“Abbas Abbasov və “Milyarderlər İttifaqı” Kremlin sifarişini həyata keçirirlər”

Elxan Şahinoğlu: “Əgər “Milyarderlər Klubu”nun Azərbaycanla bağlı gizli planı yoxdursa daim mətbuata açıqlamalar verməlidir, həmçinin Dərbənd səfərilə əlaqədar da izahat olmalıdır”

"Milyarderlər ittifaqı"nın üzvü Abbas Abbasov Dərbənddə səfərdədir. Rusiya mətbuatının məlumatına görə səfərdə əsas məqsəd Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə Dağıstanda və Şimali Qafqazın digər regionlarında yüngül sənayenin, kənd təsərrüfatının inkişafına dair layihələri müzakirə etməkdir. "Milyarderlər İttifaqı"na daxil olan şəxslər, o cümlədən Abbas Abbasov qeyd edirlər ki, onlar bu təşkilatı lobbiçilik məqsədilə yaradıblar və Azərbaycan hakimiyyətini, dövlət başçısını dəstəkləyirlər. Amma digər tərəfdən çox maraqlı səfərlər, görüşlər həyata keçirirlər. Moskvada azərbaycanlı gənclər tədbirlər təşkil edirlər, bunu hardasa başa düşmək olar. Lakin ittifaq üzvlərinin Dağıstanda keçirdikləri görüşlər suallar doğurur". Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu belə deyib. Politoloq hesab edir ki, Abbasovun Dərbənd səfərinin vaxtilə "Milyarderlər İttifaqı"nın üzvü olmuş Abdullatipovun təşəbbüslərilə həyata keçirilməsi də mümkündür: "Əgər ortada həqiqətən ticari işlər müzakirə olunursa Abbas Abbasov bununla bağlı açıqlamalar verməlidir. Həqiqətən də Azərbaycan cəmiyyətində "Milyarderlər İttifaqı" ilə bağlı haqlı nigarançılıqlar var. Konkret olaraq bu təşkilat Kremlin sifarişilə fəaliyyət göstərir. İndiki məqamda isə Kremllə Azərbaycan arasında sualların sayı artır. Əgər "Milyaderlər Klubu"nun Azərbaycanla bağlı gizli planı yoxdursa daim mətbuata açıqlamalar verməlidir, həmçinin Dərbənd səfərilə əlaqədar da izahat olmalıdır. Əgər bu açıqlamalar olmayacaqsa, Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ittifaqla bağlı şübhələr qalacaq. Dağıstan Azərbaycanın ən həssas nöqtəsində yerləşir, buradan həmişə Azərbaycana qarşı təhlükələr realdır, dövlətimizə qarşı separatçılıq meylləri var, Rusiyanın bölgədə hərbi təlimlər keçirməsi məsələsi də Azərbaycanda suallar doğurur. Ona görə də təşkilatın fəaliyyəti və məqsədilə bağlı aydınlıq gətirilməlidir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00