“Bəzi müxalifət liderləri seçkidəki məğlubiyyətin məsuliyyətindən qorxurlar” - AÇIQLAMA
Sərdar Cəlaloğlu: “Çox maraqlıdır ki, bu günədək müxalifətin birliyini istəməyən, onu hökumətin sifarişi adlandıran insanlar nədənsə ciddi-cəhdlə birləşmənin tərəfdarı kimi çıxış edirlər”
30 Aprel 2013 14:22 Siyasət"Müxalifətin birliyinə ehtiyac var. Bəzi qüvvələr bu istiqamətdə fəaliyyət göstərsə də, hələlik bir şeyə nail olmaq mümkün deyil. Danışıqlar məhdud çərçivədə gedirsə, bu birlik heç bir effekt verməyəcək. Çünki demokratikləşmə üçün həmin qüvvələrin məhdud çərçivəsi böyük iş görə bilməz". Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamasında belə deyib. Müxalifətin birləşməsi üçün qalan vaxtının məhdud olduğunu deyən ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, birləşmə olacağı təqdirdə də müxalifət xalqın gözləntilərini yerinə yetirə bilməyəcək: "Çünki, seçkilərə o qədər az müddət qalıb ki, ümumiyyətlə müxalifətin bu zaman ərzində birləşməsinin özü ağlabatan dəyil. Birləşsə belə sosial bazanın yaradılması, beynəlxalq dəstəyin qazanılması, müəyyən resurslarla təmin olunmasına vaxt qalmayacaq. Çox maraqlıdır ki, bu günədək müxalifətin birliyini istəməyən, onu hökumətin sifarişi adlandıran insanlar nədənsə ciddi-cəhdlə birləşmənin tərəfdarı kimi çıxış edirlər. Seçkidəki məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün indi onlar bu cür danışmağa məcbur olurlar. Bu da bir siyasi oyundur, faktiki olaraq müxalifət birləşmək şansını əldən buraxıb. Bəzi siyasi partiyaların fərdi maraqları imkan vermədi ki, müxalifət vahid platformada birləşsin. Seçkilərə çox az müddət qalıb, həmin müddət ərzində müxalifət birləşsə belə ciddi iş görə bilməyəcək". ("OLAYLAR" İA)