Milli Şura ideyası təhlükədə - SİYASİ ANALİZ
Köhnə müxalifət qurumun yaranmasına qarşı çıxır
29 Aprel 2013 15:45 SiyasətKinodramaturq Rüstəm İbrahimbəyovun təklif etdiyi müxalifətin böyük birliyi- Milli Şura yaranmaya bilər. İdeya müəllifinin düzgün siyasət aparmaması, yanlış bəyanatlar verməsi işləri korlayıb. İbrahimbəyovun adamları qurumun kinodramaturq tərəfindən yaradıldığını, yeni qüvvələrin cəlb ediləcəyini, islamçılarla ilişgilərin sıxlaşacağını bəyan etmiş mətbuata bilrərəkdən "İbrahimbəyovun Şuraya lider və müxalifətin vahid namizədi olacağını" sızdırmışdılar. Bu məsələ müxalifəti narazı salıb. Müsavat başqanının bir zamanlar "Rusiyaya işləyən qüvvə" adlandırıb müxalifətdən dışladığı Liberal Partiyanın proseslərə dəvət edilməsi də yaxşı qarşılanmayıb. İndi Müsavat fakt qarşısında qalıb: partiya Avropaya inteqrasiya kursunun tərəfindədir, amma Müsavatı Rusiyaya bağlılığı şübhə doğurmayan qüvvələrlə əməkdaşlığa sövq edirlər. Milli Şuranın fəalları, Milyarderlər İttifaqı, o cümlədən Rüstəm müəllimin özü ilə bağlı Rusiyameylli şəxs reputasiyası var. Amma İbrahimbəyov bunu hər vəchlə təkzib etməyə çalışır. Ancaq ALP-ni "Rusiya meylli partiya" kimi Müsavatın özü təqdim edib. Müsavat başqanı İsa Qəmbər "Rusiyameylli partiya" ittihamına, "hakimiyyətə işləyən partiyalar" ittihamını da əlavə edib. Ad çəkməsə də, başqanın AVİP, VHP kimi partiyaları, qismən də ADP-ni nəzərdə tutduğu aydındır. Başqanın bu taktikası İbrahimbəyovun birləşdirici missiyasının üstündən xətt çəkir. Təkcə, İsa Qəmbər deyil, ümumiyyətlə, Müsavat Partiyası rəsmilərinin bütün açıqlama və bəyanatları İbrahimbəyovun apardığı siyasətə daban-dabana ziddir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata müsahibəsində səsləndirdiyi fikirlər birlik ideyasına zərbə vurur. Arif bəy deyib ki, "birlik çağırışı mövzusu Azərbaycanda ənənəyə çevrilmiş bir mövzudur. Ölkədə siyasətlə məşğul olan, xüsusilə ciddi siyasi iddiaları olan hər kəs zaman-zaman birlik çağırışı irəli sürüb. Mən Məhəmməd Əmin Rəsulzadənin yubileyində, onun Novxanıda olan abidəsi qarşısında çıxış edərkən bir dəfə demişdim ki, hər kəs əlinə bir bayraq götürüb kənara çəkilir və sonra ilk olaraq hamının bir arada olması şüarı ilə çıxış edir. Kim bir araya gəlmək istəyirsə və onun həqiqi məqsədi birlikdirsə, onlar elə bir aradadır". Onun bu fikirləri aktiv siyasətdən kənara çəkilib seçki ilində ortaya çıxan ALP liderinə aiddir. Arif Hacılının Müsavat başqanının vahid namizəd olaraq qabartması isə lap yersiz görünür. "İsa Qəmbərin ətrafında elə adamlar var ki, onlar da hərəsi əlinə bir bayraq götürüb istəsələr partiya, hərəkat, yaxud daha gurultulu səslənən qurumlar elan edə bilərlər" fikri heç İctimai Palatada qəbul olunmur. O ki olay yeni qüvvələr tərəfindən qəbul edilə. Müsavatın mövqeyi birlik anlayışına uyğun gəlmir. Açıqca görünür ki, bu partiya yeni qüvvələrin ortaya çıxmasından əndişə keçirir. İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyünün nəzarətində olan qüvvələr bu ilki seçkilərdə sonadək İsa Qəmbərlə birlikdə iştirak etmək, qarşıdakı parlament seçkilərinə ana müxalifət statusunda qatılmaq niyyətindədir. ADP lideri Sərdar Cəlaloğlu da El hərəkatının timsalında yeni qüvvələrin birliyinə qarşı çıxıb. Onun da fikirləri təxminən eyni tezislər üzərində qurulub. "Biz meydanlarda əziyyət çəkəndə bunlar harda idi", "biz 20 ildi demokratiya uğrunda türmələrə düşdük, seçkilərə qatılmdıq, itki verdik, onda bunlar başqa düşərgədə idi" və s. Ənənəvi müxalifət hardasa haqlı görünə bilər. Amma müxalifətin dəyişməsi labüddür. Köhnə müxalifət kortəbii şəkildə, israrla birliyin yaranmasına mane olarsa, o zaman birlik onların iştirakı olmadan yaranacaq. Ənənəvi müxalifət kənarda qalacaq.
Ərhun