Milli Məclisdən Avropa Parlamentinə etiraz
Spiker AP sədrinə məktub göndərəcək
30 Aprel 2013 17:59 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin rəhbəri Martin Şultsa müraciət edəcək. Bunu aprelin 30-da keçirilən MM-in plenar iclasında çıxışı zamanı spikerin özü bildirib. Spiker bildirib ki, müraciət erməni diasporu tərəfindən ələ alınmış Avropa Parlamentinin deputatları ilə bağlı olacaq. Çünki son zamanlar Avropa Parlamentinin bir sıra deputatları, həmçinin beynəlxalq təşkilat nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq normalara sığmayan bəyanatlarla çıxış edir, erməni təcavüzunə dəstək verirlər. Ona görə, Azərbaycana ikili standartla yanaşan beynəlxalq təşkilatlara qarşı sərt təpki göstərilməlidir: "Dağlıq Qarabağda yaradılan separatçı rejimə Kipr və Fransadan olan deputatlar gedib. Kiprli deputat bildirib ki, biz sizin sadiq nökərinizik. Biz əminik ki, öz müqəddəratını təyin etmə hüququ vacibdir. Ancaq nədənsə bu deputat sərhədlərin tanınmasına və beynəlxalq hüquqla təminat altında olan digər məsələlərə diqqət etməyib. Bu həmin deputatdır ki, 25 il əvvəl Qarabağda gedib həkim olaraq ermənilərə xidmət edib. Amma deməyib ki, bəs Azərbaycanda 10 minlərlə insan öldürülüb, qətlə yetirilib. Həmçinin Fransa parlamentinin deputatı Bayedə birbaşa Qarabağa səfər edib. Deputat öz ölkəsinin parlamentində dostluq qrupu yaradıb. Bu səfəri zamanı söyləyib ki, "dostluq qrupu yaratmaqla qarşımıza Qarabağı tanıtmaq məqsədi qoymuşuq. Bu separatçı rejimi dəstəkləmək deməkdir. Hesab edirəm ki, Milli Məclis, vətənpərvər insanlar buna münasibətini bildirməlidir". Təəssüf edirəm ki, hələ də bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətini davam etdirməkdədir və biz bir çox hallarda bu təşkilatların fəaliyyətinə qarşı zəiflik göstərmişik. Amma bundan sonra bu hallara qarşı sərt reaksiya verilməlidir və ictimaiyyətin bütün təbəqələri bu işdə aktiv fəaliyyət göstərməlidirlər. Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində cəmiyyət bir araya gəlməlidir. Biz bundan sonra belə münasibətlərə sərt təpki göstərəcəyik". Spiker, həmçinin Azərbaycan daxilindəki bəzi qüvvələrin fəaliyyətinə də toxunub: "Ermənilər milli məsələlərdə birləşərək bir nöqtəyə vururlar. Bizdə isə bəzi qüvvələr var ki, milli maraqlarımızın əksinə işləyirlər". Spiker Oqtay Əsədov dünyada yazıq erməni obrazının yaradıldığını qeyd edib: "Bütün bunların da səbəbi budur". Spikerin çıxışından sonra deputatlardan Fərəc Quliyev bildirib ki, Azərbaycan həmin deputatların təmsil etdikləri ölkələrlə münasibətlərə yenidən baxmalıdır. Deputat Əli Məsimli isə siyasi partiyaları, gənclər təşkilatlarını, millət vəkillərini və ictimaiyyəti bu işdə aktiv olmağa çağırıb və bildirib ki, onlar dövlətin apardığı siyasəti dəstəkləməlidirlər. Millət vəkili Qənirə Paşayeva parlamentdə çıxışı zamanı 6 avroparlamentarinin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə sərt etiraz bildirib. Q. Paşayeva deyib ki, Dağlıq Qarabağa qanunsuz səfər edən parlamentarilər nəinki öz əməllərindən peşman olurlar, hətta səfərlərindən sonra Avropa Şurası Parlament Assambleyasının tribunasından Azərbaycan Xarici İşlər Nazirliyinə ittiham dolu bəyanatlar səsləndirirlər: "Bir müddət öncə Fransadan olan bir parlamentari onun arzuedilməz şəxs elan olunması ilə bağlı Elmar Məmmədyarova narazılığını bildirmişdi. Biz bu məsələlərlə bağlı mövqeyimizi ortaya qoymaqdan çəkinməməliyik". Hüquq syiasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanın Avropa Parlamenti, AŞ PA-dakı deputatlarımız uğurlu qərarların qəbuluna da nail olublar: "Həm də qaçqın və məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciətləri də var. Biz işimizi gücləndirməliyik. Təbii ki, Avropa Parlamenti bu səfəri deputatların öz mövqeyi adlandıracaq. Biz həmin deputatların mənsub olduğu partiyalarla işi artırmalıyıq. Digər tərəfdən, Avropada siyasi korrupsiya və qanunsuz siyasi lobbiçilik geniş yayılır". Vitse-spiker Valeh Ələsgərov Avropa Parlamentinin Cənubi Kiprdən olan deputatının Dağlıq Qarabağa səfərinin yolverilməz olduğunu qeyd edib. O, Qarabaça səfər edən kiprli deputatı Cənubi Kiprin, ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırıb. Millət vəkili Fazil Mustafa deyib ki, Avropa Parlamenti Fransa və Şimali Kiprdən olan deputatların Dağlıq Qarabağa səfərinin Avropa Parlamentinin mövqeyini ifadə etmədiyini bəyan edib: "Ancaq sabah həmin deputatlar saxlanarsa, Avropa Parlamenti dərhal bəyanat verəcək. Digər tərəfdən, Ermənistan 2014-cü ildə Avropa Şurasında Nazirlər Kabinetinə rəhbərlik edəcək. Biz niyə bu qurumda fəaliyyəti davam etdirməliyik?" Spiker Oqtay Əsədov isə Ermənistandan sonra Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın rəhbərlik edəcəyini nəzərə çatdırıb: "Ancaq gənclər, ictimai-siyasi qüvvələr ikili standartlara münasibət bildirməlidirlər". Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, Murtuz Ələsgərovun dövründə deputat qrupunun rəhbəri kimi Şimali Kiprə səfər edib: Mən 20 ildir ki, Milli Məclisin Azərbaycan-Yunanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Şimali Kiprə səfərə görə 2 il Yunanıstan səfirliyi mənimlə danışmadı. Biz də bu məsələlərə sərt yanaşmalıyıq". Vitse-spiker Bahar Muradova avroparlamentarilərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini sərt tənqid edib: "Belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir. Həmin deputatlara üz tuturam: Sizin səfərinizdə məqsəd nədir? Siz Avropa Birliyinə daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməli, miqrantların maraqlarını qorumalı olduğunuz halda niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğurdan da sizlər ermənilər tərəfindən alınmısınız, sizə ödənişlər verilib?! Bu barədə də müzakirələr açılmalıdır. Biz diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər. Hansı tondan, ifadədən istifadə edirlərsə, biz də o tonda və o ifadə ilə cavab verməliyik. Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmir. Standartları gözləmək başımızda çatlayır. Mən əminəm ki, bu, davam edəcək. Qarşıdan prezident seçkiləri gəlir. Onlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdən əlinizi, dilinizi saxlayın. Bu, onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidir". Millət vəkili Musa Qasımlı isə konkret təkliflərlə çıxış edib: "Milli Məclis Dağlıq Qarabağa səfər edən deputatların təmsil olunduqları ölkələrin parlamentinə məkrub ünvanlamalı, XİN bu ölkələrin səfirlərinə öz etirazını çatdırmalıdır. Həmin 5 deputat və onların təmsil etdikləri ölkələrin media nümayəndələri Azərbaycana dəvət edilməlidir. Müxalifət partiyalar isə fərdi qaydada həmin deputatlara etirazlarını bildirməlidir". Sonra millət vəkilləri gündəlikdəki qanun layihələrinin müzakirəsini davam etdiriblər.
Alim