Minsk Qrupu qarşısında tələb qoyulmalıdır

Dağlıq Qarabağa Azərbaycan ərazisindən getsinlər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri uzun müddətlik fəaliyyətləri nəticəsində heç bir uğurlu nəticə əldə edə bilməyiblər. Dəfələrlə həmsədrlərin yenilənməsi, bölgəyə çoxsaylı səfərlər, münaqişə tərəflərinin xarici işlər nazirlərinin görüşlərinin təşkili də sıradan tədbirlərdən biri olub. Yeri gəlmişkən, yaxın vaxtlarda yenidən xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılır. Lakin ekspertlərin qənaətincə, XİN rəhbərlərinin qarşıdakı görüşündə hansısa nəticənin əldə edilməsini gözləmək sadəlövlük olardı. Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, ATƏT-in Minsk Qrupu ötən müddət ərzində münaqişə tərəflərinə heç bir töhvə verə bilməyib: "Bir Minsk Qrupu var ki, onun missiyası xalqlar arasında etimadı, barışı, birgəyaşayışı təmin etməkdir. Öz davranışı ilə göstərsin ki, regionda münaqişə nəticəsində əziyyət şəkmiş insanlar bir yerdə yaşaya bilərlər, hətta onlar arasında etimad da mövcuddur. Lakin bu qrupun fəaliyyəti bu missiyanı yerinə yetirməkdən uzaqdır. Bu, özünü daha çox həmsədrlərin regiona səfəri zamanı büruzə verir".  Millət vəkilinin bildirdiyinə görə, vaxtilə belə bir təklif  var idi ki, Minsk Qrupunun üzvləri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və digər işğal olunmuş 7 rayonlara gedərkən Azərbaycan ərazisindən keçməlidir. Əslində, bu barışa, birgəyaşayışa aparan bir yoldur. Lakin həmsədrlər belə bir addımın atılmasında maraqlı görünmürlər. Əslində isə  Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlməli, işğal olunmuş bölgələrdə yaşayan Azərbaycan vətəndaşı olan erməniulərlə azərbaycanlılar arasında etimad körpüsü yaratmalıdırlar: "Amma onlar Dağlıq Qarabağa işğalçı ölkə olan  Ermənistandan gedirlər. Buna səbəb gətirilir ki, Ermənistan tərəfi onların təhlükəsizliyinə təminat vermir. Əgər Ermənistan Minsk Qrupun həmsədrlərinin təhlükəsizliyinə təminat vermirsə, azərbaycanlıların təhlükəsizliyinə necə təminat veriləcək?  Hesab edirəm ki, Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri birmənalı olaraq Azərbaycandan başlanmalıdır.
 Əgər onlar doğrudan da sülhməramlıdırlarsa təmas xəttindən bir neçə kilometr aralıda yaşayan köçkünlərin gözü qarşısında sərhədi keçməlidirlər. Yalnız bu halda xalqlar arasında etimad yarana bilər". Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının hələ 2002-ci ildə məcburi köçkünlərin öz yerlərinə qaytarılması ilə əlaqar qəbul etdiyi qətnaməsi var. Lakin indiyə qədər bu qətnamə icra olunmamış qalır. BMT-nin məlum qətnamələri qüvvədə olsa da işləmir. Hansı ki, başqa yerdə bir saatın içində yığışaraq bir qətnamə qəbul edirlər və dərhal icraya yönəldirlər. Bunun da nəticələri silahlı münaqişələr olur. Amma Azərbaycanın 20 faiz ərazisi işğal olunub, yüz minlərlə insan məcburi köçkün həyatı yaşayır, ən elementar insan hüquqlarından məhrumdurlar və bununla bağlı heç bir tədbir görülmür:  "Hesab edirəm ki, Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər etməsi, bu yolun açılması, tədricən insanların öz yürd-yüvalarına qayıtması xalqlar arasında etimadı gücləndirərdi. Lakin  bu hal baş vermədiyindən Avropa ölkələrinin deputatları da Ermənistan ərazisindən Dağlıq Qarabağa səfərlər edirlər. Məsələn, Yunanıstandan olan deputat xalqlar arasında dostluğu təbliğ etmək, barışığa çağırmaq əvəzinə irqçiliyi, qan üzərində demokratiyanın qurulmasından danışır. Təəssüf ki, qan üzərində qurulmuş demokratiyanı mayak göstərən bu deputat tamamilə başqa amallara xidmət edir. Belə səfərlər isə heç zaman bölgədə sülhə, əminamanlığa gətirib çıxara bilməz. Təsəvvür edin ki, Yunanıstandan olan deputat bir yol göstərir ki, "işğalçı torpaqları necə işğal edibsə siz də silah götürərək qan tökün və öz demokratiyanızı qurun". Düşünürəm ki, belə çağırışlara qarşı sərt cavablar verilməlidir. Nə qədər insanların kütləvi şəkildə pozilmuş hüquqlarına göz yummaq olar. Bu baxımdan məqbul hesab edirəm ki, Minsk Qrupu həmsədrlərinin qarşısına bir tələb qoyulmalıdır ki, ya Qarabağa Azərbaycan ərazisindən keçib getməklə göstərməlisiniz ki, siz bir yerdə dostluq, etimad şəraitində yaşaya bilərsiniz. Biz də atəşkəs xəttini keçərək onu  dostluq xəttinə çeviririk". Onda biz onlara icazə verməliyik ki, bu missiyanı həyata keçirsinlər. Əks halda onlar nə qədər ki, işğalçı  dövlətin ərazisindən səfər etməklə xalqlara göstərirlər ki, "siz düşmənsiniz, bir yerdə yaşaya bilməzsiz". Millət vəkilinin fikrincə, ümumiyyətlə Minsk Qrupunun ötən dövrdəki fəaliyyətinə qiymət verilməlidir: "Qaçqın və məcburi köşkünlər də bu uzun müddətdə səbr edərək  dözüblər,   bundan sonra isə dözmək imkanları yoxdur".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00