“Azərbaycan-Gürcüstan-Ermənistan azad iqtisadi bölgəsi yarana bilər”

Elxan Şahinoğlu: “Türkiyənin Ağ Ev qarşısına qoyduğu əsas şərt budur ki, ən azından Ermənistan Dağlıq Qarabağdan öz hərbi birləşmələrini çıxarsın”

"Türkiyənin Cənubi Qafqaz və bütün Avrasiyada siyasi çəkisi artır. 90 illik müstəqillik tarixi dövründə Türkiyə heç vaxt bu qədər güclü olmayıb. İqtisadi əsasları ilə yanaşı Türkiyə Cümhuriyyəti güclü siyasi potensiala malikdir. Tam şəkildə demək olar ki, beynəlxalq siyasi qütblər regionda apardıqları siyasətə görə ilk əvvəl Türkiyə ilə hesablaşırlar!" "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu aprelin 30-da "Türkiyənin Cənubi Qafqazda rolunun artması" adlı siyasi sənədinin təqdimatında belə deyib. E.Şahinoğlu hesab edir ki, rəsmi Ankara Cənubi Qafqazda həm Gürcüstan, həm də Azərbaycanla tarazlaşdırılmış siyasət aparır: "Azərbaycan və Türkiyə arasında olan iqtisadi əlaqələrin maddi vəsait dövriyyəsinin yaxın müddətə 10 milyard dollara çatdırılması planlaşdırılır. Türkiyə digər tərəfdən Rusiya ilə də kifayət qədər isti münasibətlərə malikdir. Bu gün Rusiyanın rəsmi Ankara ilə toqquşduracaq hər hansı bir problemi yoxdur. Lakin Türkiyə bütün siyasi ağırlığını Cənubi Qafqaza salsa münasibətlər Kremllə toqquşmayadək inkişaf edə bilər. Türkiyə isə çalışır ki, ikitərəfli münasibətləri pozmamaq şərtilə Rusiyanın Cənubi Qafqazdakı siyasi çəkisini bir qədər yüngülləşdirsin. Buna görə də rəsmi Ankara regionda Rusiya ilə maraqlarını tarazlaşdırmağa çalışır. Türkiyə PKK-nin daxildəki terror planlarının qarşısını almaq üçün külli-miqdarda maddi vəsaitlər xərclədi. Lakin indiki məqamda ölkənin müəyyən hissəsi terror qruplaşmalarından təmizlənib və Türkiyə terrordan yaxa qurtarmaq üzrədir. Bu isə imkan verir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərinə diqqəti artırsın. Barak Obamanın da Türkiyəyə xüsusi əhəmiyyət verməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılmış uğurlu addım kimi qiymətləndirmək olar. Amerika bu gün konkret olaraq Ermənistan-Türkiyə əlaqələrinin nizamlanmasını istəyir. Türkiyənin Ağ Ev qarşısına qoyduğu əsas şərt budur ki, ən azından Ermənistan Dağlıq Qarabağdan öz hərbi birləşmələrini çıxarsın. Belə olacağı təqdirdə Ermənistan-Türkiyə əlaqələrində yaxşıya doğru nəticə əldə etmək mümkün olacaq. Erməni ordusunun Dağlıq Qarabağdan çıxarılmasından əsas qazancı sözsüz ki, Ermənistan əldə edəcək. Belə olan təqdirdə Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Ermənistan azad iqtisadi bölgə yarana bilər. Azərbaycan və Türkiyə kapitalının Ermənistana ayaq açması erməni dövlətinin gələcəkdəki varlığı üçün stimul olacaq. Türkiyə digər tərəfdən Rusiyanın Cənubi Qafqazdakı maraqlarını da nəzərə alır. Rəsmi Ankara ilk növbədə Rusiya ilə razılığa gəlmək niyyətindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00