Milli Məclis üzvləri Uruqvay Respublikasında rəsmi səfərdədir

Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupunun üzvləri Uruqvay Respublikasında rəsmi səfərdədir. Artıq bir neçə gün davam edən səfər çərçivəsində Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Uruqvay parlamentinin üzvləri ilə,  parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri və  Uruqvay respublikasının Beynəlxalq Parlamentlərarası İttifaqdakı nümayəndə heyəti ilə  ikitərəfli görüşlər keçirmişlər. Azərbaycan nümayəndə heyəti həmçinin Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri German Kardoso tərəfindən qəbul olunmuş və  görüşdə hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Cavanşir Feyziyev Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun dəvət məktubunu Uruqvay Parlamentinin sədrinə təqdim etmişdir. Spiker German Kardoso Azərbaycanlı həmkarının dəvətini məmnuniyyətlə qəbul etdiyini və yaxın zamanlarda Azərbaycan Respublikasına rəsmi səfərə gəlmək arzusunda olduğunu bildirmişdir. Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Uruqvay Respublikasının Kənd Təsərrüfatı naziri və eləcə də Xarici İşlər naziri tərəfindən də qəbul olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00