin dövrdən başlayaraq ABŞ kəşfiyyatı müxaliflərə istiqamətli köməklərinin sayını gizli şəkildə artırdı. Hətta kəşfiyyatın xüsusi hazırlanmış hərbi dəstələri gizli şəkildə Suriyaya sızdılar. Ölkə daxilində vətəndaş müharibəsinin başlanmasının ilk günlərində ABŞ kəşfiyyatının Suriyadakı əsas məlumat mənbəyi rejim içərisində yerləşdirilmiş "Vaşinqton Post" və "CIA" personalı idi. Amerika tərəfi isə Suriya xalqına yalnız dərman, qida kimi yardımlar etdiyini irəli sürürlər. Lakin gizli kəşfiyyatın müxaliflərə yönəlik silah-sursat yardımın üzəri pərdələnir. ABŞ Dövlət Departamenti isə Suriya müxalifətinə 15 milyon dollar məbləğində tibbi yardım vəsaiti ayırdığını bildirir. Pulların konkret olaraq haraya xərclənməsi isə müəmmalı görünür. Bundan başqa ABŞ-la bu işdə müttəfiqlik edən Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri müxaliflər üçün əlavə 100 milyon dollar məbləğində fonda yaradıblar. Fondun əsas məqsədi Əsəd rejimindəki yüsək rütbəli zabitləri öz tərəflərinə çəkməkdir. 2011-ci ilin noyabr ayında Suriya Kəşfiyyat İdarəsinin qərargahına edilən hücum ABŞ tərəfindən həyata keçirilib. Əməliyyat amerikan kəşfiyyatının uzunmüddətli araşdırmalarından sonra baş tutdu. Çünki bu işin altında amerikan personalının olmasını adi bir fakt sübut edir ki, həmin dövrdə müxaliflər sistemli şəkildə birləşməyə sahib deyildilər. Həmçinin hərbi-texniki təchizat baxımından da yaxşı təmin olunmamışdılar. Uzun müddət həmin əməliyyatın əsl təfərrüatları gizli saxlanıldı. Lakin müəyyən müddətdən sonra Avropa mətbuatında amerikan kəşfiyyatının Suriyadakı fəaliyyəti barədə məlumatların dərc edilməsi bütün məxfilikləri üzə çıxardı. Obama hökuməti hər nə qədər bununla bağlı Qərbə gizli xəbərdarlıq etsə də nəticə hasil olmadı. Ağ Ev hər şeyin açıqlığa çıxmasından sonra narahat olsa da Suriyada baş verən prosesləri planlarının lehinə çevrilməsi bir o qədər də sevindi. ABŞ təbii ki, Suriya məsələsini gizli yollarla və hərbi müdaxilə etmədən reallaşdırmaq niyyətindədir. Çünki, Corc Buşun hakimiyyəti illərində Amerika Silahlı Qüvvələri konkret olaraq Ağ Evi İraqda fiaskoya uğratdı. İraqın işğalı başa çatdıqdan sonra ABŞ-a təslim olan Səttam rejiminin böyük hissəsi silahlarını amerikan ordusuna təhvil vermədi. Müəyyən mövqelərə çəkilərək ABŞ və Qərb güclərinə qarşı partizan döyüşünə başladı. Təbii ki, bu münasibət ABŞ-ın maraqlarına uyğun deyildi. Obamanın ətrafı isə Buşdan fərqli olaraq Suriya planını gizli və sistemli şəkildə həll edib sudan quru çıxmaq niyyətindədir. Bunun üçün amerikan kəşfiyyatı ilk növbədə müxaliflərlə yanaşı rejimə məxsus olan silahlı birləşmələri maddi vəsait qarşılığında öz tərəflərinə çəkmək istəyir. Belə olan təqdirdə Suriya vətəndaş müharibəsindən sonrakı planlarda həmin ordu Amerikaya lazım ola bilər. Yəni ki, konkret olaraq ABŞ Yaxın Orta Şərq planını yerli əhalinin hesabına reallaşdırmaq niyyəti güdür. Suriyada çox da maliyyə və hərbi güc itirmək istəməyən ABŞ əsas qüvvəsini İranın parçalanması planına yönəldəcək. ABŞ gizli kəşfiyyatı Yaxın Orta Şərqdə siyasi proseslərin qaynarlığını saxlamaq üçün humanitar kömək adı altında Suriya sərhədlərindən daxilə sızmaqdadır. Təbii ki, həmin yardımların mərkəzində dayanan əsl məqsəd tez bir zamanda elə də vaxt itkisi olmadan Bəşər Əsədi devirməkdir. Amerika isə həmin tezliyi silahlandırdığı Suriya müxalifəti, Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar və İordaniya ilə reallaşdırır. Həmin dövlətlərin ABŞ-a göstərdikləri əsas kömək Suriya müxalifətini intensiv şəkildə nəzarət etmək və İranla "Əl-Qaidə"nin ölkədəki fəaliyyətini zərərsizləşdirməkdir.  

ABŞ-ın Suriya müxalifətinə verdiyi əsas söz təbii ki, onların Əsəd rejimi devrilməsindən sonra ölkədə təhlükəsizliyin təmin olunmasında müttəfiqlərə yardım etməkdir. Amerikanı Suriya problemini tez həll etməkdə tələsdirən əsas amil sözsüz ki İrandır. Rəsmi Tehranın tez-tez ABŞ-a yönəlik təhdidlərinin qarşılığında Ağ Evin sakit görünməsi fars rejimin gözündən pərdə asmaq xarakterinə malikdir. ABŞ çalışır ki, indiki məqamda müəyyən mənada İranla siyasi sabitliyə nail olsun. Sözsüz ki, ABŞ-ın uzaq hədəfini Hindistan və Çin təşkil edirsə, yaxın hədəfində bəlli İran dayanır. Əsəd rejiminə kənar köməklərin azalması onun qısa zamanda devrilməsini labüd edir. Qərb və ABŞ-ın Suriyada uğur qazanmasının əsas səbəbi müttəfiqlərin həm ölkə daxilində, həm də regionda güclü dəstəkləyicilər qazanmasıdır. İranı bu qayğılandırır.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00