Qurban Məmmədovun “birləşdirici” missiyası - ŞƏRH

Daha çox müxalifətin parçalanmasına xidmət edir

Köhnə hərəkatçılar arasnda barış missiyası ilə gündəmə gələn sabiq ADP üzvü Qurban Məmmədov  yeni təşəbbüslə çıxış edib. O, Müsavatla AXCP arasında birlik yaratmaq istəyir. Vəkil Aslan ismayılovla Rəhim Qazıyev, İsgəndər Həmidovla  Rəhim Qazıyev arasında araçılıq edib barışa nail olmuş Qurban bəy müxalifətin vahid namizəd məsələsində razılığa gələ bilməyən iki liderini ortaq məxrəcə gətirmək istəyir. Partiya liderlərini bir araya gətirmək siyasi iddiası olmayan fərdləri barışdırmaq qədər asan deyil. Məmmədov bunu nəzərə almalıdır. Onun "Milli Şuranın rəhbəri ya Əli Kərimli olmalıdır, ya da İsa Qəmbər" bəyanatı müsavatçılar və cəbhəçilər arasında xoş qarşılana bilər. Amma bu və buna oxşar bəyanatlar (məsələn, Milli Şuranın nüvəsini AXCP və Müsavat təşkil etməlidir" tipli açıqlamaları) birlikdən çox parçalanmaya xidmət edir.  Ziyalılar Forumu bütün müxalifətin birliyinə nail olmaq istəyir. Bu istiqamətdə danışıqlar gedir, Liberal Partiyanın lideri Lalə Şövkət, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu ilə təmaslar var və məqsəd düşərgəyə daxil olan əksər partiyaların birliyinə nail olmaqdır. Belə bir şəraitdə Qurban Məmmədovun "Birliyin nüvəsində AXCP və Müsavat" olmalıdır" açıqlaması ilə çıxış etməsi birlikdən çox parçalanmaya, mərkəzdənqaçmaya xidmət edir. Haqlı sual yarana bilər: Müsavatla AXCP arasında müttəqfiqlik onsuzda var. Hər iki partiya İctimai Palatada təmsil olunurlar, bundan əlavə İP-də xeyli müstəqil hüquqşünaslar, siyasətçilər, QHT rəhbərləri var. O zaman İP nədən güc deyil? Qurban Məmmədovun ikinci yanlışı Ziyalılar Forumunu kənarda qoymaq istəyidir. Ziyalılar Forumu cəmiyyətin aktivləşməsində ənənəvi müxalifətdən daha artıq rol oynayıb. Məmmədov Ziyalılar Forumunu kənarda qoymaq istəyirsə, bu, AXCP ilə Müsavatın özünə zərərlidir. Qurban Məmmədovun keçmiş fəalliyyətini araşdıranda bu adamın daim qızışdırıcı, bölücü mövqedə olduğunu görürük. Elçibəyin sağlığında AXCP-Müsavat çəkişməsi zamanı Məmmədov Cəbhənin tərəfində olub. 2003-cü il prezident seçkiləri zamanı müxalifətin favoriti açıq-aşkar bəlli olduğu halda Məmmədov Müsavat başqanını deyil, AMİP sədri Etibar Məmmədovu dəstəklədi. 2005-ci idə ADP daxilində Rəsul Quliyevə müxalif olanların başında dayanan Məmmədov ara-sıra verdiyi açıqlamalarla müxalifətin birliyinə mane olmağa çalışırdı. İctimai Palata daxilində zərərli mövqe tutan Məmmədov neçə ildir ki, AXCP-Müsavat qarşıdurmasına rəvac verən açıqlamalar verir. O, AXCP lideri Əli Kərimlini vahid namizəd kimi daha layiqli siyasətçi hesab edir, Müsavat başqanını isə aşağılayır. Bu mövqedə ola-ola birdən-birə "Milli Şuranın rəhbəri ya İsa Qəmbər, ya da Əli Kərimli olmalıdır" açıqlaması ilə çıxış etməsi onun qeyri-səmimi olduğundan xəbər verir. Əvvəla, müsavatçılar onun təklifinin səmimiliyinə inanmayacaqlar. Bu təklif Müsavat üçün tələdir. Təklif Müsavat başqanını Əli Kərimliyə güzəştə vadar edə bilər. Bu baxımdan müsavatçılar təklifə hə deməyəcəklər. İkincisi, Milli Şura ideyasını ortaya atanlar bu təklifə razı olmayacaqlar. Bəllidir ki, ənənəvi müxalifət böyük birlik yaratmaq gücündə deyil. Böyük birliyi yeni qüvvələr yarada bilər, o qüvvələrin də iştirakı olmadan Milli Şura yaranmayacaq. AXCP və Müsavat 1998, 2000, 2003 və 2005-ci illərdəki kimi birlik yaratmaq gücündə olsaydılar, bunu çoxdan etmişdilər.  Əslində bunları Qurban Məmmədov da bilir. Amma o, tarixdə "birləşdirici fiqur" kimi qalmaq üçün bu cür təşəbbüslə çıxış edir. Ancaq yanlşı taktika seçdiyindən onun təşəbbüsü birliyə deyil, bölücülüyə xidmət edir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00