“Siyavuş Novruzov Eldəniz Quliyevdən qat-qat əqidəli, mənəviyyatlı və sözünün sahibi olan insandır”
30 Aprel 2013 17:53 SiyasətVətəndaş və İnkişaf Partiyası ilə "El" hərəkatının təmsilçiləri arasında ziddiyətlər daha da kəskinləşir. "El" hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin VİP sədrinin müavini Ramil Hüseynov haqqında dediyi son fikirlər əks tərəfdən cavabsız qalmayıb. "OLAYLAR"-a verdiyi açıqlamada VİP-in sədr müavini Ramil Hüseynov deyib ki, təmsil etdiyi partiya və onun rəhbərliyinə qarşı şər-böhtan səsləndirənlər hər zaman yerlərində oturdulacaq: "Eldəniz Quliyev bu cavabı ilə onun haqqında dediyim sözlərin tam hədəfə dəydiyini sübut etdi. Eyni zamanda, həmin açıqlamadakı söyüşün də ünvanını cəmiyyətə göstərmiş oldu. Onun artıq danışmağa sözü qalmayıb və indi də siyasi təqlidçiliyə başlayaraq, məni Siyavuş Novruzova bənzədib. Siyasi mövqeyimiz və dünyagörüşləmiz kəskin fərqlənsə də, obyektivlik naminə deməliyəm ki, Siyavuş Novruzov həmin Eldəniz Quliyevdən qat-qat əqidəli, mənəviyyatlı və sözünün sahibi olan insandır. Siyavuş Novruzov neçə illərdir, eyni əqidənin, simanın sahibidir. Eldəniz Quliyev isə qayıdıb özünə, keçdiyi yola baxsın, görsün özü kimə və ya nəyə bənzəyir, sonra başqaları haqqında danışsın. Mən aramızdakı böyük yaş fərqini nəzərə alıb, bu polemikanın etik normalardan kənara çıxmasını istəmirəm. Amma o da bilməlidir ki, yaşının bu vaxtında kimlərəsə böhtan atmaq olmaz. Yaş-baş məsələsinə gəldikdə isə başından böyük danışanların cavabı həmişə veriləcək".