Beynəlxalq qurumlar Azərbaycandan güzəşt tələb edirlər
Komitə sədri: “Həm müstəqillik məsələsində, həm iqtisadi layihələrdə, həm də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı”...
1 May 2013 17:45 SiyasətSon zamanlar Avropa ölkələrinin deputatları, eləcə də bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı təzyiq kompaniyaları müşahidə olunmaqdadır. Bunun kökündə hansı maraqlar dayanır? Millət vəkili, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bunun kökündə bir sıra məqsədli niyyətlər durur: "Azərbaycan parlamenti nümayəndə heyətlərinin ötən müddət ərzində çoxlu uğurları olub və bu uğurlar beynəlxalq təşkilatların qərarlarında öz əksini tapıb. Lakin məsələ orasındadır ki, Avropa strukturlarının qəbul etdikləri qərarların icra mexanixmi yoxdir. Yalnız Avropa Şurasının Avropa Məhkəməsinin qərarları kimi icra mexanizmləri var. Bu gün Avropa strukturları və parlamentlərində iki narahatedici məqam güclənməyə başlayıb. Bu siyasi korrupsiya və qanunsuz lobbiçiliklə bağlıdır. Heç şübhəsiz ki, bu vasitələr nəticəsində bəzi Avropa deputatları hərəkət edirlər. Digər tərəfdən, belə hərəkətlər həmin mərkəzlərin Azərbaycana təsir vasitələrindən biridir. Yəni, biz bu cür addımlar atırıq, Azərbaycan hansısa güzəştlərə getsin. Həm müstəqillik məsələsində, həm iqtisadi layihələrdə, həm də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı. Digər məsələ ondan ibarətdir ki, müşahidə olunur ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycan paralamentində təmsil olunmayan, yaxud radikal müxalifətin fəaliyyəti hər hansı fayda vermir. Hansısa bir görüşdə, diskusiyalarda bu məsələni qaldırmırlar, heç Avropadakı siyasi partiya həmkarları da bu cəhdləri etmirlər. Yeganə Yeni Azərbaycan Partiyasının diqqətində bu məsələ həmişə saxlanılır". Komitə sədrinin sözlərinə görə, belə hallara qarşı fəaliyyət gücləndirilməlidir: "Bu iki formada həyata keçirilməlidir. Birincisi o deputatların təmsil olunduqları siyasi partiyalarla işi gücləndirməliyik. İkincisi isə Azərbaycan parlamentindəki AŞ PA və Avronest nümayəndə heyətlərinin bu məsələlərlə bağlı birgə müzakirəsinə ehtiyac var".