Müxalifətin yeni birliklərinə inamsızlıq nədən irəli gəlir?

Prezident seçkiləri yaxınlaşdığı bir müddətdə müxalifət düşərgəsində yeni-yeni birlik və təşkilatlar təsis olunur. Demokratik Qüvvələrin Məşvərət Məclisi, "Vətən" bloku kimi müxalifət birliklərinin ardından  yaradılan "El" Hərəkatı və hələlik tam reallaşmayan Milli Şura kimi qurumları da bu sıraya aid etmək olar. Zamanında bir-birinə əks mövqedə dayanan, ən adi bir məsələdə bir araya gələ bilməyən qüvvələrin indiki məqamda birləşməsi təəccüblü olduğu qədər də perspektivsiz görünür. Elə müxalifət düşərgəsində təmsil olunan əksər partiyalar da bu qənaətdədirlər. Birmənalı olaraq qeyd edilir ki, ayrı-ayrı  müxalifət partiyalarının seçkilər ərəfəsində yeni-yeni birliklər yaratması əslində bu düşərgənin diqqətinin əsas hədəfdən-seçkilərə hazırlıqdan uzaqlaşadırlmasına, eyni zamanda onsuz da gərgin olan müxalifətdaxili münasibətlərin bir qədər də pisləşməsinə xidmət edir. Son günlər ayrı-ayrı partiyalar, eləcə də yeni yaradılan qurumlarla ənənəvi müxalifət partiyaları arasında yaşanan problemlər də deyilənləri təsdiqləyir. Bəs görəsən yeni müxalifət birliklərinin perspektivsizliyinə və birləşmə adı altında yaradılan yeni təşkilatlarla problemlərin yaranmasına başlıca səbəb nə olur?

Belə ki,  müxalifət düşərgəsində yaradılan  hər yeni qurum əslində sırf köhnə simalardan təşkil olunur və köhnə təşkilatların elektoratına göz dikir. Bu isə elə həmin "yeni" qurumun da əslində köhnə müxalifətçilik prinsipləri ilə fəaliyyət göstərdiyini və göstərəcəyini büruzə verir: Həmçinin yeni yaranan qurumlar köhnə müxalifətin elektoratına göz dikməli olurlar. Bu da təbii ki, digər müxalif qüvvələrin əks reaksiyasına səbəb olur və "yeni" ilə köhnələr arasındakı ziddiyyətləri gücləndirir. Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə, əsas problem ondan ibarətdir ki, köhnə simalar yeniliyi qəbul edə bilmir, yeni siyasi texnologiyaların tətbiqindən və müasir yanaşmalardan bəzi hallarda geridə qalırlar: "İndi də siyasi arenamızda bu çatışmazlıqları çılpaqlığı ilə hiss edirik. Əgər müxalifət ölkəyə köklü dəyişikliklər gətirmək istəyirsə, öncə özü dəyişməlidir. Adlar dəyişə bilər. Cəlbedici və diqqətçəkici adlar qoyula bilər. Amma bu, heç də siyasi həyata yenilik gətirmək anlamı vermir. Müxalifət rəhbərləri və funksionerləri tutduqları postlarda karyeralarını başa vurmaqdadırlar. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətinin əsas problemlərindən biri köhnə təfəkkür tərzindən, keçmiş stereotiplərdən qurtarmaqla bağlıdır".

Əli Orucov bildirib ki, bu gün qeyri-iqtidar düşərgəsinin cəmiyyətin müzakirəsinə verə biləcəyi nə güclü komandası, nə kadrları, nə də alternativ layihələri yoxdur: "Partiyalar müasir dövrün tələblərinə uyğun olan yüksək ixtisaslı və geniş hazırlıqlı gənclərlə işləyə bilmir. Elə dəyərli və yetişərək püxtələşmiş kadrları da öz kadr potensialını gücləndirmək üçün cəlb edə bilmir. Çünki belə gənclər pozitiv düşünürlər və gələcəklərinin qarantiyası olmayan yerlərdə olmaq istəmirlər. Yaxud narazı elektoratdan kənar düşüb, böyük siyasi iddialar qoyub həmin iddialara çatmağa özünü inandırmaq utopiyadan başqa bir şey deyil".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Azərbaycan müxalifətinin yaratdığı birliklərinn uğurlu olmaması və nəticə etibarilə ideoloji mübarizəni uduzmasının bir sıra səbəbləri var: "Bu səbəblərdən biri də  həm üzdə olanların, həm də onların media təmsilçilərinin istiqaməti düzgün götürməmələri, boş bir hadisəni fövqəlbəşər hadisə kimi təqdim etmələri, ömrü boyu hakimiyyətin qullugunda durmuş tanınmış bir adamın bir kəlməsindən yapışaraq ondan dissident düzəltmələridir. Eyni zamanda müxalifətin həmin şəxsi xalq qəhrəmanına cevırmələri, onu əsas müxalif simalardan biri kimi təqdim etmələridir". Partiya sədri hesab edir ki, son zamanlar belə cəhdlər çoxalıb: "Bütün müxalifətyönlü media sanki xalq artisti Zeynəb Xanlarovanı yeni müxalif sima kimi göstərmək təşəbbüsünə girişmişdi . Zeynəb xanım da dərhal cavab verdi ki, heç kəs məni yolumdan döndərə bilməz, mən prezidentimə sədaqətliyəm.  Umumiyyətlə, 20, 30, 40 il bu hakimiyyətlə qucaq-qucaga yaşamış adamların 60-70 yaşinda birdən-birə guya mövqe dəyişmələri səmimi görünmür. Bunların demokratik qüvvələrin, müxalifətin əsas siması kimi təqdim edilməsi kökündən yanlışdır. Siyasi marketinq baxımından yanaşdıqda da bu saqqallı, amma təcrübə baxımından kal adamlara maya qoymaga dəyməz. Maya məhz gəncliyə qoyulmalıdır. Çünki biz geriyə yox, irəli getməliyik". 

Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev isə bildirib ki, müxalifətin birlik məsələsi Azərbaycanın ictimai-siyasi həyatında ən vacib məsələ olmalıdır: "Təəssüf ki, anti-azərbaycan qüvvələr və xüsusilə Azərbaycanda iqtisadi marağı olan xarici qüvvələr müxalifətin birliyinə müxtəlif yollarla mane olur. Bu maneə müxtəlif texnologiyalarla həyata keçirilir. Məsələn, hər hansı müxalifət qüvvələrini süni surətdə "şişirdirlər" və ya müxalifət qüvvələr arasında nifaq salınır. Başqa texnologiya ondan ibarətdir ki, müxalifət liderlərini Azərbaycan üçün prioritet olmayan məsələlər ətrafında məşğul edirlər. Mən bu texnologiyaların siyahısını uzada bilərəm. Bütün hallrda məqsəd ondan ibarətdir ki, müxalifət qüvvələri birləşə bilməsin".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00