“Türkiyəni pas vəziyyətinə salan kürdlər ABŞ-dan istədiklərini alacaqlar” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Aparılan danışıqlarda PKK-nın maraqlarına uyğun təkliflər olmasaydı, Öcalan heç vaxt Türkiyə hökumətilə razılığa gəlməzdi”
2 May 2013 16:02 Siyasət"PKK-nı Türkiyəyə qarşı qızışdıranlar Rusiya və Ermənistandır. ASALA daha çox PKK-ya təzyiqlər göstərirdi, çünki PKK-nı 1984-cü ildə ASALA yaradıb. Terror təşkilatında əsasən kürdləşdirilmiş ermənilər iştirak edirlər. Abdullah Öcalanın da ətrafında kifayət qədər erməni terrorçusu var idi. PKK uzun müddət Türkiyəni nəzarətdə saxlamağa çalışırdı". Politoloq Cümşüd Nuriyev PKK-nın Türkiyədən geri çəkilməsi barədə verdiyi açıqlamaya münasibət bildirərkən belə deyib. C.Nuriyev hesab edir ki, ABŞ İraqı ələ keçirərkən kürdlərdən istifadə elədi, amma kürdlərə verilən sözə əməl etmədi. Türkiyənin mövcud rəhbərliyinin Öcalanla uzun müddət danışıqlar apardıqdan sonra razılığa gəldiyini deyən politoloqun sözlərinə görə, həmin danışıqlarda PKK-nın maraqlarına uyğun təkliflər olmasaydı, heç vaxt Öcalan Türkiyə hökumətilə razılığa gəlməzdi: "PKK bəyan edirsə ki, artıq təşkilat Türkiyədən geri çəkilir, demək ki, danışıqlar iki tərəfin də maraqlarını tam təmin edir. Həmin razılaşmanın nədən ibarət olduğu dəqiq bilinmir, amma kürdlərdə "Əşrəf" adı verilən bir sistem var, həmin sistemə əsasən liderin dediyi qanundur. Yəni ki, tayfanın başçısı nə deyirsə üzvləri onu hüquq mühafizə orqanı kimi sorğusuz icra edirlər. Öcalan açıqlama verəndən sonra onun şərtlərini yəqin ki, Türkiyə yerinə yetirəcək. PKK-nın Türkiyə qarşısına qoyduğu şərtlərdən biri Konstitusiyada kürdlərin hüquqlarının tanınması, kürd dilinin ikinci dövlət dili olması məsələləri var. PKK-Türkiyə münasibətlərinin normallaşması həmçinin ABŞ-ın maraqlarına uyğun gəlir. Türkiyənin niyə belə bir işə getdiyi bir az müəmmalıdır. ABŞ-ın Yaxın Şərq planlarında Kürdüstan dövlətinin yaradılması da öz əksini tapır. Həmin dövlətin Türkiyə, İran və İraqın ərazilərində yaradılması planlaşdırılır. Ön Asiyada baş verən proseslərin konkret qalibi yoxdur və pas vəziyyəti yaranıb. Amma Türkiyə rəhbərliyi özünü qorumaq üçün lazım olan siyasi sabitliyi əldə etmək üzrədir. Gələcəkdə Ön Asiyada proseslərin pas vəziyyətindən çıxmaq ehtimalı yüksəkdir. Amma onun kimin xeyirinə dəyişəcəyi siyasi gedişlərdən asılıdır. Əgər Ərdoğan bu cür davam eləsə kürdlər istədiklərinə nail olacaqlar". ("OLAYLAR" İA)