“İsa Qəmbər Milli Şuranın xarici dövlətlərin ideyası olmasından şübhələnir” - AÇIQLAMA
Elxan Şahinoğlu: “20 ildən çoxdur ki, müxalifət liderləri hər hansı bir məsələdə eyni hədəfə vura bilmirlər, bu baxımdan Müsavatın Milli Şuradan imtina etməsi eyni ənənənin təkrarıdır”
29 Aprel 2013 14:05 Siyasət"Rüstəm İbrahimbəyovun Milli Şura ideyasının tətbiq olunmasının vaxtı həddindən çox uzadıldı. Artıq bir neçə aydır ki, hələlik təklif kimi irəli sürülən Milli Şura ideyası mətbuatın gündəmidir, lakin onun yaradılıb ortalığa çıxarılması üçün konkret addımlar atılmır!" Politoloq Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlunun sözlərinə görə 20 ildən çoxdur ki, müxalifətin tək birlik altında birləşməsi ideyası fiaskoya uğrayır: "Müxalifətin ən güclü birliyi, monolit qurumu guya ki İctimai Palatadır. İP də AXCP və Müsavatın vahid namizəd məsələsində ortaq məxrəcə gəlməməsindən sonra faktiki olaraq öz funksiyasını itirib. Müsavat Partiyası öz namizədini irəli sürüb və bu fakt konkret olaraq İP-in bütün səylərini arxa plana itələyir. Milli Şura isə İctimai Palatadan fərqli olaraq müxalifətin bütün siyasi qütblərini özündə cəm etmək istəyir. 20 ildən çoxdur ki, müxalifət liderləri hər hansı bir məsələdə eyni hədəfə vura bilmir. Bu baxımdan Müsavatın Milli Şuradan imtina etməsi eyni ənənənin təkrarıdır. İsa Qəmbərin özü də mətbuata verdiyi müsahibəsində Milli Şura barədə verilən suala dolayısı yolla bildirdi ki, Müsavat Milli Şuranın fəaliyyətindən və məqsədlərindən şübhələnir. İsa Qəmbər həmçinin Milli Şuranın xarici dövlətlərin Azərbaycana ötürdükləri ideya olduğuna da işarə vurdu. Bu faktiki onu göstərdi ki, Müsavat Milli Şuranın yaranmasına o qədər də ciddi yanaşmır. Seçkilərə az vaxt qalıb, bundan sonra Milli Şura yaransa belə çox güman ki, Müsavat Partiyası həmin birlikdə iştirak etməyəcək". ("OLAYLAR" İA)