Milli Şura ideyası ilə AXCP-Müsavat gərginliyinin yaranmasında nə əlaqə var? - AÇIQLAMA
Mübariz Göyüşlü: “Milli Şura müəyyən mənada AXCP-nin maraqlarını təmin etdiyi halda Müsavatı razı salmır”
29 Aprel 2013 16:49 Siyasət"Müxalif qüvvələr tərəfindən yaradılması planlaşdırılan Milli Şura, AXCP-Müsavat birliyi olan İctimai Palata və bundan sonra ortaya atılacaq birlik ideyaları özünü doğrultmayacaq. Müxalifətin Milli Şura adı altında birləşməsi evcik-evcik oyununa bənzəyir!" Siyasi ekspert Mübariz Göyüşlü "OLAYLAR"a açıqlamasında belə deyib. M.Göyüşlünün sözlərinə görə indiki məqamda müxalifət nəticə əldə etmək istəyirsə daha ciddi işlərlə məşğul olmalıdır: "Müxalifət partiyaları bu gün birləşirlər, sabah yenidən parçalanır və tamam başqa-başqa birliklərdə təmsil olunurlar. Belə vəziyyətdə müxaliflər bir-birlərinə düşmənçilik münasibəti sərgiləyirlər. Ona görə də müxalifətin müəyyən birlik daxilində bir araya gələ bilməməsi xalq tərəfindən bəyənilmir və süni təsir bağışlayır. Sırf bu ənənəyə görə müxalifət 20 ildir ki, heç bir nəticə əldə edə bilmir. Tarixən də məlumdur ki, müxalifət tərəfindən yaradılan bütün birliklər qısa zaman kəsiyindən sonra dağılıb. Milli Şuranın yaradılmasından sonra AXCP-Müsavat gərginliyinin ortaya çıxması həmin pis ənənənin nəticəsidir. Məsələdən belə məlum olur ki, Milli Şura müəyyən mənada AXCP-ın maraqlarını təmin etdiyi halda Müsavatı razı salmır. Müxalifətin Azərbaycan siyasətində sərgilədiyi oyunun son nəticələri onu göstərir ki, nə indiki Milli Şuranın, nə də ki, ondan sonra yaradılacaq birliklərin heç biri istədiklərinə nail olmayacaq". ("OLAYLAR" İA)